beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qiyasəddin Qeybullayev - Elmi fəaliyyəti və elmi araşdırmaları

1966-cı ildə "Azərbaycanlılarda müasir ailə məişəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Sonrakı illərdə o, bu mövzu üzrə araşdırmalarını davam etdirmiş, "Azərbaycanlılarda ailə və nigah. Tarixi etnoqrafik tədqiqat. XIX əsr və XX əsrin əvvəlləri " mövzusunda doktorluq dissertasiyasını yazmışdır. Ali Attestasiya Komissiyası çoxsaylı monoqrafiyalarına görə müdafiə etmədən 1995-ci ildə Q. Qeybullayevə tarix elmləri doktoru elmi dərəcəsini vermişdir. Deməli, Qiyasəddin müəllim Azərbaycan etnoqrafiyasında Ailə məişəti sahəsi üzrə respublikada yeganə tədqiqatçıdır. Q. Qeybullayev 1960-cı illərdə Azərbaycan toponomiyasının tədqiqinə başlamış, məhz alim ilk dəfə Azərbaycanın coğrafi adlarında müxtəlif tarixi dövrlərdə Azərbaycanda yaşamış çoxlu türk tayfalarının adlarını, hazırda dilimizdə qalmamış çoxlu qədim türk sözləri aşkarlanmışdir. Onun rus dilində yazdığı "Azərbaycanın toponomiyası" adlı əsəri SSRİ Elmlər Akademiyasının Etnoqrafiya, Coğrafiya və Dilçilik institutlarında 1982-1983-cü illərdə müzakirə edilib bəyənilmiş, 1986-cı ildə Bakida çap olunmuşdur. Alimin elmi yaradıcılığında Azərbaycan xaıqının mənşəyi problemi mühim yer tutur. Azərbaycan tarixşünasliğında hakim baxışa görə XI-XII əsrlərə qədər azərbaycanlıların ulu əcdadları cənubda irandilli, şimalda Dağıstandilli idi. Həmin əsrlərdə gəlmiş oğuzlar bu xalqları assimilə etmiş, özlərini türkləşdirmiş, nəticədə Azərbaycan xalqı və Azərbaycan dili yaranmişdır. Q.Ə.Qeybullayev bu baxışın tamamilə əksinə yeni baxış irəli sürmüş, onun əsaslandırılmasına 4 monoqrafiya "Azərbaycanlıların etnogenezinə dair" (1991), "Qədim türklər və Ermənistan" (1992), "Azərbaycanlıların etnik tarixinə dair" (1994), "Azərbaycan türklərinin təşəkkülü tarixindən" (1994) həsr etmişdir. Onun baxışı 3 qrup fakta əsaslanır: 1) e.ə I minillikdə və eramızın I minilliyində həm cənubda, həm də şimalda qədim mənbələrdə çəkilmiş yer adlarının türkcə olması; 2) həmin qədim yer və şəxs adlarında Azərbaycan dilində və onun dialektlərində saxlanmamış çoxlu qədim türk sözlərinin əksini tapması; 3) V-XI əsrlərə aid erməni və gürcü mənbələrində çoxlu miqdarda türk sözlərinin olması. Onun bu konsepsiyası Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin çap etdirdikləri "Azərbaycan tarixi" dərsliklərində əksini tapmışdır. Q.Ə.Qeybullayev Ermənistan azərbaycanlılarının etnik tarixinə və onların deportasiyasına dair tədqiqat aparmış, iri həcmli "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti"ni çap etdirmişdir (akademik Budaq Budaqovla birlikdə). Əsərin birinci hissəsində Azərbaycan xalqının mənşəyi haqqında yeni baxışın xeyrinə yeni faktlar gətirilmişdir. 2002-ci ildə B.Ə.Budaqovla həmmüəllif olduğu "Gürcüstanda türkmənşəli toponimlərin izahlı lüğəti" çap olunub.


Tarix: 11.02.2015 / 13:27 Müəllif: Feriska Baxılıb: 142 Bölmə: Azərbaycan tarixçiləri