Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan xanlığı İqtisadiyyatı

Naxçıvan xanlığının iqtisadiyyatı üçün natural təsərrüfat xüsusilə xarakterik idi. Başqa Azərbaycan xanlıqlarında olduğu kimi burada da həlledici amil feodal istehsal üsulu idi. Naxçıvan xanlığında iqtisadiyyatın əsasını heyvandarlıq və əkinçilik təşkil edirdi; əsas istehsal vasitəsi torpaq idi. Şərqin müsəlman ölkələrində olduğu kimi, Azərbaycan xanlıqlarında da beş növ torpaq mülkiyyəti mövcud idi:

Dövlət (xəzinə) torpaqları.
Xan ailəsinə məxsus torpaq sahələri (Xalisə)
Ayrı-ayrı feodallara – mülkədarlara məxsus torpaq sahələri (Mülk torpaqları)
Məscidlərin, pirlərin və bu kimi dini ocaqların ixtiyarında olan torpaqlar (Vəqf torpaqları)
Kənd icmasına məxsus torpaq sahələri (Camaat torpağı)
Dağ kəndlərində yaşayan əhalinin əsas məşğuliyyəti maldarlıq idi. Düzən yerlərdə isə maldarlıq əhalinin ikinci məşğuliyyəti hesab olunurdu. Naxçıvan xanlığında feodal təsərrüfatının iki müxtəlif iqtisadi forması – oturaq əkinçilik və yarımköçəri maldarlıq səciyyəvi idi, bu da kəndlilərdən çoxlu vergilərin alınmasına gətirib çıxarırdı. Kəndlilərdən alınan vergilərin sayı və miqdarı müxtəlif idi. Vergilərin müxtəlifliyi, ilk növbədə, iqlim şəraitindən və tez-tez baş verən feodal ara müharibələrinin vurduğu zərərdən asılı idi. XVIII əsrin ikinci yarısında Azərbaycanın bütün xanlıqları çox ağır siyasi şəraitlə qarşılaşırdılar. Tez – tez baş verən hərbi yürüşlər, saray çevrilişləri kəndli təsərrüfatına da ağır zərbə endirirdi. Rəiyyətlər kənd icması tərəfindən ayrılmış torpağı becərir və əldə etdiyi məhsulun onda birindən beşə bir hissəsinə qədərinə ona verməyə məcbur olurdular. Rəiyyətlər nəinki torpaqların becərilməsi ilə məşğul olur, həm də feodal torpaqlarında bir sıra tikintilərdə işləyirdilər. Rəiyyət feodaldan aldığı əmək alətlər, toxum və s. üçün də əldə etdiyi məhsulun müəyyən hissəsini ona verməyə məcbur olurdu. Kəndlilərə hüquqi cəhətdən becərdikləri feodal torpaqlarını atıb başqa yerlərə getməyə icazə verilirdi. Lakin təcrübədə çox nadir hallarda bu cür köçmələr baş tuturdu. Belə hallar bir sıra çətinliklərlə qarşılaşırdı ki, bu da rəiyyətlərin könüllü şəkildə köçməklərinə imkan vermişdi; köçməzdən əvvəl rəiyyət öhdəsinə düşən bütün işlərin başa çatmasını gözləməli, torpaqla bağlı bütün mükəlləfiyyətlər yerinə yetirməli, başqa bir yerə köçəcəyi barədə əvvəlcədən feodala xəbər verməli, öz borclarını və vergiləri vaxtında ödəməli idi.


Tarix: 12.01.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: Azərbaycan xanlıqları
loading...