beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mannada Dulusçuluq

Həm qəbirlərdən, həm də məskənlərdən tapılmış keramika sayca çox, forma və keyfiyyətcə rəngarəngdir – kobud düzəldilmiş mətbəx ləvazimatındən tutmuş müxtəlif təyinatlı incə, zərif məmulatadək cürbəcür əşyalar vardır. Həsənluda qazıntı zamanı aşkar edilmiş "sənətkar evi" adlandırılan tikilidə metal məmulat hazırlamaq üçün lazım olan alətlərdən başqa, həyətdən keramika bişirmək üçün soba da tapılmışdır. Hazır məmulat həmin evin damında qurudulurmuşdur. Uçulmuş damın üstündən çoxlu keramika qırıntısı tapılmışdır.

Yaxşı bişirilmiş, parıldayan və ya parıldamayan bozumtul-qara və qəhvəyi rəngli monoxrom keramika əvvəlki kimi yenə də dəbdə idi. Bu dövrdə qapalı sobalarda, azaldılmış atmosfer təzyiqi altında keramika bişirmək ənənəsi davam etdirilirdi.
Həsənlu keramikasının tədqiqatçısı belə hesab edir ki, saxsı qabların 40%-i yüksək keyfiyyətli qara-boz və ya tamamilə qara rəngli, 60%-i isə kobud hazırlanmış məmulatdan ibarətdir, şirli qablar isə elə bir faiz təşkil etmir. Sadə həndəsi rəsmlərlə bəzədilmiş, uzunlüləli qara, parlaq "çaydanlar" və ilməkvarı qulpu olan kuzələr o dövr üçün səciyyəvidir. Bu cür qablar-çaydanlar qazıntı zamanı IV Həsənludan, Göytəpədən , habelə Naxçıvan MR-də Qızılvəngdən, Muncuqlutəpədən, Mərdangöldən də tapılmışdır. Bunların lülələri uzunsov, dirsəkli, novşəkillidir, quş dimdiyinə bənzəyir. Bəzisində qulp əvəzinə kiçik bir çıxıntı vardır.

E. ə. I minilliyin əvvəlində Urmiya hövzəsi vilayətlərinin Assuriya ilə qarşılıqlı münasibətlərinin intensiv vaxtında şirli keramikadan hazırlanan əşyalar da meydana gəlir. Məlum olduğu kimi, assurlar bu növ keramika hazırlamaqda hələ Orta Assuriya dövründən kamilləşmişdilər. Həsənludan yerli ustaların əlinin məhsulu olan şirlənmiş boz, sarımtıl-boz və göyümtül-ağ rəngli nadir qablar və divar kaşıları, habelə buhların daha səliqəli hazırlanmış, ola bilsin, kənardan gətirilmiş bir neçə nümunəsi tapılmışdır.


Tarix: 27.01.2015 / 18:12 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Ümumi