Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gelmisenmi - Musa Yaqub

İnanmıram,
İnanmıram!
Möcüzəyə necə uyum?..
Bu mənəmmi,
Bu sənsənmi?..
Dağ çayında axıb gedən
Geri dönməz bulaq suyum,
Dönmüsənmi, gəlmisənmi?..
Sən ey sevgi qanununda
Hökmünü də sərt bildiyim,
Ömrüm boyu hicranını
Çəkiləcək dərd bildiyim,
Daşda sınan şəlalə tək
Heç hirsini soyutmayan
Vaxtsız düşən,
Budağına qayıtmayan yarpaq kimi
Bu sevgini
Bitməz bilib,
O budağa əllərimi yetməz bilib
Daha ümid qapısını bağladığım
Ürəyimdə
İllər boyu saxladığım
Məhəbbətim, gəlmisənmi?
Bu mənəmmi, bu sənsənmi?..
Hansı yerdən keçib gəldin,
O yolları göstərin mənə,
Əbədilik yolum olsun.
Hansı ağac
Yollarına kölgə salıb
Göstər mənə,
Budaqları qolum olsun.
Hansı
Çiçək nəfəsindən ətirlənib,
Hansı külək
Yerişinə kömək olub,
Gəlişinə kömək olub,
Bundan sonra söylə mənə…
Bəxt ulduzum saçılacaq,
Bundan sonra
Buz altında
Çiçəklərim açılacaq.
Bundan sonra mənim üçün
"Cakonda"da şəkil deyil,
Gələr dilə.
Köz göyərər, su odlanar,
Daş yumşalıb pambıq olar -
İnanaram bundan belə.
Gözlərinin işığından
Boylanan bir gələcəyim
Mənə baxır…
Ey sərvərim,
Bəxtəvərim!
Dünya sevinc oldu axır.
Gəlmisənmi,
Bu mənəmmi,
Bu sənsənmi?..


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 176 Bölmə: Sevgi şerləri
loading...