beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baxşeyiş Paşayev

Həyatı
Baxşeyiş Paşayev 1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində doğulmuşdur. Burada məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1988-ci illərdə Qarabağda vəziyyət pisləşəndən, Əli və Bəxtiyar qətlə yetiriləndən sonra Baxşeyiş xalq hərəkatına qoşulmuşdur.

Döyüşlərdə iştirakı
Daha sonra həyatını cəbhə ilə bağlayan Baxşeyiş döyüşçülərə silah sursat çatdırmış, dinc sakinlərin təhlükəsizliyi üçün həyatı bahasına risklər etmişdir. Baxşeyiş "Qarabağ Müdafiə Şahinləri" dəstəsinin ən fəal üzvlərindən biri olmuşdur. Xramort kəndinin erməni təcavüzkarlarından təmizlənməsində xüsusi fərqlənmişdir. "Ağsaqqal" ləqəbi ilə tanınan Baxşeyiş peşəkar atıcı olduğundan quldurların xeyli canlı qüvvəsini məhv etmişdir. Dəfələrlə Xanabad, Naxçıvanlı, Aranzəmin kəndlərinə kəşfiyyata getmişdir. 1992-ci il Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas etmişdir. 1992-ci il iyul ayının 12-də erməni işğalçıları Xanabad kəndinə böyük qüvvə ilə hücuma keçmişlər. Əks hücumla döyüşçülərimiz başda Baxşeyiş Paşayev olmaqla düşmənin 7 postunu ələ keçirmiş, amma qəfil atılan düşmən gülləsi Vətnimizin bu cəsur övladının həyatına son qoymuşdur. O, döyüş meydanında qəhrəmancasına həlak olmuşdur.

Ailəsi
Ailəli idi, doqquz övladı var.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.

Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.


Tarix: 23.01.2015 / 19:11 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Azərbaycanın müharibələri‎