beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan Mədəniyyəti Memarlıq

Naxçıvan şəhəri antik və orta əsrlərdə istehkamlı müdafiə sisteminə və qiymətli memarlıq abidələrinə malik şəhər olmuşdur. Azərbaycan Atabəyləri dövlətinin paytaxtı olduqdan sonra Naxçıvan Azərbaycanın siyasi, iqtisadi, mədəni və sənətkarlq mərkəzinə çevirildi, möhtəşəm memarlıq abidələri və əzəmətli ansambllarla zənginləşən şəhərin ərazisi Araz çayına kimi genişləndi.

Araz üzərindən salınmış körpü Naxçıvanın beynəlxalq ticarət yolları – Uzaq və Yaxın Şərq ölkələrini Avropa ilə birləşdirən Böyük İpək yolu ilə bağlayırdı. Memar Əcəmi Naxçıvaninin başçılığı ilə Mömünə Xatun türbəsinin yerləşdiyi ərazidə Atabəylər Memarlıq Kompleksi yaradılmışdı. Kompleksə Atabəylər sarayı, Cümə məscidi, mədrəsə, dövlətxana, Mömünə Xatun türbəsi, qoşa minarəli baştağ və sair abidələr daxil idi.

Şəhərdə 3 – 4 mərtəbəli yaşayış evləri, əsilzadə sarayları, çoxlu məscid, dini ziyarətgahlar, zəngin tərtibatlı hamamlar və sair ictimai binalar olmuşdur ki, onların da bir qismi dövrümüzə çatmışdır. Naxçıvanın xatirə abidələrindən İmamzadə türbəsi, Yusif Küseyir oğlu türbəsi , buzxana (XIV əsr) dövrümüzədək qalmışdır. Səfəvi–Osmanlı müharibələri dövründə dəfələrlə dağıdılmasına baxmayaraq, Naxçıvan XVIII əsrədək qiymətli memarlıq abidələri ilə zəngin idi. Türk tarixçi – səyyahı Övliya Çələbinin məlimatına görə, XVII əsrdə Naxçıvanda 10200 “örtülü böyük ev”, 40 məscid, 20 karvansara, 7 hamam və bazarlar olmuşdur.

Son illər Naxçıvan şəhərindəki memarlıq abidələrinin bir qismi – Mömünə Xatun türbəsi, İmamzadə türbəsi, Zaviyyə məscidi, Cümə məscidi, İsmayıl xan hamamları (XVIII – XIX əsrlərə aid iki hamam), Naxçıvan xan sarayı və onlarla tarixi binalar bərpa edilərək əvvəlki görkəminə qaytarılmışdır. Naxçıvan şəhəri baş plana əsasən genişləndirilmiş, boş sahələrdə yeni yaşayış massivləri salınmış və yenidənqurma işləri aparılmışdır.


Tarix: 08.01.2015 / 16:36 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Azərbaycan paytaxtları