Bütün bunlar müharibə başlamazdan öncə baş verib. Pereqrinlər qəlyanaltı edirdilər. otaqda yalnız ikisi idi. Böyük bir masanın arxasında əyləşmişdilər. otağın divarlarına Corcun nənə-babasının şəkilləri vurulmuşdu. Eşikağası səhər poçtunu gətirdi; polkovnik üçün bi neçə kağız, işlə əlaqədar məktublar, “Tayms” qəzeti və polkovnikin arvadı İv üçün kiçik bir bağlama var idi. O, məktublara nəzər yetirdi və sonra “Tayms”ı açaraq oxumağa başladı. Onlar yeməklərini bitirib, masadan qalxdılar. Kişi gördü ki, arvadı hələ də bağlamanı açmayıb.
— Nədir o elə? — soruşdu.
— Heç, kitablardır.
— Olar açıb baxım?
— Necə istəyirsən.
Polkovnikin ipləri kəsməkdən zəhləsi gedirdi və ona görə də bir az tər tökəndən nəhayət düyüynü aça bildi.
— Bunlar ki, hamısı eyni şeylərdir, — o, bağlamanı açandan sonra dilləndi, — Baho… axı bir kitabdan altısı sənin nəyinə lazımdır?
Kitablardan birini açdı. “Şeirlər”. Sonra da titul səhifəsinə baxdı. “Piramidalar dağılanda”. Daha sonra ardını oxudu. “İ.K.Hamilton. İv Kətrin Hamilton”. Bu, arvadının qızlıq soyadı idi. Polkovnik gülümsəyərək təəccüblə ona baxdı.
— İv, sən məgər kitab yazmısan?! Ay səni, şeytan!
— Nə bilim, fikirləşdim ki, sənə elə də maraqlı gəlməz. istəyirsən birini sənə verim?
— Hər halda özün bilirsən ki, mən poeziya ilə maraqlanan deyiləm, amma yenə də bir nüsxə istərdim. Aparıb kabinetdə oxuyacam. Bu səhər iş başımdan aşır.
Polkovnik “Tayms” qəzetini, məktubları və kitabı yığışdıraraq otaqdan çıxdı.
Onun kabineti içərisində böyük yazı masası, dəri kresloları və divarlarında özünün ovçuluq suvenirləri adlandırdığı əşyalar olan geniş və rahat bir otaq idir. Rəflərdə məlumat kitabları, kənd təsərrüfatı, bağçılıq, balıqçılıq, ovçuluq ilə əlaqədar kitablar, həmçinin xaç və polkovnikin göstərdiyi əla xidmətlər müqabilində ordenlər qazandığı ötən müharibə haqqında kitablar var idi. Evlənməmişdən qabaq o, Uels qvardiyasında xidmət etmişdi. Müharibənin sonunda istefaya getdi və ulu babalarının – İİİ Corcun səltənəti dövründə tikdikləri, Şeffildən təxminən 20 mil aralı olan böyük bir evdə kənd həyatına başladı. Corc Pereqrinin məharətlə idarə etdiyi, təxminən 15 min akr sahəsi olna malikanəsi vardı. O, mülki və cinayət işlərinə baxan hakim idi və vəzifəsini vicdanla yerinə yetirirdi. Mövsüm vaxtı həftədə iki dəfə at üstündə tazılarla ova çıxırdı. Yaxşı atıcı və qolf oynayan idi. Əllini haqlamağına baxmayaraq hələ də bir partiya tennis oynaya bilirdi. Özünü hərtərəfli idmançı kimi ləyaqətlə xarakterizə edə bilərdi. Doğrudur, son vaxtlar bir az kökəlmişdi, lakin yenə də kişi kimi qədd-qaməti yaxşı idi; uca boyu, indi-indi təpəsində seyrəlməyə başlayan qıvrım, çal saçları, səmimi mavi gözləri, yaxşı üz cizgiləri və yanaqlarında allıq vardı. Corc Pereqrin öz hüquq və vəzifələrini dərk edirdi və bir neçə yerli təşkilatın da sədri idi. O, malikanəsində çalışan hər kəsin qayğısına özqnə borc bilirdi və eyni zamanda çox məmnun idi ki, xəstələrin qulluğunda durmaq və kasıblara ağır dəqiqələrində yardım etmək barədə İvə etibar edilə bilər. O, kəndin kənarında ev tikdirmiş, tibb bacısının maaşını da öz cibindən ödəmişdi. Hədiyyəsini qəbul edənlərdən yeganə xahişi bu olmuşdu ki, seçkilərdə — dəxli yoxdur, qraflıq olsun, ya ümumi, onun namizədliyinə səs versinlər. Polkovnik səmimi, tabeliyində olanlara qarşı xoşrəftar, sakinlərlə münasibətdə nəzakətli və qonşu zadəganlıqda sevilən bir şəxsiyyət idi. Əgər kimsə ona çox şən və yaxşı kişi olduğunu desəydi, o, məmnun olar, eyni zamanda da bir az utanardı. Axı, o, məhz bu cür də olmaq istəyirdi. Daha bundan artıq tərif arzulamırdı.
Lakin övlad üzünə həsrət qalmışdı. Ondan əla, mehriban, eyni zamanda ciddi bir ata çıxardı və onları əsl centlemen uşağı kimi tərbiyə edər, Etona göndərər, onlara balıq tutmağı, atəş açmağı və at sürməyi öyrədərdi. Lakin onsuz da onun varisi avtomobil qəzasında ölmüş qardaşının oğlu idi. Pis oğlan deyildi, ancaq xasiyyətinə görə qətiyyən atasına çəkməmişdi. Inanırsınızmı, səfeh anası onu hələ qız və oğlanların birgə təhsil aldığı məktəbə göndərirdi. İv isə onun ümidlərini doğrultmamışdı. Əlbəttə, İv xanım idi və özünün az miqdarda pulu vardı. Evi son dərəcə gözəl idarə edirdi, yaxşı sahibə idi. Kənd adamları ona heyrandılar. Ərə gələndə İv ağappaq, açıq şabalıdı saçlı, qəşəng qədd-qamətli, sağlam idi və gözəl də tennis oynamağı vardı. Övladının olmamasını anlaya bilmirdi. Əlbəttə, indi artıq gənclik təravətini itirmişdi, gərək ki, yaşı da 45-ə yaxınlaşırdı. Rəngi tutqunlaşmış, saçı artıq öz təbii parıltısını itirmişdi. Özü də ki, bir dəri, bir sümük qalmışdı. Həmişə səliqəliydi və ona yaraşan tərzdə geyinirdi. Görünüşü barədə təlaş keçirənlərdən deyildi. Kosmetikadan qətiyyən istifadə eləmir, hətta dodaq boyası belə çəkmirdi. Hərdən axşam ziyafətləri üçün geyinib gecinərkən onun cazibədar olduğunu deyə bilərdin, lakin ümumimilikdə götürsək o, nəzər-diqqəti cəlb etməyən qadınlardan idi. Mehriban qadın, yaxşı həyat yoldaşıydı və sonsuz olmağı onun günahı deyildi. Öz canından-qanından olan varies istəmək də kişinin uğursuz bəxtindən irəli gəlirdi. İv daha əvvəlki şuxluğunu itirmişdi; məsələ də elə bu idi. Polkovnik güman edirdi ki, İvə evlənmək təklifi edəndə onu sevirmiş, ən azından evlənmək və ondan övlad sahibi olmaq üçün kifayər qədər sevirmiş, lakin zaman keçdikcə gördü ki, tamam başqa-başqa adamlar imişlər. Ovçuluq İvi qətiyyən maraqlandırmır, balıqçılıq bezdirirdi. Əslində onlar bir-birlərindən tamam uzaqlaşmışdılar. Hərçənd İvin onu heç vaxt bezdirmədiyi fikri ilə razılaşdığını etiraf etməli idi. Heç vaxt mübahisə olmayıb. Heç vaxt dalaşmayıblar. Görünür İv belə həyat tərzi ilə barışmışdı. Hərdənbir polkovnik Londona gedəndə İv onu müşayiət etməyə qətiyyən razı olmurdu. Orada bir qız var idi, qız deyəndə ki, 35 yaşlarında olardı, bundan az olmazdı. Sarışın və çox gözəgəlimli idi. Onlar nahar edər və gecəni birlikdə keçirərdilər. Əlbəttə, kişinin – sağlam, normal kişinin həyatında bəzi əyləncələri olmalıdır. Onun ağlından belə bir fikir keçmişdi ki, İv bu cür yaxşı qadın olmasaydı, yəqin ki, yaxşı arvad olardı. Lakin bu, onun təqdir edəcəyi fikir deyildi, ona görə də onu özündən kənarlaşdırdı. Corc Pereqrin “Tayms”ı oxuyub bitirdi və diqqətli bir insan olduğundan zəngi çaldı və xidmətçiyə qəzeti aparıb İvə verməyini söylədi. Sonra saatına baxdı. On birin yarısı idi – saat 11-də idarəçilərdən biri ilə görüşü olacaqdı. Hələ yarım saat vardı.
— Yaxşı olardı ki, bir İvin kitabına göz gəzdirim, — öz-özünə dedi.
Təbəssümlə kitabı götürdü. Ivin otağında çoxlu sayda sanballı və maraqlı kitablar vardı. Onlar polkovniki maraqlandıran kitablardan deyildilər, Lakin əgər İv üçün belə xoşdursa, eybi yoxdur, qoy oxusun. Bunda nə var ki?! Hal-hazırda əlində tutduğu kitab 90 səhifədən artlq deyildi. Çox gözəl! Edqar Allan Ponun fikrincə şeir qısa olmalıdır və polkovnik bununla tam şərik idi. Lakin səhifələri bir-bir çevirdikcə gördü ki, İvin şeirlerinin bəzilərində bir-biri ilə qafiyə təşkil etməyən uzun misralar var. Bunu heç bəyənmədi. O, ilk dəfə balaca uşaq olnada belə bir misra ilə başlayan bir şeiri öyrəndiyini xatırladı: “Alovlanan göyərtədə oğlan dayanmışdı”. Daha sonra Etonda olarkən əzbərlədiyi belə bir şeir yadına düşdü: “Bədbəxtlik səni basıb, qəddar kral!”. Hələ “V Henri” şeirini demirəm. Polkovnik dəhşətlə İvin kitabına nəzər saldı.
— Bunlar şeir deyil ki, — dedi.
Xoşbəxtlikdən hamısı belə deyildi. Qəribə şeirlər olmalarına baxmayaraq bu kitabda, şükür Allaha, sait səslərlə uzlaşan üç, yaxud dörd, daha sonra on və ya on beş sözdən ibarət olan kiçik, qafiyə təşkil edən şeirlər də vardı. Bir neçə səhifədə “Sonet” başlığı altında şeirlər gedirdi və maraq xatirinə o, misraları saydı – 14 misra idilər. Polkovnik onları oxudu. Şeirlərdə bir əyər-əskiklik yox idi, lakin nə məna kəsb etdiklərini kəsdirə bilmədi. Öz-özünə təkrarladı: “Bədbəxtlik səni basıb, qəddar kral!”.
— Zavallı İv, — köksünü ötürdü.
Elə bu anda yolunu gözlədiyi fermer otağa daxil oldu və polkovnik əlindəki kitabı masanın üzərinə qoyaraq ona xoşgəldin elədi. Onlar işlə əlaqədar söhbətə girişdilər.
— Ivi, sənin kitabını oxudum, — nəhayət onlar nahar yeməyi üçün süfrə arxasına keçəndə əri dedi, — çox yaxşıdır. Onu nəşr etdirmək yəqin ki, baha başa gəlib?
— Yox, sadəcə olaraq bəxtim gətirdi. Naşirə göndərdim, o da qəbul etdi.
— Poeziya elə də gəlirli sahə deyil, əzizim, — polkovnik özünə xas mehribanlıq və səmimiyyətlə dedi.
— Əlbəttə, buna şübhəm yoxdur. Yaxşı, bəs Bənok bu səhər nədən ötrü səni görməyə gəlmişdi?
Bənok, İvinin kitabını mütaliə etdiyi zaman polkovniklə danışmağa gələn icarədar idi.
— Cins buğa almaq üçün borc pul istəyirdi. Yaxşı adamdır, istəyirəm ona kömək edim.
Corc Pereqrin gördü ki, arvadı kitab haqqında danışmaq həvəsində deyil və söhbətin mövzusunu dəyişdiyinə heç peşman olmadı. Hətta lap ürəyindən oldu ki, kitabın ön səhifəsində o, öz qızlıq soyadını yazdırıb. Onun heç ağlına da gəlmirdi ki, nə vaxtsa bu kitab haqqında söz-söhbət yayılacaq, lakin özünün mötəbər soyadı ilə fəxr edirdi və hansısa bir yaarmaz jurnalistin qəzetlərin birində İvinin bu əziyyətini lağa qoymasını əlbəttə ki, istəməzdi. Sonrakı bir neçə həftə ərzində poeziyaya girişmə cəsarətinin səbəbləri haqqında arvadından heç bir şey soruşmamağı məqbul etdi. Heç İvi də bu məsələnin üzərinə qayıtmadı. Sanki bu, elə biabırçı bir iş idi ki, onun üstündən sükutla keçməyə söz qoymuşdular. Amma qəribə bir hadisə baş verdi. Corc işlə əlaqədar Londona getməli oldu və Deyfni birlikdə nahara dəvət etdi. Bu, həmin o qız idi ki, hərdənbir qəsəbəyə gələndə polkovnik onunla bir neçə xoş saat keçirirdi.
— Ah, Corc, — o dedi, — camaatın bütün günü haqqında danışdığı kitabı sənin arvadın yazıb?
— Sən nə danışırsan?
— Bilirsən, tanıdığım bir tənqidçi var. Bu yaxınlarda məni nahara dəvət etmişdi. Əlində də bir kitab vardı. “Mənə oxumağa nəsə gətirmisən?” deyə soruşdum, “O, nədir elə əlində?” “Yox əşi, bu, sənin xörəyin deyil”, o, cavab verdi. “Şeir kitabıdır. Özüm üçün gözdən keçirirəm.” “Mənə şeir lazım deyil” dedim. O da cavabında qayıtdı ki, “İndiyəcən oxuduğum ən yaxşı kitablardandır. Əlüstü alınır. Müsibət şeydir.”
— Müəllifi kimidr?, — Corc soruşdu.
— Hamilton soyadlı bir qadın. Tənqidçi dostum dedi ki, bu, onun əsl soyadı deyil. Onun soyadı əslində Pereqrindir. “Maraqlıdır” mən dedim, “Mənim belə soyadlı bir tanışım var. Polkovnik. Şeffild yaxınlığında yaşayır”, — deyə o, əlavə etdi.
— Axı demişəm, mənim haqqımda dostlarınla danışma, — Corc qəzəblə qaşlarını çatdı.
— Sakit ol, əzizim. Sən məni tanımırsan məgər? Mən də ona dedim ki, bu, həmin adam deyil, — Deyfn qaqqıldadı, — dostum da dedi ki, o, yaman yekəbaş adamdır.
Corc güclü yumor hissinə malik bir adam idi.
— Sən daha yaxşı ifadə seçərdin. Əgər mənim arvadım kitab yazırsa yəqin ki, bu barədə ilk mən xəbər tutardım da, elə deyil?
— Şübhəsiz ki, elədir.
Hər halda bu məsələ Deyfni bir elə də maraqlandırmırdı və polkovnik başqa şeylər haqqında danışmağa başlayanda bu məsələni tamam unutdu. Polkovnik özü də bu fikri bir tərəfə qoydu. Elə bir şey də yox idi, o, qərara gəldi, ola bilsin ki, o səfeh tənqidçi Deyfnin sadəlövhlüyündən istifadə edib əylənirmiş. Onun kitab haqqında belə inamla danışmağı və sonradan onun bir-birinə uyğun gəlməyən bir yığın mənasız misralardan ibarət olduğunu görməyi Corca gülməli gəlirdi.
Polkovnik bir neçə klubun üzvü idi və fikirləşdi ki, səhərisi gün Müqəddəs Ceyms küçəsində olan klublardan birində nahar etsin. Günorta vaxtı idi və o, Şeffildə qayıdan bir qatara minəcəkdi. Yeməkxanaya getməmişdən əvvəl rahat bir kresloda əyləşib bir stəkan şerri içirdi. Elə bu zmaan köhnə tanışlarından biri ona yaxınlaşdı.
— Hə, qoca, necəsən?, — o dedi, — məşhur bir xanımın əri olmaq necədir sənin üçün?
Corc Pereqrin dostuna nəzər saldı. Ona elə gəldi ki, dostunun gözləri məzəli bir şəkildə parlayır.
— Nə demək istədiyini anlamıram, — deyə özünü bilməməzliyə vurdu.
— Yaxşı da Corc, mən ölüm, bəsdir. Hamı bilir ki, İ.K.Hamilton sənin arvadındır. Özü də hər kitab belə şöhrət gətirmir ha. Qulaq as mənə, Henri Dəşvud mənimlə nahar edəcək. Istəyir ki, səninlə tanış olsun.
— Lənət şeytana, bu Henri Dəşvud kimdir ki, mənimlə tanış olmaq istəyir?
— Eh, əziz dost, bəs bütün vaxtı kənddə nə ilə məşğulsan? Henri bizim ən yaxşı tənqidçilərimizdəndir. O, İvin kitabı haqqında çox gözəl sözlər yazıb. Yəni İv onları sənə göstərməyib?
Corc ağzını açmağa imkan tapmamış dostu bir az aralıda dayanmış kişini çağırdı. O, ucaboy, arıq, hündür alnı olan saqqallı bir kişi idi, uzun burnu vardı və çiyinləri çıxmışdı. Bu, Corcun məhz ilk baxışdan gözü tutmadığı tiplərdən idi. Təqdimat bitdi və Henri Dəşvud əyləşdi.
— Xanım Pereqrin təsadüfən Londonda deyil ki? Onunla tanış olmağı çox istərdim, — o dedi.
— Xeyr, mənim arvadım Londonu sən deyən o qədər də bəyənmir. O, kənd həyatına üstünlük verir, — deyə Corc quru şəkildə cavab verdi.
— Mənim qeydlərim barədə o, mənə çox gözəl bir məktub yazıb. Məmnun oldum. Bilirsiniz, biz tənqidçilər, aydın məsələdir ki, xeyirdən çox şərə məruz qalırıq. Onun kitabı, düzü, məni yaman düşündürdü. Elə aydın, elə orijinal, elə müasir mövzulara toxunub ki, burada qaranlıq heç nə yoxdur. Deyəsən xanımınız sərbəst şeirdə olduğu kimi klassik üslubda da özünü çox gözəl ifadə edə bilir.
Daha sonra sözünə ara verən Henri Dəşvud tənqidçi olduğundan düşündü ki, bir az da iradlarını söyləməlidir və davam etdi.
— Hərdənbir adama elə gəlir ki, o, misralar arasında çətinliyə düşüb, amma nə olsun ki, Emili Dikinsonda da belə şeylərə rast gəlmək mümkündür. Kitabda elə gözəl qısa lirik şeirlər var ki, bunları, çox güman ki, yalnız Landor qələmə ala bilərdi.
Bütün bunlar Corca yalnız hətərən-pətərən danışıq kimi görünürdü. Bu tənqidçi adamın ətini tökməkdən başqa bir şey bilmirdi. İntəhası polkovnik ədəb-ərkanın nə olduğunu bilən şəxs idi və ona görə də nəzakətlə cavab verdi. Henri Dəşvud isə heç bir şey olmamış kimi nitqinə davam etdi:
— Kitabı daha da oxunaqlı edən hər misrada döyünən ehtiraslı bir ürəyin olmasıdır. Indi o qədər soyuq, zəif, yüksək intellektual səviyyəsi olmayan gənc şairlər var ki. Ancaq burada biz tam çılpaqlığı ilə insana xas güclü istək, ehtiras olduğunu görürük. Əlbəttə belə dərin, səmimi hisslər bəlkə də faciəvidir, kədərlidir. Ah, əzizim polkovnik, bir bilsəniz şairin böyük kədərlərdən kiçik nəğmələr yaratdığını söyləyən Henrix Heyne necə də haqlı imiş.
Bütün bunlar artıq Corc Pereqrinin səbir kasasını daşdırdı və o, ayağa qalxdı.
— Hmm, arvadımın kiçik bir kitabı haqda belə xoş sözlər söyləmək sizin tərəfinizdən alicənablıqdır. Əminəm ki, arvadım bundan çox məmnun olacaq. Ancaq indi mən getməliyəm. Gərək qatara çatım. Bir az da nahar edəsiyəm.
“Əməlli-başlı səfehdir” deyə yeməkxanaya qalxarkən polkovnik acıqla öz-özünə dedi. Corc naharın lap üstünə gəlib çıxdı və İv yatmağa gedəndən sonra öz iş otağına keçərək arvadının “Şeirlər” kitabını axtardı. Fikirləşdi ki, bir daha bu kitabı gözdən keçirsin, görsün ki, niyə bu kitab barəsində belə ağızdolusu danışırlar, amma tapa bilmədi. Yəqin ki, İv onu götürmüşdü.
— Səfeh!, — deyə mızıldandı.
Axı arvadına demişdi ki, kitab olduqca yaxşıdır. Bundan artıq nə demək olar ki! Nə isə, bunun elə də əhəmiyyəti yoxdur. Corc qəlyanını yandırdı və yuxusu gələnə qədər “Döyüş meydanı” əsərini oxudu. Bir-iki həftə sonra iş elə gətirdi ki, o, Şeffildə gedəsi oldu. Orada üzvü olduğu klubda qəlyanaltı etdi. Haverel hersoqu içəri daxil olanda polkovnik demək olar ki, yeməyini bitirmişdi. Bu şəxs o yerlərdə böyük maqnatlardan biri idi və heç şübhəsiz ki, polkovnik də onu tanıyırdı. Əlbəttə, yalnız uzaqdan uzağa. Ona görə də hersoq onun əyləşdiyi masaya yaxınlaşanda çox təəccübləndi.
— Biz çox təəssüf edirik ki, xanımınız həftə sonu bizə təşrif buyura bilmədi, — deyə o, bir növ utancaq səmimiyyətlə söylədi, — Biz çox xoş insanlarla tanışlığa ümid edirik.
Corc lap karıxdı. Güman etdi ki, yəqin Haverel camaatı həftə sonu İvi öz yerlərində görmək xahişi ilə ona müraciət ediblər və İv də bu barədə bir kəlmə belə əri ilə məsləhətləşmədən təklifdən imtina edib. Elə bu səbəbdən Corc üzrxahlıq etməyi unutmadı.
— Gələn dəfə yəqin ki, alınar, — hersoq lütfkarlıqla qeyd etdi və yola düzəldi.
Polkovnik Pereqrin yamanca qəzəblənmişdi və evə çatanda arvadına dedi:
— Qulaq as, bizim Haverelə dəvət olunmağımız nə məsələdir? Aman Allah, belə bir təklifi rədd etmək haradan ağlına gəlib? Bizi əvvəllər heç belə yerlərə çağırmayıblar, bu ki, ova çıxmaq üçün ən əla imkandır.
— Heç bu, mənim ağlıma gəlməyib. Fikirləşdim ki, bu, səni ancaq bezdirər.
— Lənət şeytana, sən hər halda məndən soruşa bilərdin!
— Bağışla.
O, diqqətlə arvadına baxdı. Onun gözlərində başa düşülməsi mümkün olmayan nə isə qəribə bir ifadə var idi. Polkovnikin qaşları çatıldı.
— Güman edirəm ki, mənim də gəlməyimi xahiş ediblər?!, — deyə bağırdı.
— Necə deyim, əslində yox.
— Səni mənsiz dəvət etmələrinə kobudluqdan başqa ad verə bilmirəm.
— Məncə onlar fikirləşiblər ki, ora sənin yerin deyil. Bilirsən ki, hersoginya qələm əhli və bu kimi adamlara rəğbət bəsləyir. Onun tənqidçi Henri Dəşvudla tanışlığı var və nəyə görəsə mənimlə də tanış olmaq istəyir.
— Iv, nə yaxşı ki, rədd cavabı vermisən.
— Bu, elə də çətin bir şey deyildi, — İv gülümsədi və bir anlığa tərəddüd etdi, — Corc, naşirlərim mənim şərəfimə kiçik bir banket düzəltmək istəyirlər və əlbəttə ki, sənin də gəlməyini xahiş ediblər.
— Inanmıram ki, bu, mənə uyğun bir işdir. Əgər istəyirsənsə, səninlə Londona gedə bilərəm. Hər halda birlikdə nahar etməyə adam taparıq.
Əlbəttə, bu adam yalnız Deyfn ola bilərdi.
— Məncə bu, zəhlətökən bir şey olacaq, ancaq nə olsun, onlar bunu lüzumlu hesab edirlər. Ondan sonrakı gün də mənim kitabımı alan Amerikalı naşir kokteyl gecəsi təşkil edir. Əgər etirazın yoxdursa. Sənin də orada olmanı istərdim.
— Lap zəhlətökəndir ha, amma doğrudan da gəlməmi istəyirsənsə gələrəm.
— Məni sevindirmiş olarsan.
Tarix: 09.06.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 337 Bölmə: Uilyam Somerset Moyem - "Polkovnikin xanımı"