beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbrahim Azəri

İbrahim Azəri – aktyor.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
2.1 Çəkildiyi Filmlər
3 Həmçinin bax


Həyatı

Milli Təhlükəsizlik Nazirliyinin arxivində D.Bünyadzadə adına Türk Dövlət Dram Teatrının akt­yorlarından və ümumi əməkdaşlarından Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Sədri S.Ağa­malıoğlunun ünvanına daxil olmuş bir ərizə saxlanılır. Bu ərizə 3 noyabr 1926-cı ildə yazıl­mış, 10 noyabr 1926-cı il tarixdə Az.MİK katibliyinin rəisi İ.Səmədzadənin və texniki katib B.Rzabəyovun müşaiyət məktubu ilə Azərbaycan Dövlət Siyasi idarəsinə (QPU) göndəril­mişdir. Ərizənin mətni belədir: "Bu il oktyabrın ortalarında əməkdaşımız İbrahim Azərinin (Atakişiyevin) valideynləri onun bağışlanması haqqında bizə müraciət etmişlər. Şübhəsiz, bu müraciət bizi öz iş yoldaşımızın axtarışına sövq etməyə bilməzdi. O öz həyatında elə pis hərəkət etməmişdir. Belə ki, biz onu yaxşı tanıyırıq. Azərinin valideynlərinin ərizələrindən dərhal sonra biz onun Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən həbs edildiyini eşitdik. DSİ kimi idarənin işlərinə əxlaqi və hüquqi baxımdan müdaxiləmiz düzgün olmasa da, yoldaşımı­zın həbsinin səbəblərini bilmək istəməsək də sənətin mənafeyi xatirinə nəzərinizə çatdırırıq ki, bizim ikiillik işlərimizin hazırlıq mərhələsi yoldaş Azərinin fəaliyyəti ilə sıx bağlı olmuşdur. Əgər mümkün olsa biz yoldaşımız Azəriyə zəmanət verməyə, ona zamin durmağa hazı­rıq. Belə bir yekun fikrimiz var ki, hamı onu gənc və istedadlı artist kimi tanıyır. Ümid edirik ki, bizim xahişimizə hörmət edəcəksiniz"I. Müraciətə teatrın ən aparıcı işçiləri və aktyorları, o cümlədən Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə, Aleksandr Tüqanov, Ağadadaş Qur­banov, Mərziyə Davudova, Əzizə xanım Məmmədova, Yeva Olenskaya və başqaları, cəmi 51 adam imza atmışdı. Lakin təəssüf ki, bu kollektivin ərizə – müraciətinin bir faydası olmadı. Yaxşısı o oldu ki, Azəri gizli Müsavat partiyası hərbi təşkilatının fəal üzvlərindən biri ki­mi güllələnməyə deyil, DSİ Məhkəmə Kollegiyasının qərarı ilə 10 illik konslager (həbs-islah düşərgəsi) həyatı yaşamağa məhkum edildi. ­İbrahimin yaradıcılıq salnaməsi gənc yaşlarından başlamışdır. Azərbaycan teatrının salnaməsində deyilir ki, 1918-ci ilin 15 oktyabrında Hacıbəyov qardaşlarının müdiriyyəti Bakıda olan artistlərdən ibarət bir dəstə təşkil etmək məqsədilə ayrı-ayrı artistlərlə danışıq aparmaq­dadır. Bu dəstə (truppa) üçün Hacıağa Abbasov, Əhməd Ağdamski, Cəlil Bağdadbəyov, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mux­tar Məmmədov, Rza Darablı, Sidqi Ruhulla, Ələkbər Hüseynzadə və b. dəvətlilər sırasında İbrahim Atakişizadə (Atakişiyev) adlı gənc akt­yor da vardı (Azərbaycan teatrının salnaməsi, c.1, Bakı, 1975, səh. 505). Lakin İbrahimin yaradıcılıq istedadı teatrda müxtəlif xarakterli rollar oynamaqla açılmışdı. O, Aşqabadda "Arşın mal alan"da Süleyman rolunda, M.S.Ordubadinin "Dinçilər" əsərində, C.Cabbarlının "Aydın", H. Cavidin "Topal Teymur" əsərində, "Hind ixtilalçıları" və s. əsərinin səhnə təcəssümündə müxtəlif rollar oynamışdı. 1924-ci il 2 noyabr tarixli "Kommunist" qəzeti xəbər verir ki, D.Bünyadzadə adına Dram Teatrında (hazırda Dövlət Akademik Dram Teatrı – N.Q.) "Hind ixtilalçıları" pyesi oynanarkən qəhrəmanlardan birinin rolunu ifa edən aktyor Azəri Cəfər Cabbarlının "Ey Şərq" şerini özbaşına əsə­rə daxil edib oxuduğuna görə tənqid edilmişdir". 1924-ci il 4 aprel tarixli "Kommunist" qəzeti xəbər verirdi ki, "Aprelin 4-də Dövlət teatrın­da aktyorlarımızdan Azəri və Talıblının benefisinə "Qanlı qala" pyesi oynanılır. Bu gecə ən qüvvətli aktyorlar iştirak edəcək. Buriyen rolun­da Abbas Mirzə Şərifzadə və Marqarita rolunda xəstəlikdən dolayı bir aydan bəri oynamayan, tamaşaçılarımızın sevimlisi Mərziyə xanım oynayacaqdır". "Qanlı qala" pyesi fransız yazıçısı Aleksandr Dümanın qələminə məxsus idi. Əsəri Azərbaycan dilinə görkəmli aktyor Ka­zım Ziya tərcümə etmişdi. Aktyor bəzi filmlərdə də çəkilmişdi. "Bismillah" filmindəki Cəfər rolu onun əsas ekran nailiyyətlərindən biridir. İbrahim Azəri təkcə rollar oynamamış, pyes və səhnə süjetləri də yazmışdır. O, Azərbaycanın rayonlarında, xüsusən Şəkidə oynanan "Məhv olsun cəhalət" pyesinin müəllifi idi. 1923-cü il 23 fevral tarixli "Şəki fəhləsi" qəzeti yazırdı: "Hərbi klubda 3-cü hökumət zavodu fəh­lələri teatr truppası tərəfindən yoldaş Axundovun 2 pərdədən ibarət "Qırmızı inqilab" və İbrahim Atakişiyevin iki pərdədən ibarət "Məhv ol­sun cəhalət" pyesləri oynanacaqdır. Tamaşa pulsuzdur". İbrahim Azəri Azərbaycan teatrının nümayəndələrindən biri kimi bir çox tədbir və mərasimlərin iştirakçısı olmuşdur. Azərbaycan Sənayeyə Nəfisə (İncəsənət) xadimləri İttifaqının V qurultayına seçilən nümayəndələr sırasında Hacıməmməd Qafqazlı, Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Rza Darablı, Əzizə Məmmədova və b. ilə yanaşı İbrahim Azəri də var idi. Oğlu Çingizin dediyinə görə onu teatra doğma dayısı, məşhur aktyor Bağır Cabbarzadə cəlb edibmiş. Bağır Cabbarzadə Azərbaycan səhnəsinin həmin dövrdə tanınmış aktyorlarından olmuş, "İki kələkbaz" adlı pyes yazmışdır. Teatrda çalışmasına baxmaya­raq İ.Azəri özünün müsavatçı əqidəsini qoruyub saxlamış, ilk Cümhuriyyətin ənənələrinə sadiq qalmışdır. İbrahim Azərinin fərdi istintaq işində (iş ¹ 602) onun ailəsi və tərcümeyi-halı ilə bağlı bəzi məqamların üzərində dayanmaq istəyirik. Azərbaycan Fövqəladə Komissiyası­nın 828 saylı həvs vərəqində göstərilir ki, İbrahim Ağa Kərim oğlu Atakişiyev Azərbaycan SSR-də yaşayır, türkdür, yəni azərbaycanlıdır, əslən Bakının Corat kəndindəndir, 29 yaşı var, 1897-ci ilin martında doğulmuşdur. Savadlıdır, ali-ibtidai məktəbi bitirmişdir. 56 yaşlı anası Ruqiyyə evdar qadındır, bacısı Bilqeyisin 16 yaşı, digər bacısı Qızqayıtın 14 yaşı var, hər ikisi məktəb şagirdləridir. Özündən böyük qar­daşı Zeynalın 32 yaşı var və o, aşbaz işləyir. İbrahim Azəri bitərəfdir və ixtisası aktyorluqdur. Həbs vərəqində onun 1917-ci ilədək təhsil aldığı, 1917-1918-ci illərdə teatr sahəsində çalışdığı, 1918-21-ci illərdə hərbi xidmətdə olduğu qeyd olunmuşdur. İbrahim Azəri 1926-cı ilin oktyabrında DSİ-də bir neçə dəfə dindirilmişdir. Amma bu dindirişlərin teatr və sənət işinə heç bir dəxli yoxdur. Bu dindirişlər İbrahim Azərinin (Atakişiyevin) gizli müsavat hərbi təşkilatına mənsub olub-olmaması ilə bağlı idi. Birinci istintaqdan: "Hərbi təşkilata məni 1922-ci ilin birinci yarısında Nurulla bəy Qulubəyov (ADR hərbi naziri general S.Mehmandarovun adyutantı olmuşdu – N.Q.) cəlb etmişdi. Mən yalnız onunla rabitədə idim. Cəlb etmə prosesində Qulubəyov mənə dedi ki, bolşeviklər tezliklə gedəcəklər, hər bir vicdanlı müsəlman isə işləməli və can atmalıdır ki, dövlət aparatı bizim əlimizdə olsun" . İbrahim Azəri sonra Dadaş Həsənovla (gizli Müsavat partiyasının rəhbərlərindən idi – N.Q.), Nəsrulla Rzabəyov (hərbçi), İbrahim Axundzadə (hərbçi), İdris Axundzadənin qardaşı, M.Müşfiqin arvadı D.A­xundzadənin əmisi – N.Q.Əhməd Hacınski (tarixçi və jurnalist, gizli Müsavatın rəhbərlərindən biri – N.Q.), Müin Niyazi (müsavatçı, şair) və başqaları ilə görüşlərindən danışır. Ümumən bəzi konkret məqamlardan başqa İ.Azəri ona qarşı sürülən ittihamları rədd etmiş, hətta Firudin Nağıyevlə (gizli müsavat funksioneri – N.Q.) əyani üzləşmə zamanı heç bir şeyi xatırlamadığını söyləmişdi. …İbrahim Azəri bir müddət Moskvada Butırka həbsxanasında saxlanmış 1927-ci ilin qışında 30-dan artıq şəxsin daxil olduğu bir qrupla Solovkiyə gəlib çıx­mış, bir müddət Papas adasında, daha sonra Solovkidə, ümumən Kareliyanın meşələrində ağac tədarükü ilə məşğul olmuşdu. Çox ehti­mal ki, İbrahim Azəri də müsavatçıların Solovkidə keçirdikləri müntəzəm aclıq aksiyalarında iştirak etmişdi. 1934-cü ildə 10 illik Solovki sürgününü 8 ilə çəkərək iki il tez vətənə qayıdan İbrahim Azəri işsiz-gücsüz qalmış, bir müddət səfil həyatı keçirməyə məcbur olmuşdu. Onun 1934-cü ildən sonrakı həyatı və fəaliyyətinə şair və ədəbiyyatşünas Atababa Musaxanlının 1937-ci ilin dekabrında onun haqqında verdiyi ifadə işıq salır: "İbrahim Azəri Azdramanın keçmiş artistidir. Onunla Mərdəkan kəndində vağzalda bir neçə dəfə görüşmüşəm. Onunla birgə qəzet alır və qatarı gözləyirdik. O, mənə danışdı ki, onu Bakı teatrında işə qəbul etməyiblər. Ruhulla Axundovla və Əli Kəri­movla görüşlərindən danışdı. O, Azdramaya qəbul edilmək üçün onların görüşünə gedibmiş. Ruhulla ondan soruşubmuş: "Sovet hakimiy­yəti əleyhinə gizli iş görməklə siz nə etmək istəyirdiniz? Siz müsavatçılar özünüzü nə hesab edirsiniz?! Mən susdum və dedim ki, bu ar­tıq keçmişdir. Səhvlər və aldanışlar və s. Lakin siz mənə Bakıda iş vermədiniz. Mən məcbur qalıb Kirovabada getdim". Bir həqiqət var ki, İbrahim Azəri ikinci dəfə, yəni 1937-ci ildə repressiya olunmamışdır. Lakin o, mənəvi təzyiqlərlə, inzibati məhdudiyyətlərlə üz-üzə qalmış­dı. Öz ixtisası üzrə Bakıda iş tapa bilməyən İbrahim Dəvəçi və Gilgilçayda müxtəlif işlərdə çalışmağa məcbur olmuş, bir müddət Suraxa­nıda müəllim işləmişdir. Gəncə, Tiflis, İrəvan, Quba teatrlarında öz qüvvəsini sınayan aktyorun yalnız 1950-ci illərdən sonra öz qüvvəsinə inamı artmış, işə düzəlmiş, kinostudiyaya dəvət olunmuşdu. İ.Stalinin ölümündən sonra tarixi ədalətsizliklərə yenidən qayıtmaq və onları düzəltmək zərurəti bütün SSRİ-də olduğu kimi Azərbaycanda da rejimin təzyiqindən əzab çəkmiş insanlara da özünə gəlmək, bəraət tə­ləb etmək imkanı verdi. Artıq 1955-ci ildə İbrahim Azəri ona bəraət verilməsi xahişi ilə Moskvaya səlahiyyətli orqanlara müraciət etməyə başlamışdı. Bu məsələ ilə əlaqədar SSRİ prokurorluğu işin araşdırılmasına başlamış, əməkdaşı Kozlovaya işi araşdırmaq həvalə etmiş­di. Bu barədə MTN-in arxivində SSRİ DTK-nın İV şöbəsinin rəisinin müavini Veretennikovun arxivə ünvanlanmış məktubu var. Məktubun arxasında qeyd olunmuşdur ki, İbrahim Atakişiyevin (Azərinin) işinin də daxil olduğu 50018 saylı iş çox cildlidir və oxu zalına verilə bil­məz. Onunla yerində tanış olmaq olar". Azərbaycan SSRİ Nazirlər Soveti yanında DTK-nın uçot-anket şöbəsinin müdir müavini mayor Məmmədovun verdiyi arayışda qeyd edilir ki, 1897-ci il təvəllüdlü Atakişiyev İbrahim Ağa Kərim oğlu DSİ Kollegiyasının qərarı ilə RSFSR-in Cinayət Məcəlləsinin 58-1 və 58-2 maddələri ilə 10 illiyə məhkum edilmişdir. Arayış 9 iyun 1957-ci ildə verilmişdir. Arxivdə "Dadaş Hə­sənov və başqalarının işi" üzrə (PR ¹ 41065) istintaq materiallarından çıxarışlar da vardır. Bu çıxarışda "hərbi təşkilatın" rəhbəri Dadaş Hə­sənov ümumən İ.Azəri, Ə.Hacınski, N.Rzabəyovla birgə keçirilən iclasların mövcudluğunu rədd etmişdi. RP ¹ 41065 saylı arxiv-istintaq işinin 7-ci cildində Solovkiyə sürgün olunmuş müsavatçılar haqqında ayrı-ayrı icmal arayışlar verilmişdir. Burada 16-cı arayış (səh.71-72) İbrahim Azəri barəsindədir. "Atakişiyev İbrahim Ağa Kərim oğlu. 29 yaşı var. Orta təhsillidir. Keçmiş podporuçik. 1921-ci ildən müsavatçı­dır. Həbsədək Türk Dövlət Akademik Dram Teatrında aktyor kimi işləmişdir. Həbs və istintaqda olmayıb. Kamenisti küçəsi 106 nömrəli evdə yaşayır. Azərbaycan SSR Cinayət Məcəlləsinin 57 və 58-ci maddələri ilə hərbi təşkilatda və əksinqilabda iştirakda təqsirli bilinir. Qeyri-Leqal Müsavat partiyasının hərbi təşkilatında 1922-ci ildən iştirak etmişdir. Müsavatın Bakı Komitəsinin üzvü Qulubəyova yardımçı olmuş, Hərbi təşkilata yeni üzvlər cəlb etmişdir. Elə həmin il fəallığına görə BK yanında hərbi beşliyin tərkibinə daxil edilmiş, eyni zaman­da hərbi sahələrdən birinin rəisi olmuşdur. Atakişiyevin mənzili döyüş sahələri özəkləri üçün bir növ qərargah rolunu oynamış, o burada göstərişlər, məlumatlar toplamış, hərbi beşliyin direktivlərini çatdırmışdır. Əksinqilabda və hərbi təşkilatlarda iştiraka görə verilmiş ittiham onun özünün və şahidlərin ifadələri ilə sübuta yetirilmişdir". Sual doğur? İbrahim Azəri 1950-ci illərin sonunda bəraət ala bilmişdimi? Bu suala birmənalı cavab vermək çətindir. Belə ki, Solovki sürgünündə olmuş müsavatçıların heç də hamısı bəraət ala bilməmişdi. (Həmin şəxslərin bir qismi yalnız keçən əsrin 90-cı illərində bəraət ala bilmişdilər). 1937-ci ilin tuthatutunda Solovkidən qayıdanların əksəriyyəti həbs olundu və güllələndi. Doğrudur, Damokl qılıncı bu dəfə İbrahimdən yan keçdi. Amma bu toxunulmazlıq sığortalanmaq demək deyildi və hər an onu həbs və sürgün gözləyə bilərdi. Odur ki, onun ailə və şəxsi həyat qurması da 1937-ci ildən sonraya təsadüf etdi. Övladları isə 40-cı illərdə dünyaya gəlib: iki qız, bir oğlan. Oğlu Çingiz rəssamdır, 1974-cü ildə Mədəniyyət İncəsənət Universitetini (o vaxt Teatr İnstitutu – N.Q.) bitirib. Onun atası haqqında dediklərindən: "Atam İbrahim Azəri peşəcə aktyor olmasına baxmayaraq qaradinməz, özü və həyatı haqqında az danışan bir insan idi. Uzunmüddətli sürgündə olmasına baxmayaraq onun qüruru sınmamışdı. Solovki sadə sür­gün yeri olmayıb. Atam çox nadir halda da sürgün epizodları danışırdı: "Səhər dururdum ki, sağım ölü, solum ölü. Bəzən bu ölülərin ara­sı ilə özümüzə yol açır, yaşamaq inamını itirmirdik". Atamı Adil İsgəndərov vaxtilə işləmiş olduğu Akademik Dram Teatrına dəvət etmiş­di. Amma demişdi ki, dişlərini düzəltsin, fısıltı ilə danışır. Bu atamın xoşuna gəlməmişdi. Onun dişləri uzaq Şimalın şaxta və dəhşətlərin­də tökülmüşdü. O bir daha Azdramaya üz tutmadı…" 90-cı illərdə SSRİ Xalq artisti Qriqori İjenov öz həyatına həsr edilmiş bir sənədli filmdə Sibir sürgünü zamanı çəkdiyi əziyyətlərdən danışdı. Tomsk şəhərinin teatrında çalışan Q.İjenovun əksər dişləri tökülübmüş. Pulu olmadığından dişlərini düzəltməyə də imkanı yoxmuş. Buna görə də tamaşalara utandığından çıxa bilmirmiş. Böyük aktyor buna görə çəkdiyi iztirablardan ağrı ilə söz açırdı… Düşünürəm: Q.İjenov heç olmasa sürgünü konslagerdə, yəni islah-əmək düşərgəsində deyil, bö­yük bir şəhərdə, ziyalı insanların arasında çəkirmiş. İbrahim Azəri isə sürgünü cinayətkarların, oğruların, quldurların arasında çəkmişdi. Solovki sürgününü çəkmiş, daha sonra xaricə mühacirət etmiş B.E.Ağaoğlu imzalı bir azərbaycanlı 1930-cu ildə İstanbulda çıxan "Bildi­riş" qəzetində öz sürgün təəssüratlarını "Solovkidə gördüklərim" silsiləsindən olan məqalələrdə əks etdirmişdir. İbrahim Azərinin adını çə­kən və ehtimal ki, onunla görüşmüş müəllif Azərbaycandan ziyalıların dəstə-dəstə Solovkiyə gətirildiyini və orada böyük məhrumiyyətlə­rə və əzablara düçar olduğunu yazır, onlardan əvvəl gələn dəstənin üzvlərini belə təsvir edir: "Onlar o qədər dəyişmiş, o qədər solmuş, o qədər üzülmüşdülər ki… Buzlu cəhənnəmin bütün dəhşət və vəhşətlərini çəkmiş, keçirmiş olan bu universitet gəncliyi ucdantutma ahıl in­sanlara bənzəyirdilər…" Repressiya olunmuşlara münasibət yalnız 1956-cı ildən sonra XX qurultaydan sonra dəyişdi. İbrahim Azəri o vaxt Azərbaycan KP MK-inin ideologiya üzrə katibi işləyən teatrşünas Cəfər Cəfərov da yanına çağırmış, onunla söhbət etmiş, ona iş və 4-cü mikrorayonda mənzil təklif etmişdi. Lakin böyük əzablardan keçmiş İbrahim Azəri bu göydəndüşmə təklifləri nədənsə qəbul etmədi. Kinofilmlərdə sıravi rollarda, kütləvi səhnələrdə çəkildi, mübarək təkliflərdən isə imtina etdi. Sonuncu iş yeri Ordubad teatrı oldu. İbrahim Azəri orada qısa müddət rejissor işlədi. Amma burada astma xəstəliyi tapdı və Bakıya qayıtdı. 1969-cu ildə onun xəstəliyi daha da şid­dətləndi və o vəfat etdi. İbrahim Azərinin savadlı bir insan, ərəb, fars, rus dillərini yaxşı bilən bir ziyalı olması məlumdur.

Filmoqrafiya

Çəkildiyi Filmlər
Qız qalası (film, 1924)-Vəzir (Tammetrajlı Bədii Film)
Bismillah (film, 1925)-Cəfər (Tammetrajlı Bədii Film)
Bir məhəllədən iki nəfər (film, 1957)
Mollanın sərgüzəşti (film, 1960)
Səhər (film, 1960)


Tarix: 05.02.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 813 Bölmə: Aktyorlar