Bryus Li 1940-cı il noyabrın 27-də ABŞ-ın San-Fransisko şəhərindəki çinli məhəlləsində yerləşən mehmanxanada anadan olub. Həmin gün onun valideynləri, Çində operada komediya aktyoru olan Li Xoy Çen və anası Qreys Li ABŞ-da qastrol səfərində olublar. Yarı alman və katolik olan anası oğluna Li Can Fen adı verib. Bu, ingilis dilinə çevirəndə “San-Fransiskoya qayıdış” deməkdir. Qreys Li bunu belə izah edib ki, həmişə bir gün San-Fransiskoya qayıdacaqlarına və orada yaşayacaqlarına inanıb. Bryus adını isə körpəyə hospitalın tibb bacılarından biri verib.
Bryus Li uşaqlıqda dəcəl olub. O, küçə dava-dalaşlarının geniş yayıldığı bir məhəllədəki evdə böyüyüb, özü də bu dava-dalaşların aktiv iştirakçısı olub. Bir dəfə Bryus Li atasından xahiş edib ki, onu pullu kon-fu dərslərinə yazdırsın. Atası Bryus Linin nəhayət, küçə dava-dalaşlarından uzaqlaşacağı ümidi ilə onun bu istəyinə müsbət yanaşıb.
Gənc Bryus Li sərt və aqressiv vin-çun stilini seçib. Məşqlər zamanı 5 kilometr qaçan, qum torbasına saysız zərbələr endirən, cəld hərəkətləri ilə seçilən Bryus Li döyüş texnikasını mənimsəyir. O, qeyri-adi hərəkət sürətinə və fenomenal koordinasiyaya malik olub. Kon-fu ilə bərabər Bryus Li cüdo, ciu-citsu və boksu, müxtəlif silah növlərindən istifadə etməyi öyrənib, kon-fuda “Cit Kun Do” adı üslub yaradıb. Bu döyüş üslubu iki hərəkət əvəzinə bir hərəkəti nəzərdə tutur. Yəni zərbəni dəf etmə, sonra zərbə endirmə eyni anda yerinə yetirilir.
Bryus Li kinoya uşaq yaşlarında Honkonqda başlayıb. Ona çətin uşaq, yaxud küçədə böyüyən davakar yetim uşaq rolu verilib. Bryus Li ümumilikdə 20 Çin filminə çəkilib. O, 19 yaşında ABŞ-a yollanıb, əvvəlcə San-Fransiskoya, sonra Sietlə gəlib. O, burada Edisson Texniki Məktəbini bitirib və Vaşinqton Universitetinə daxil olub. Bryus Li 1971-ci ilədək ABŞ-da bir neçə teleserialda kiçik rollarda çəkilib, eyni zamanda şəxsi dərslər verməyə başlayıb. Onun tələbələri arasında aktyorlar Stiv Makkuin, Ceyms Koburn, Ceyms Qarner, rejissor Roman Palonski, basketbolçu Karim Abdul-Cabbar, ssenarist Stirlinq Sillifant kimi məşhurlar var.
Bryus Li hər zaman öz ağlı və döyüş ustalığını nümayiş etdirib. O, saatlarla məşq edib, inanılmaz ustalıqlar göstərib. ABŞ-da ona filmlərdə baş rol verilmədiyi üçün 1971-ci ildə Honkonqa qayıdıb. Honkonqda o, yeni açılan Golden Harvest kinostudiyasının direktoru Raymond Çou ilə danışıb və “Böyük döyüş” filmində baş rola çəkilib. Film böyük uğur gətirib. Növbəti, “Çin səlistliyi” adlı ikinci film 1972-ci ildə ekrana çıxıb.
Bryus Li 1972-ci ildə Raymond Çou ilə birlikdə özünün “Konkord film” kinostudiyasını yaradır. Həmin il də “Əjdahanın yolu” filmini çəkir və baş rollardan birini oynamaq üçün ABŞ-da karate üzrə çempion olan Çak Norrisi dəvət edir. Dünya kinematoqrafiyasının klassikləri sırasına daxil olan, döyüşlərlə zəngin bu filmdə Bryus Li və Çak Norris döyüş səhnəsi yaddaşlarda daha çox həkk olunub.
Bryus Li 1972-ci ilin oktyabrında “Ölüm oyunu” filminin çəkilişinə başlayır. Bu dövrdə “Warner Brothers” teleşirkəti ona əlverişli müqavilə təklif edir və “Əjdahanın çıxışı” adlı filmdə çəkilməsini istəyir. Bryus Li bu təklifi qəbul edir və “Ölüm oyunu” filminin çəkilişlərini dayandırır. 1973-cü ildə çəkilən “Əjdahanın çıxışı” Bryus Linin son filmi olur. Bu film onun ölümündən bir neçə həftə sonra ekranlara çıxıb və öz dövründə rekord qıraraq “Warner Brothers” kinostudiyasına 300 milyon dollar gəlir gətirib. “Ölümlə oyun” filmi isə Bryus Linin ölümündən 5 il sonra ekrana çıxıb. Bu film dublyorun köməyi ilə çəkilib. Yeni rejissorlar filmin ssenarisində dəyişiklik edir və film Bryus Linin özünün həyatına, ölümünə həsr olunur. Film böyük uğur qazanır, kon-fu və digər Şərq döyüş növlərinə maraq artır.
Bryus Li 20 iyul 1973-cü ildə Honkonqda baş ağrısına qarşı dərmanı içdikdən sonra qəflətən vəfat edib. Aktyorun ölümünün rəsmi səbəbi kimi dərmanın təsirindən beyninə qan sızması göstərilir. Bryus Linin ölümü Honkonqda hər kəsi şoka salıb. Bryus Linin dəfni Asiyada geniş matəm mərasiminə çevrilib. Dostları və minlərlə insan onunla vidalaşmağa gəlib. Daha sonra Bryus Linin cəsədi Sietlə göndərilib. Ailəsi burada onunla vidalaşıb və Bryus Li Sietldə dəfn edilib. İndiyə qədər də Bryus Linin Sietldəki məzarına onun pərəstişkarları, sevənləri gəlir.
Bryus Li döyüş sənəti sahəsində əfsanələşib. Onun həyatı və yaradıcılığı haqqında indiyə qədər 30-a yaxın film çəkilib. 2005-ci ildə Honkonqda Bryus Linin heykəlinin açılışı keçirilib.
Qeyd edək ki, Bryus Li 1964-cü ildə kon-fu dərsi keçdiyi tələbəsi Linde Emeri ilə ailə qurub. Cütlüyün iki övladı olub — 1965-ci ildə oğulları Brendon və 1969-cu ildə qızları Şennon dünyaya gəlib. Atası kimi döyüş ustası və aktyor olan Brendon Li çəkiliş meydanında faciəli şəkildə həlak olub. Ona boş güllə əvəzində həqiqi güllə atılıb.
Bryus Linin nəvəsi və qızı ABŞ-da Bryus Li Fonduna rəhbərlik edirlər.
Tarix: 08.01.2013 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 930 Bölmə: Sənətkarlar