Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Damcılar
Damcılar

Gözəlmiş göz yaşlarım,
Sevirmişsən onları!
Sənə dərd olammadım,
Dərdim ol, ovun barı!

Ağlı kəsəndən bəri, bir damcı da göz yaşı axmamışdı. Cəbhə bölgəsində şəhid düşmüş böyük qardaşının dəfn mərasimində, ilk dəfə, ağlamağa cəhd etdi.

Lakin, çifayda! Qızardı, bozardı... Amma, ağlaya bilmədi ki, bilmədi. Bircə damcı belə!

Hamı onu şən və gülərüz bir insan kimi tanıyırdı.

Bir problemi olan onunla danışsaydı, cəmi beş dəqiqədə əhvalı dəyişərdi. Hətta, sevgi əzabı belə, ona tamam yad idi. Çünki, heç vaxt sevməmişdi.

Ona görə yox ki, mənim qəhrəmanım sevməyi bacarmırdı.

Və ya, seviləcək birisi deyildi... Sadəcə, özü dediyi kimi, gördüyü heç bir qızdan gözü su içmirdi onun. O qızların gözlərindən sevgi dammırdı qəlbinə. Bircə damcı belə!

Ali məktəbə daxil oldu. Həyatının yeni mərhələsi başladı.

Bir gün, bütün dostları sevgililəriylə görüşmək üçün, onu bufetdə tək buraxdığında, “Bəlkə, bəsdir sevgisiz gəzdim!? Mən də kiminləsə sevgi sınayımmı?” deyə düşündü. Bir-iki il içində, bir neçə qızla münasibət yaşadı. Amma, heç biri ilə heç nə alınmadı.

Ona sevgi şərbətindən daddıra bilmədilər. Bircə damcı belə!

Üçüncü kursda ikən, təsadüfən bir qızla tanış oldu. Bax, elə hər şey bu tanışlıqdan sonra başladı. Heç, özü də bilmədən, bu qıza aşiq oldu. Dəlicəsinə sevdi. Sevgi şərbətinin ilk damcısını daddı. Amma, başı elə gicəlləndi ki...

Sən demə, vicdansız ona şərab veribmiş! Sərxoş edibmiş mənim qəhrəmanımı! Ayıldıqda isə... Artıq, o qız yox idi!

İlk dəfə dəlicəsinə sevdi... Və heç nəyin üstündə də, itirdi sevdiyini! Bu, ona çox pis təsir etmişdi. Cavabsız suallar çox yorurdu beynini! Bir gün, hardansa ağlına gəldi ki, o vaxtadək bir damcı belə dadmadığı spirtli içki içsin.

Və içdi! İlk damcıdan qurşandı sərxoşluğa! Günlərini əyyaşlıqla keçirdi. Evə sərxoş gəlib yatdığı növbəti bir gecə, yuxusunda babasını gördü. Rəhmətlik onu necə qınadısa, həmin yuxudan sonra, içkini də tərgitdi!

Daha dilinə vurmadı insanı alçaldan bu şeytan suyundan. Bircə damcı belə!

Düzəlmişdi. Gücünü, iradəsini toplamışdı.

Lakin, o qızı hələ də unuda bilmirdi. Qəlbinin dərinliyində sevirdi onu! Dəlicəsinə! Yenə dadmaq istəyirdi onun içirtdiyi şərabdan! Amma, qürurunu sındırmaq, ona dil-ağız etmək fikrində deyildi. Daha, ona görə göz yaşı axıtmaq istəmirdi. Bircə damcı belə!

Ancaq, atalar yaxşı deyib: “Sən saydığını say, gör, fələk nə sayır!” Nə qədər o qızla görüşdən qaçsa da, qismətdən qaça bilmədi. Təsadüfən, yenə də rastlaşdılar. Və...

Barışdılar! Bu dəfə daha səmimi görünürdü sevgilisi ona. Daha xoşhal olurdu qəhrəmanım. Qızın səhvlərindən peşman olduğunu və onun sevgisinə güvəndiyini sandı.

Əvvəl olduğundan daha möhkəm bağlandı sevdiyinə, daha güclü sevdi onu! Ondan başqa heç kimi düşünmürdü. Hətta, Allahı belə, düşünməyəcək qədər! Sevgi beləymiş! Bütün prinsiplərə tüpürdürmüş məhəbbət!

Mənim qəhrəmanımla da belə oldu. Bütün səmimiyyəti ilə inandı ki, sevgilisinin dadızdıracağı eşq badəsindən Dirilik Suyu axacaq dodaqlarına. Və ömrünü bəzəyəcək ilk Kövsər damcısı! Amma ki...

Heyhat! Heç nə dammadı badədən. Yanıldı binəva gənc! Xoş heç nə dada bilmədi bu barışıqdan. Bircə damcı belə!

Xəyanətlər gördü o! Birini bağışladı... İkincisi gəldi! Qız onu qısqandırmaq və cırnadıb özündən ayırmaq üçün, sanki, qəsdən, əlindən gələni edirdi. Qəhrəmanım da bezmişdi bu olanlardan!

Nə qədər küsüb barışmaq olardı axı? Artıq, özü də ayrılmağa qərar vermişdi. Lakin, bacarmırdı! Onu sevirdi! Elə, sevdiyinə görə də, dəfələrlə bağışlayıb şans verməyə hazır idi!

Yazıq anlamırdı ki, yaxşılığı anlayana edərlər! Onun göz yaşları qızda vicdan oyada bilmirdi. Onun üzüntüsünü vəfasıza anlatmaq qüdrətində olan heç bir şey yox idi, sanki!

Bir mübahisənin sonunda, qəhrəmanım təngə gəldi. Əsəbdən gözləri doldu... Və qəhər içində boğula-boğula danışmağa başladı: “Mənə heç yazığın gəlmir? Bu müqavimətlər, mübahisələr məni cana yığdı.

Ya ikimiz də bir-birimizə güvənib səmimi olaq, ya da ayrılaq! Sənin niyyətini bilmək istəyirəm! Ayrılırıq? Yoxsa...”

Qız çoxdan gözləyirdi bu anı, sanki! Bir an belə düşünmədən “ayrılırıq!” dedi. Gəncin ürəyi sancdı. Heç nə deyə bilmədi daha! Gözlərindən sürətlə yaş süzülməyə başladı.

Dünya başına döndü onun! Bir an, hər şeyə nifrət etdi. Onun göz yaşları yanağından süzülərək tam qızın qarşısında yerə damcılayırdı. Qız isə, məğrur-məğrur baxırdı. Sanki, damarlarından insan qanı axmırdı. Bircə damcı belə!

Ayrıldılar. Oğlan daha bilmirdi nə etsin! Günlərini otağına qapanmaqla keçirirdi. Sonda, ailəsi qərara gəldi ki, onu Avropa ölkələrindən birinə yollasınlar. Bəlkə, o qızdan uzaqda, yeni həyat qura bilər deyə.

O getdi... Lakin, o qızı da öz qəlbində apardı. Dərdi qovmaq çətin imiş! Yuxuları qarışdı. Əsəbləri tam tarıma çəkildi. Hər gecə yuxusunda sevdiyini görər, hər səhər isə, yada salıb ağlardı.

Özü də təəccüb edirdi bu zəifliyinə. Nə edə bilərdi ki!? Yeni həyat başlamağa gücü çatmırdı onun! Başqa qızlar da onun göz yaşlarını qurutmaqda aciz idi. Zavallı üçün ağlayan yox idi. Bircə damcı belə!

Bir gün, təsadüfən tanış olduğu bir narkomanın “hədiyyə”sini daddı. Və beləcə, o da oldu narkoman! Təqribən, bir aya qədər bu tövr vaxt keçirdi. Bir gün, hər şeydən bezdi. Süni xəyallarda uçmaqdan da!

Təngə gəldi narkotik təsəllidən! Geriyə yol yox idi. Artıq, qayıtmaq da istəmirdi. Həyat cansıxıcı gəlirdi ona! Birdəfəlik ölmək isə, çox çətin! İntihar edəcək gücdə də deyildi o! Zəiflərin zəifinə döndü qəhrəmanımız!

Çox düşündü... Və nəhayət, son “çıxış yolu” tapdı: artıq doza qəbul etmək! Sınadı. Son damcının həzzi ilə...

...Gözlərini xəstəxanada açdı. İki sutkadan çox komada yatmış imiş, sən demə! Atası onun çarpayısının yanında oturub, başını qucaqlamışdı. Gözlərindən isə, yaş süzülürdü.

Qəribədir! İndiyədək, atasının ağlamasını görməmişdi. Bircə damcı belə!


Tarix: 08.06.2015 / 18:05 Müəllif: Aziza Baxılıb: 146 Bölmə: Rüfət Əhmədzadə
loading...