Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məni özbaşıma buraxma, Tanrım
Məni özbaşıma buraxma, Tanrım

Yazılmamış bir romandır həyatım
Qeyri–müəyyən bir zamandır həyatım.
Sonu məchul bir gümandır həyatım
Məni özbaşıma buraxma, Tanrım...

Tərk etmə faili – muxtarlığıma.
Ərk etmə qaili – Muxtarlığıma.
Yoxsa çatammaram axtardığıma
Məni özbaşıma buraxma, Tanrım...

Fəlakət gələndə işarə etmir
Yaxşılıq edən də dübarə etmir,
Ağlım öz başımı idarə etmir
Məni özbaşıma buraxma, Tanrım...

Döz desən, dözümə inamım yoxdur
Söz versəm, sözümə inamım yoxdur
Özümün özümə inamım yoxdur
Məni özbaşıma buraxma, Tanrım...

***

Səndən başqa mütləq yoxdur həyatda
Kamil məxluq həqiqətdə nisbidir.
Ölümümüz, Olumumuz bir Qədər,
Əməlimiz mahiyyətdə kəsbidir...

Səndən başqa varlıq yoxdur həyatda
Varlıq nə var, Sənsən “Yox” Sən deyilsən.
Dəli yox olanda vəli var olar,
O mən Sənəm, ancaq Sən mən deyilsən.

Məndən başqa yoxluq yoxdur varlıqda,
Vəhdətdə Sən mənsən, mən Sən deyiləm.
Fitrətdə Mən Sənəm, xilqətdə mən mənəm,
Vüslətdə Mən Sənəm – Mən, mən deyiləm.


Tarix: 01.06.2015 / 11:20 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Tural İrfan
loading...