beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmməd Məmmədovun ata-anasının mənsub olduğu nəsillər

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bəy nəslinə mənsub olanların əksəriyyətinin soyadındakı bəy sözü ixtisar edilirdi. Yalnız bu halda onlara pasport verilirdi. Buna görə də Murtuza bəyin varislərinin soyadı Məmmədbəyli deyil, Məmmədov olmuşdur. [3]

Məmməd Məmmədovun atası Murtuza bəy 1876-cı ildə Çəmənli oymağında anadan olmuşdur. Onun usaqlıq və gənclik illəri Çəmənli oymağında keçmişdir. Onun atası Məmməd bəy Yusif bəy oğlunun Çəmənlidəki üzüm bağları adla tanımırmış. Murtuza bəy Çəmənli Hatəmxan ağanın kötücəsidir. Hatəmxan ağanın oğlu Nadirqulu bəy XIX əsrin əvvəllərində Çəmənli oymağının yüzbaşısı idi. Nadirqulu bəyin Yusif bəy (1788-1848), Məşədi Hatəmxan bəy (1798 - ?), Kazım bəy (1816 - ?) adlı üç oğlu olmuşdur. [4]

Yusif bəyin həyat yoldaşı Hüsnü xanımdan Nəcəfqulu bəy (1826 - ?), Məmməd bəy (1833 - ?), Həsən bəy (1836 – 1848) adlı üç oğlu olmuşdur. Məmməd Məmmədov Nadirqulu bəyin kötücəsi, Yusif bəyin nəticəsi, Məmməd bəyin nəvəsi, Murtuza bəyin oğludur. [5]

Murtuza bəyin ata nənəsi Hüsnü xanım soy-kök etibarilə Seyidli oymağındandır.

Murtuza bəy Məmməd bəy oğlu Məmmədbəyli zəmanəsinin hörmətli bəylərindən olub,Qarabağda alicənab, xeyirxah insan kimi tanıınmışdır. O, dövrünün geniş torpaqlar sahibi, müdrik el ağsaqqalı sayılmışdır. Murtuza bəyin Çəmənli və Seyidli kəndlərində geniş torpaq sahələri, təsərrüfatı var imiş. Onun Çərikdə də torpaq sahələri var idi. Çərik Seyidlinin əkin və otlaq yerləri idi. Murtuza bəyin Seyidli kəndindəki meyvə bağları adla tanınırmış. Azərbaycan Sovet hakimiyyətinin tərkibinə keçdikdən sonra Murtuza bəyin var-dövləti, torpaqları, meyvə bağları əlindən alınmışdır. Murtuza bəy həyatının sonuna kimi yeni hökuməin təzyiqləri ilə yaşamışdır. Bu hücumlara Murtuza bəyin ürəyi dözməmiş, 28 oktyabr 1939-cu ildə 62 yaşında dünyasını dəyişmişdir.

Murtuza bəyin anası Pəri xanim Şuşada məşhur olan Qayıbovlar soyundandır. Qayıbovlar soyu kök etibarilə Qarabağdandır. Qayıbovlar daha çox həkimləri ilə tanınmışdır. Murtuza bəyin anası Pəri xanım Qayıbovanın ulu babası Mirzə Məhəmmədəli bəy Nadir şahın hakimiyyəti dövründə onun münşilərindən biri olmuş, İranda baş alıb gedən özbaşınalıqlara görə Qarabağa gələrək Pənahəli xanın yaxın adamı kimi sarayda münşi vəzifəsini tutmuşdur. Mirzə Məhəmmədəli bəyin böyük oğlu Molla Qaib bəy Cavanşir nəslinə mənsub xanımla ailə quraraq ömrünün sonuna kimi Şuşada yaşamışdır.

Pəri xanım Qayıbovanın ulu babaları haqqında bəzi məlumatlar Bəylər Məmmədovun «Natəvanın şair qohumları» (Bakı, 1989) adlı əsərində verilmişdir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanılan 1860-cı ildə aparılmış Şuşa şəhər əhalisinin siyahıya alınması sənədindən məlum olur ki, Molla Qaib bəyin oğlu Molla Həsən bəyin Mirzə Məhəmmədəli bəy (1803 - ?), Rəhim bəy (1812 - ?), Mirzə Məhəmmədqulu bəy (1819 – 1852), Dadaş bəy (1831 - ?) adlı oğlanları olmuşdur. Mirzə Məhəmmədəli bəy Qayıbov təxminən 1803-cü ildə Şuşada anadan olmuşdur. Müəllimlik fəaliyyəti ilə məşğul olan Mirzə Məhəmmədəli bəyin Mirzə Məhəmməd bəy (1833 - ?), Mirzə Əli bəy (1839 - ?), Cəfər bəy (1846 - ?), Həşim bəy (1848 - ?), Mirzə Hüseyn bəy (1852 – 1930), Pəri xanım (? – 1930) adlı övladları olmuşdur. Nəslin soyadı məhz Molla Qaib bəyin adına əsasən Qayıbovlar kimi tanınmışdır. Yenədə Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanılan Şuşa şəhər əhalisinin 1886-cı il üzrə aparılmış siyahıya alınma sənədindən məlum olur ki, Mirzə Məhəmməd bəy din xadimi, qardaşı Mirzə Əli bəy isə Zəngəzur qəzasının qazisi idi. Murtuza bəyin anası Pəri xanım Qayıbova Mirzə Məhəmmədəli bəyin qızıdır. Mirzə Məhəmməd bəy, Mirzə Əli bəy, Cəfər bəy, Həşim bəy, Peterburq Tibb-Cərrahlıq Akademiyasında təhsil almış, XIX əsrin sonu-XX əsrin əvvəllərində Şuşada doktor Mirzə Hüseyn bəy kimi tanınmış Mirzə Hüseyn bəy Qayıbov Pəri xanımın qardaşları, Murtuza bəyin dayıları olmuşlar. [6]

Məmməd Məmmədovun anası Seyidə xanım Qarabağın ağır seyidlərindən olan Seyid Qara Məhəmməd Seyid Səfi oğlunun nəvəsi, Seyid Həşimin qızıdır.

Seyidə xanımın anası Mələk xanım Seyidli oymağının Qazılı soyundandır. Mələk xanımın deyilənə görə gözəl səsi var imiş. Mələk xanımın atası Məhəmmədalı bəy Qarabağın cəsarətli, qoçaq, qeyrətli övladlarından sayılmışdır. O, Xan qızı Xurşidbanu Natəvanın hörmətini, etibarını qazanmış şəxslərdən idi. Mələk xanım Məhəmmədalı bəyin üçüncü qızıdır.


Tarix: 08.01.2015 / 02:40 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Ümumi