Yaxşı ki, qış vaxtı getdin dünyadan
Qaldı qar altında xatirələrin
Bu həyət-bacada olmusan haçan?!
Hardadır məkanın, təzə yurd yerin?!
Ağ süküt içində səssizdir hər yan
Qalıb qar altında bütün ev-eşik.
Sən heç o eyvanda dayanmamısan
O dəmir körpüdən biz keçməmişik
O qaya bizə hec qucaq acmayıb
Yoxdur nam-nişanın cığırda-izdə
Heç vaxt o dağdağan yarpaq açmayıb,
Sən də olmamısan, o süfrəmizdə
Vələs budağında donub ahımız
Damcılar incidir o boz tənəkdə
O şaxda acmayıb gülsabahımız
Səndə olmamısan, o gül-çiçək də
O iş otağıma yəni yolun var?
Dağdağan yandırıb buz çılçırağı
Acılmış varaqdır daş stolum qar
Qanımla yazıram bu ağ varağı.
Yenə arxımıza qardı ələndi
Canımdan atəşi, odu apardı
Deyəsən sən idin arx kölgələndi
Daşda surətini yudu apardı
Səni pozan kimdi, məni yazan kim.
Sən indi ağ donlu soyuq mələksən
Dünyanın ən xoşbəxt adamısan ki,
Mənim ölməyimi görməyəcəksən.
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Sevgi şerləri