beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

zərbaycan müəllimlərinin III qurultayı

Azərbaycan müəllimlərinin III qurultayı — 25 avqust 1919-cu ildə keçirilmişdir.

III qurultayın gündəliyindən
Məktəb islahatı sahəsində məsələləri ətraflı müzakirə etmək, müəyyən təkliflər hazırlayıb hökumətə təqdim etmək məqsədilə Azərbaycan hökumətinin qərarı ilə 1919-cu il avqustun 20-dən sentyabrın 1-dək Bakıda Azərbaycan müəllimlərinin qurultayı çağırılır. Qurultayın keçirilməsi xərcləri üçün Azərbaycan hökumətinin 2 avqust 1919-cu il tarixli qərarı ilə Xalq Maarif Nazirliyinin sərəncamına 35.600 manat məbləğində vəsait də ayrılır.

Azərbaycan müəllimlərinin 1906-cı (avqust) və 1907-ci (avqust) illərdə keçirilmiş birinci və ikinci qurultaylarından sonra sayca üçüncüsü olan həmin qurultay 1919-cu il avqustun 20-də saat 11-də Bakı I realnı məktəbin (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) akt zalında öz işinə başlayır və nəzərdə tutulan müddətdə öz işini başa çatdırır. Qurultayda Azərbaycanın bütün bölgələrini və tədris müəssisələrini təmsil edən nümayəndələr iştirak edirdilər. Qurultayı Azərbaycan Türk Müəllimləri İttifaqının sədri Ağabəy İsrafilbəyov açmış, qurultayda Xalq Maarif Nazirliyi adından nazir müavini Həmid bəy Şahtaxtinski böyük nitq söyləmişdir.

Qurultayın Xalq Maarif Nazirliyinə təqdim etdiyi təkliflər əsasında bütövlükdə məktəb islahatı və xüsusi olaraq təhsilin məzmunca milliləşdirilməsini əsas tutan proqram və dərslik islahatı üzrə müvafiq proqram hazırlamaq məqsədilə hökumət komissiyası yaradılır. 1919-cu il noyabrın 7-də Xalq Maarif Nazirliyi yanında yaradılan hökumət islahat komissiyasına xalq maarif nazirinin müavini Həmid bəy Şahtaxtinski (sədr,) Nurməhəmməd bəy Şahsuvarov, Azad bəy Əmirov, Fətulla bəy Rzabəyev, Soltan Məcid Qənizadə, Abdulla bəy Əfəndiyev, Sara xanım Yaqubova, Sara xanım Xuramoviç, Əhməd bəy Pepinov, Xədicə xanım Ağayeva, Məmmədağa Şahtaxtinski, Cabbar bəy Orucəliyev və Saleh bəy Vəkilov daxil idilər. Hökumət bu komissiya qarşısında növbəti dərs ilinin əvvəlinə kimi məktəb islahatı, o cümlədən təhsilin məzmunu ilə bağlı məsələlərin həlli üzrə hökumət proqramını hazırlamaq missiyası qoymuşdu. Komissiya öz işini başa çatdırana kimi milli hökumət devrildisə də, həmin məsələlər üzrə müəyyən işlər də görə bildi. Belə ki, bu komissiyanın təşəbbüsü və rəhbərliyi ilə 1919-cu ilin dekabrında Bakıda keçirilmiş müəllim seminariyaları, xalq maarifi inspektorları, ali, ibtidai və orta məktəb müdirlərinin 15 günlük müşavirəsində ümumtəhsil müəssisələrində istifadə olunan dərsliklər məsələsini geniş müzakirə edərək müəyyən təkliflər hazırlandı. Bununla yanaşı, müxtəlif fənlər üzrə, o cümlədən Mahmud bəy Mahmudbəyovun sədrliyi ilə ana dili və ədəbiyyat fənni (7 nəfər) üzrə, Pənah Qasımovun sədrliyi ilə tarix fənni (2 nəfər) üzrə, Səməd bəy Acalovun sədrliyi ilə riyaziyyat fənni (4 nəfər) üzrə, Cəmo bəy Gəbrayılbəylinin sədrliyi ilə təbiət fənni (8 nəfər) üzrə komissiyalar yaradıldı. Azərbaycan hökuməti dərslik islahatı sahəsində işləri stimullaşdırmaq məqsədilə ana dilində dərslik hazırlayan komissiyalara dövlət büdcəsindən ayrıca vəsait ayrılması barədə qərar da qəbul etmişdi. Bu komissiyalar Azərbaycan Xalq Cümhuriyyəti qurultayınadək ibtidai məktəblərdə istifadə olunan dərslikləri ətraflı müzakirə edərək onlardan tədrisə yararlı olanlarının müvəqqəti istifadəsinə (yeni dərsliklər yaradılanadək) icazə vermək barədə Xalq Maarif Nazirliyinə təkliflər hazırladı. Eyni zamanda bir sıra yeni dərsliklər də hazırlandı ki, bu işdə görkəmli maarifçilərdən Səməd bəy Acalov, Mahmud bəy Mahmudbəyov, Fərhad Ağazadə, Cəmo bəy Cəbrayılbəyli, Ağabəy İsrafilbəyov, Abdulla Şaiq, Hüseyn Cavid, Abdulla bəy Əfəndizadə, Qafur Rəşad Mirzəzadə, Axund Yusif Talıbzadə, Firidun bəy Köçərli və başqalarının xidmətlərini böyük minnətdarlıq hissləri ilə yad edirik. Azərbaycan hökumətinin mövcud dərsliklərdən istifadə və ya yeni dərsliklərin yaradılması sahəsində apardığı məqsədyönlü iş nəticəsində, dərslik üzrə nazirliyin xüsusi komissiyalarının təklifləri əsasında təkcə 1919-cu ildə "Son Türk əlifbası", "Türk çələngi", "Ədəbiyyat dərsləri", "Müntəxəbat", "Rəhbəri-sərf", "Təzə elmi-hesab", "Yeni məktəb", "Tarixi-təbii" kimi yeni dərsliklər hazırlandı, yaxud, məzmunca, yeni şəraitə uyğunlaşdırılaraq kütləvi tirajla nəşr edilərək məktəblilərin istifadəsinə verildi


Tarix: 12.02.2015 / 14:37 Müəllif: Feriska Baxılıb: 258 Bölmə: Ümumi