beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz İslam Ordusunun birinci həmləsi[redaktə]

Gəncədə yerləşən Türk Qafqaz İslam Ordusu Qərargahı, bolşeviklərin irəli hərəkata başlaması ilə birlikdə, qarşılarında heç bir fiziki əngəl qalmadığını və dəmir yoluna da hakim olduqlarını görüncə bu durumun paytaxt üçün böyük bir təhlükə yaradacağı nəticəsinə gəldi. Nuru paşa Gəncə üçün əsl təhlükənin Göyçay yaxınlıqlarındakı Qızıl Ordu qüvvələrindən gələcəyini hesabladı. Çünki Göyçay bölgəsində aparılan müharibələr, Qızıl Ordunun Azərbaycandan qovulması və ölkənin müstəqilliyini qazanması yolunda bir dönüm nöqtəsini təşkil etmişdi.

5-ci Qafqaz piyada diviziyasının bütün qüvvələri hələ Gəncəyə çatmamışdı. 10-cu Qafqaz alayı Qarakilsə – Dilican yolunu yeriyərək keçmiş və Qazax yaxınlığındakı Ağstafaya daxil olmuşdu. Bakıdan çıxıb şimaldan irəliləyən Qızıl Ordu qüvvələrinə qarşı qoymaq üçün bölgəyə yeni gələn 10-cu Qafqaz alayı uzun bir yol gələrək Azərbaycan torpaqlarına yeni girmiş olmasına rəğmən, Mehmetçik dincəlməyə belə vaxt tapmadan Ağstafadan qatara mindirildi və Ucara göndərildi. Oradan da 15 iyunda Göyçaya çatdı. Türk Qafqaz İslam Ordusu qərargah rəisi yarbay Nazim bəy komandanı ələ almaq üçün Müsüslü və Kürdəmir cəbhəsinə göndərildi. Yarbay Osman bəy komandasındakı 10-cu Qafqaz alayı isə Göyçaya çatdıqdan sonra Qaraməryəm qəsəbəsində olan Qızıl Ordunun qarşısında cəbhədəki yerini aldı. Osman bəy 10-cu alaya bağlı 30-cu taboru Sultankənd, Mollaishaqlı və Veysəlli kəndləri ətrafında olan erməni quldur dəstələrini bölgədən uzaqlaşdırmaqla vəzifələndirildi. 30-cu taborun şiddətli hücumu nəticəsində erməni dəstələri Qalakər kəndinə doğru qaçdı.

Müsüslüdə olan Türk Qafqaz İslam Ordusu qərargah rəisi yarbay Nazim bəy Osman bəyə bolşevik qüvvələrinə qarşı bir kəşfiyyat hücumu aparması üçün təlimat verdi. Osman bəyin əmrinə görə 28-ci tabor Qaraməryəmin qərbindəki düşmən qüvvələrinə qarşı 17 iyunda hərəkətə keçdi. Yol boyu irəliləyən 28-ci tabor lazımi tədbirləri vaxtında almadığı üçün bolşeviklərin pusqusuna düşdü. Cəbhədən və yandan düşmən təcavüzünə uğradı. Bir an çaşqınlıq keçirdi və məğlub olaraq geri çəkilmək məcburiyyətində qaldı.

Durumun təhlükəli bir hal aldığını görən Osman bəy 28-ci taboru yandan qorumaq üçün 30-cu taboru hərəkətə keçirdi, 29-cu taboru da yardıma göndərdi, ancaq son dərəcə dik vadilərin və təpələrin olduğu bölgədə bu qüvvələr də bolşevik qüvvələrin hücumuna uğradı. İki tərəfdən də mühasirəyə alınan 29-cu tabor olduqca qanlı müharibədən sonra Veysəlli kəndinə çəkilə bildi.

Tərəflər gün boyunca isti havada aparılan bu müharibədə bir-birinə üstün gələ bilmədi və axşam qaranlıq düşdükdə vuruşmalara ara verdilər və mövqelərinə çəkildilər. Türk Qafqaz İslam Ordusunun Azərbaycandakı bu ilk ciddi savaşı Qaraməryəm yaxınlıqlarında uğursuzluqla nəticələndi. Qızıl Orduya bağlı 3-cü diviziyanın və onun başındakı Hamazaspın əhvalı isə olduqca yüksəlmişdi. Beləcə işğal altındakı Qaraməryəmdə daha da gücləndilər və Göyçaya hücum üçün bəzi önəmli mövqeləri ələ keçirdilər.

10-cu Qafqaz alayı komandiri kurmay yarbay Osman bəyə, düşmənin Göyçay üzərinə yeriməsini əngəlləmək üçün Qaraməryəm yaxınlıqlarında onların başını qatmaq vəzifəsi verilmişdi. Osman bəy Gəncədən gələcək əsl qüvvələrin cəbhəyə çatmasını gözləməmişdi. Müsüslüdə olan Qafqaz İslam Ordusu kurmay başkanı Nazim bəy ilə birlikdə öz təşəbbüsləri ilə komandan Nuru paşadan izin almadan Qızıl Ordu qüvvələrinə qarçı kəşfiyyat hücumu aparılmasına qərar vermişdilər. Bu ciddi müharibədə qabaqcıl kəşfiyyat qollarından istifadə etmədən və düşmənin gücü və mövqeləri haqqında kifayət qədər bilgi toplamadan yürüş etmişdilər. Hücum anında ehtiyat qüvvələri də buraxılmamışdı. Bütün bunlarla bərabər, türk ordusunun bu cür savaşlarda sıx istifadə etdiyi yandan hücum və düşmən arxasına uzanma taktikaları da tətbiq olunmamışdı.

Qızıl Ordunun 28-ci tabora qarşı tətbiq etdiyi pusqu və cəbhə hücumu qarşısında alınan uğursuzluq, 10-cu alayda böyük çaşqınlığa yol açdı

Bolşevik Qızıl Ordu qüvvələri ilə aparılan Qaraməryəm yaxınlıqlarındakı bu ilk savaşda türk ordusu 200 şəhid verdi. Yaralıların sayı isə 156 idi. Şəhidlər arasında 28-ci tabordan ehtiyat teyməni Lütfü əfəndi, 29-cu tabordan kiçik teymən İsmayıl Hakkı və teymən Zəki əfəndilər ilə 30-cu tabordan teymən Kazım və İbrahim əfəndilər şəhid oldu. 2 top və 41 top mərmisi, 2 avtomat tüfəng ilə çox sayda piyada tüfəngi, bunlara aid mərmi və süngü də düşmənin əlinə keçdi.


Tarix: 22.01.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 76 Bölmə: Ümumi