beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əşrəf Yusifzadə

Əşrəf Yusifzadə. Aktyor.

Həyatı

Romantik aktyor məktəbinin qabil sənətkarlarından olub. Realist səpkili tamaşalarda da romantik monumentalizmə meyil göstərib. Coşğun səhnə ehtirası, daxili temperamenti, gur səsi, qaynar psixoloji aləmi, pafoslu danışıq ahəngi kiassik faciə obrazlarının və çağdaş romantik duyğulu xarakterlərin səhnə təcəssümündə daha qabarıq nəzərə çarpıb. Qəhrəman surətlərdə qazandığı nailiyyətlərlə yanaşı, mürəkəb psixoloji personajları da məharətlə oynaya bilib. Daxili aktyorluq harınoniyasını plastik hərəkətlərdə ustalıqla təcəssüm etdirməyi bacarıb. Zəngin mimika ifa vasitələri mənimsəmişdi. Romantizmi və emosionallığı həssaslıqla öz oyununda çuğlaşdırırdı. Yaradıcılığının ən parlaq mərhələsi Gəncə Dövlət Dram Teatrı ilə bağlı olan Əşrəf Əmrah oğlu Yusifzadə 5 dekabr 1906-cı ildə Şərur rayonunun Sərxanlı kəndində doğulub. On dörd yaşma kimi kənddə yaşayıb. Şərurdakı birinci dərəcəli məktəbdə oxuyub (1921 - 1925). Ədəbiyyata, dramaturgiyaya coşğun həvəs göstərən Əşrəf məktəbdəki dram dərnəyinin fəallarından olub. Beşillik təhsilini uğurla başa vuraraq müəllimlərinin tövsiyəsi ilə İrəvana gəlib. Burada iyirminci illərdə bütün SSRİ-də dəbdə olan "Rabfaka" (fəhlə fakültəsinə) daxil olub. Təhsilinə davamiyyətli şəkildə yiyələnən Əşrəf Yusifzadə eyni zamanda İrəvanda Azərbaycan teatrının canlı klassiklərindən olan Yunis Nurinin dram dərnəyinə gedib. Burada epizodik rollar oynayıb, kütləvi səhnələrdə iştirak edib. Fəhlə fakültəsini iki ilə başa vuran Əşrəf Yusifzadə Yunis Nurinin zəmanəti ilə İrəvandam Azərbaycan teatr dəstəsinin aktyor heyətinə qəbul olunub. 1928-ci ildə bu kollektivin əsasında İrəvan Dövlət Azərbaycan Dram Teatrı yaranıb və kollektiv Jan Batist Molyerin "Zorən təbib" komediyası ilə fəaliyyətə başlayıb. Aktyor bu tamaşada nökər rolunu ifa edib. Əşrəf Yusifzadə dram truppasında və Dövlət Teatrında hazırlanmış Cəfər Cabbarlının "Aydın" (Dövlət bəy), Qabriel Sundukyanın "Pepo" (Pepo) əsərlərinin tamaşalarında əsas rollarda oynayıb. 1930-cu ildə Əşrəf Yusifzadə teatr sənətindən ayrılaraq Bakıya ali təhsil almağa gəlib. Burada Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olub. Məşhur aktyor Rza Təhmasiblə, şair-dramaturq Hüseyn Cavidlə dostluğu onu yenidən teatr sənətinə bağlayıb. 1932-ci ilin oktyabrında Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Kollektivlə birgə 1933-cü ildə Gəncəyə gəlib və ömrünün sonun qədər Gəncə Dövlət Dram Teatrında aktyorluq edib. 1936-cı ildən müstəqil binada fəaliyyət göstərən Gəncə DDT-nin repertuarının əsas ağırlığını cəsarətlə çəkən, demək olar, bütün qəhrəman və əsas rolları oynayan barınaqla sayılacaq aparıcı aktyorlardan biri də Əşrəf Yusifzadə idi. O, Gəncə tamaşaçılarının rəğbət və məhəbbətini, ehtiram və hörmətini qazanmışdı, kollektivin populyar aktyoru kimi sevilirdi. Teatrda tamaşalar hazırlamış rejissorlardan Həbib İsmayılovun, Mehdi Məmmədovun, Həsən Ağayevin, Yusif Yulduzun, Hüseyn Sultanovun, Tofiq Kazımovun, Nəsir Sadıqzadənin, Yusif Bağırovun, Vaqif Şərifovun, Əşrəf Quliyevin bədii cəhətdən daha kamil quruluşlarında əsas rolları Əşrəf Yusifzadə ifa etmişdir. Məşhur aktyorun zəngin və əlvan yaradıcılıq xəzinəsinin aydın və parlaq mənzərəsi belədir: Mirzə Rəhim ("Özgə uşaqları", Vasili Şkvarkin), Balarza, Atakişi, Mirzə Rza, Aqşin, Generalqubernator, Dövlət bəy ("Almaz", "Sevil", "Nəsrəddin şah", "Od gəlini", "1905-ci ildə" və "Aydın", Cəfər Cabbarlı), Məktəb naçalniki ("Üzləşdirmə", Tur qardaşları və Lev Şeynin), Frans Moor ("Qaçaqlar", Fridrix Şiller), Vaqif və Qacar, Xosrov ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Dəmirçi Musa, Mirzə Qərənfil, Gülümov, Qasım ("Toy", "Xoşbəxtlər", "Aşnalar" və "Nişanlı qız", Sabit Rəhman), Yaqo ("Otello", Uilyam Şekspir), Veysəl və Qaya ("Bahar", Məmmədhüseyn Təhmasib), Hacı Fərəc ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Nizami ("Nizami", Mehdi Hüseyn), Tofiq ("İntizar", İlyas Əfəndiyev və Mehdi Hüseyn), Əhmədi Biqəm, Məşədi Hüseyn ("Məhəbbət" və "Həyat", Mirzə İbrahimov), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Xosrov Atayev, Nəcəf ("Atayevlər ailəsi" və "Bahar suları", İlyas Əfəndiyev), Con Rayt ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), Vilyams ("Kəllə", Nazim Hikmət), Qurban ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Los və Muradov ("Böyük ürək", İmran Qasımov və Həsən Seyidbəyli), Sultan Zöhrabov ("Vicdan", Bəxtiyar Vahabzadə), Şeyx Sənan və Özdəmir, Keykavus ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Ezop ("Tülkü və üzüm", Gilerma Fiqeyredu), Səməd Vurğun ("Komsomol poeması", İsgəndər Coşqun). Əşrəf Yusifzadənin parlaq istedadının pərəstişKarları Gəncədən başqa Şəmkirdə, Qazaxda, Tovuzda, Yevlaxda, Şəkidə, Lənkəranda, İrəvanda, Ağdamda, Şuşada, Füzulidə, Laçında... da çox idi. Çünki teatr bu rayonlarda uğurla qastrol tamaşaları göstərib. Romantik aktyor, cəfakeş teatr xadimi, gənclərin qayğıkeş hamisi Əşrəf Yusifzadə 17 iyun 1943-cü ildə Azərbaycan espublikasının əməkdar artisti və 30 aprel 1955-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Əşrəf Əmrah oğlu Yusifzadə 1963-cü il mart ayının 7-də Gəncə şəhərində vəfat edib və buradakı qədim Səvzəkar (Sərdabəli) qəbiristanlığında dəfn olunub. XALQ ARTİSTİ RƏMZİYYƏ XANIM VEYSƏLOVANIN HƏYAT YOLDAŞIDIR.

Filmoqrafiya
Hacı Qara (film, 1929)
Kölgələr sürünür (film, 1958)
Səhər (film, 1960)


Tarix: 06.02.2013 / 21:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 443 Bölmə: Aktyorlar