beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbriz Coğrafiyası

Şəhər qırmızı rəngli torpağa sahib olan Eynal-Zeynal (Aynalı) və yaxud Surxab yüksəkliyinin Cənubunda yerləşir. Bu ovalığın səviyyəsi Urmiya gölünün Şimal-Şərq bucağına tərəf getdikcə azalır. Eynal-Zeynal yüksəkliyi dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşməklə bərabər, şəhərin Şimal-Qərbindən başlayaraq Qaradağ silsiləsini Səhənd dağı ilə birləşdirir. Şəhərin Cənubunda dəniz səviyyəsindən 3547 m hündürlüyə malik olub, zirvəsi daim qarla örtülü olan Səhənd dağı ilə şəhər arasında təxminən 50 km məsafə var. Bu dağ qədim Assur mənblərində Uauş dağı adlandırılır. Dağın şimalında və şəhərin cənubunda yerləşən Yanıq adlanan təpələr, dəniz səviyyəsindən 500-600 m hündürdə yerləşir. Şərq tərəfdən şəhəri çox yüksək olmayan Sarı dağ (farslar bu dağı Zərdüguh adlandırır) əhatə edir. Şəhərin ərazisi dəniz səviyyəsindən 1350-1500 mm-ə qədər yeksəklikdə yerləşir. Beləliklə Təbriz şəhərinin ətrafında olan dağlar onu üzük qaşı kimi əhatə etmişdir.

Şəhər və onun ətrafının əlverişli təbii-coğrafi şəraiti, orada insan məskənlərinin hələ qədim dövrlərdən yaranmasına səbəb olmuşdur. Təbriz şəhəri və onun ətrafında olan əkin sahələri, habelə bağlar su ehtiyyatı az olan kiçik dağ çayları və arxlar vasitəsiylə suvarılır.

Lakin elə çaylar da vardır ki, onlardan yalnız ilin müəyyən dövrlərində istifadə etmək olur. Qalan dövrlərdə isə suyun tərkibində duz məhlulları çox olduğundan suvarılma işi çətinləşir. Belə çaylardan biri də Acıçay çayıdır. Bu çay Savalan dağının Şərq ətəklərindən başlanğıcını alaraq, Sərab mahalını suvardıqdan sonra Xanımrud mahalında İskəndərçayla birləşir və Təbriz şəhərinin Şimalından keçir. Acıçay Mayan, Axola, Baranlı, Satınlı və Şora kəndlərinin ərazisindən keçərək Urmiya gölünə tökülür.

Orta əsr müəllifi Həmdullah Qəzviniyə görə vaxtilə Təbriz şəhərinin ətrafında 600-ə qədər kəhriz mövcud olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycanda kəhriz suvarma sisteminin tarixi çox qədimdir. Təbriz ərazisi kontinental əraziyə malikdir. Burada qışda tempratur -28, yayda isə +25/30 dərəcə olur.


Tarix: 08.01.2015 / 18:09 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Azərbaycan paytaxtları