beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan müəllimlərinin I qurultayı

I qurultayın gündəliyindən
Hər bir tarixi hadisənin bu və ya digər xalqın həyatında müəyyən müsbət təsiri olur, izi qalır. Bu mənada çar Rusiyasını silkələyən 1905-ci il inqilabı imperiyada birləşdirilmiş xalqların maarifinə də təsirsiz qalmadı. Belə ki, xalq maarifinin yerli əhalinin idarəsinə verilməsi, üçillik ibtidai məktəb həcmində ümumi icbari təhsilin həyata keçirilməsi; kişilərlə bərabər qadınlara da təhsil hüququnun verilməsi; tədrisin hər bir xalqın öz ana dilində aparılması; maddi vəziyyətini yaxşılaşdırmaqla xalq müəllimləri hazırlığının təkmilləşdirilməsi və s. tələblər irəli sürüldü.

Rusiya müsəlmanlarının I və II qurultaylarının keçirilməsi azərbaycanlı müəllimlərin bir toplum olaraq birləşməsinə, pulsuz ibtidai təhsil, xüsusi müəllimlər seminariyasının açılmasıE kimi tələblərin irəli sürülməsinə sosial-tarixi şərait yaratdı. Bunların müzakirəsi və həlli ilə bağlı qurultay keçirilməsi zərurəti ortaya çıxdı. 1906-cı ilin 15 avqustunda başlayıb 30-na kimi davam etmiş I qurultayın məramnaməsi (proqramı) "Dəbistan" jurnalının 1906-cı il 8-ci nömrəsində dərc edildi. Qafqaz müsəlman müəllimləri məclisinin gündəliyi aşağıdakı məzmunda olmuşdur:

1. Hal-hazırda bulunan proqramları nəzərdən keçirib təqazayi-zəmanəyə görə təzədən proqram tərtib etmək.

2. Təzə tərtib olunan proqramlara müvafiq kitablar təyin və təlif etmək (bu niyyətlə müəllimlər komissiyası məclisdən müqəddəm islam mərkəzlərindən ibtidai məktəblərdə lazım olan kitabları yazdırıb gətirdəcəkdir).

3. Oxumaq və yazmaq üsulunu asanlaşdırmaq üçün ümumi bir üsuli – tədris və təlim əxz etmək.

4. Kənd müəllimlərinin əhval və güzəranlarına dair məsələlərə baxmaq.

5. Darülmüəllimin (seminariya) proqramını müzakirə edib və zamanın tələbinə görə təkmilləşməsini tələb etmək.

6. üzvlər tərəfindən təqdim olunan məsələləri məclisdə həll etmək.

Komissiyanın sədri N.Nərimanov, üzvləri H.B.Məlikov, Ə.Cəfərov, Ə.Həsənov, katib Y.Əfəndiyev seçilmişdi.

Qurultaya hazırlıq hələ may ayından başlamış, bu məqsədlə "Nicat" qiraətxanasında toplantı keçirilmişdi. Qurultayın iclaslarında ciddi məsələlər müzakirə olunmuşdu. Bunlardan biri ana dili təlimi ilə bağlı idi. Bu barədə Qori Müəllimlər Seminariyasının müəllimi F.B.Köçərli geniş məlumat vermişdi.

Qurultayda orta məktəblərin sayının artırılması qərara alınmış; müəllim hazırlığının yaxşılaşdırılması zəruri sayılmış; yaşlılar üçün axşam məktəbləri yaradılması problemi müzakirə olunmuşdu...

F.B.Köçərli "İrşad" qəzetində (1906, N 202) dərc olunmuş "Müəllimlər ictimainə" (ictimai – ərəb sözüdür, aşağıdakı mənaları bildirir: 1) bir yerə toplaşma, yığılma; 2) bir məclis və ya heyətin toplanması) məqaləsində qurultayın əhəmiyyətini şərh etmişdi.

Azərbaycan maarifi və təhsili tarixində pedaqoji fəaliyyətlə məşğul olan insanların ilk qurultayı 1905-ci ilin 15 avqustunda, genişmiqyaslı hazırlıq işləri aparıldıqdan sonra, Bakıda başlamış, çoxsaylı iclaslarda dövr və gələcək üçün böyük əhəmiyyəti olan məsələlər müzakirə edilmiş, qərarlar qəbul olunmuşdur. Qurultayın son iclasında qəbul olunmuş qərarları həyata keçirmək üçün nümayəndələrin tərkibindən seçilmiş şəxslərdən ibarət daimi komissiya yaradılmışdı. İclasda həmçinin ikinci müəllimlər qurultayını 1907-ci ilin yayında Gəncədə keçirmək qərara alınmışdı.


Tarix: 12.02.2015 / 14:33 Müəllif: Feriska Baxılıb: 157 Bölmə: Ümumi