Yolun o tərəfində park var. Bu tərəfində isə, dayanacaq. Dayanacaqda adamlar… Adamlar içində də, bir adam.
Mənim hekayəmin qəhrəmanı. Yox, yox, iki qəhrəmanımdan biri. Açığı, heç qəhrəman siması da yoxdur onda. Amma, o biri qəhrəmanım… Maşallah! Əzəmətinə söz ola bilməz.
Beləliklə, bir qəhrəman durub dayanacaqda, o biri qəhrəman isə, yolun o biri tərəfindəki parkda. Düz parkın ortasında. Və düz birinci qəhrəmanımla üzbəüz.
Əslinə qalsa, özüm də çaşıb qalmışam, bilmirəm, hansına “birinci” deyim. Hər halda, kimdən birinci söz açdıqsa, onu da birinci qəhrəman hesab edək, gəlin.
Deməli belə! Birinci qəhrəman miskin bir görkəmdə, ikinci isə təntənəli və dəbdəbəli pozada.
Və nimdaş kostyuma büzüşmüş, məyus simalı arıq qəhrəmanıma ikinci qəhrəman meydan oxuyur. Canlı-cüssəli, şux geyimli, dik qamətli, irəliyə sinə gərmiş abidə.
Üzündən də arxayın təbəssüm və nur yağır. Dayan, dayan! Diqqətlə baxanda, təbəssüm yox, istehza sezmək olar. Nur isə, Günəş şüalarından əriyib rəngdən-rəngə çalan quş ifrazatının parıltısı imiş deyəsən…
…Sağ əlini də şövqlə qabağa uzadıb. Birinci qəhrəmanım qarışıq dayanacaqdakı adamları təntənəylə salamlayır o sanki. Amma, hərənin başı bir işə qarşıb.
Tək olanlar ya irəli-geri qısa addımlar atır, ya da sakitcə yerində dayanıb önündən şütüyən maşınları və maşınların içindəki adamları seyr edir… Cüt olanlar bir-biriylə deyir, gülür, qucaqlaşır, mazaqlaşır…
İkidən çox olanlar kollektiv müzakirələr aparır…
Uzaqdan-uzağa baxışlarla atışan gəncləri də saymaqla, hamı məşğuldur bu an.
Bircə, bizim “birinci”dən savayı. Necə də şüursuzdur dayanacaqdakı çoxluq! Və necə də nizamsız. Sanki, bir sürü kimi! O cür heykəl bu cür cılız məxluqları atəşin salamlayır, amma, onlar… Sıfır reaksiya!
Açığı, bizim insancığaz qəhrəmanımızda da durum “sıfırvari”dir. Baxmayaraq ki, iki gözü də heykəldədir, heç layiqincə qarşılıq vermir onun təbəssümünə. Bəlkə də verə bilmir.
Nəzakətli və ünsiyyətcil insanlara yaraşmayan şəkildə, seyr eləyir heykəli. Bir az heyrət, bir az həsəd, bir az da… Əlbəttə ki, nifrət! Sanki, bu heykəldən bir pislik görüb. Duruşundan da göz dağı alır onun.
Birdən, heykəl nəhəng bir əjdaha kimi böyüyür gözlərində insanın. Və ona elə gəlir ki, heykəl bu dəqiqə qətiyyətli addımlarla irəliyə gələcək, yolu keçəcək… Və elə gülə-gülə də, havadakı sağ əlini düz dayanacaqdakıların üzərinə endirəcək.
Hamı xurt-xəşil olacaq yerində… Diksinib, kənara qaçmaq istəyir bir anda. Amma, bir anlıq duruxur və anlayır ki, onun qorxduğu sadəcə heykəldir.
Axı, hardan peyda oldu bu heykəl!? Kim gətirib qoydu onu bu parka? Əslində, heç kim. O özü gəldi çıxdı. Yerini də qabaqcadan hazırlatmışdı sanki. Amma, mənim “birinci”m də yaxşı bilir ki, bu heykəlin yerində başqa heykəl ola bilərdi.
Olmalıydı da! Amma, olmadı. Çünki, mənim “ikinci”m çox zirək heykəl oldu. Özündən qabaq gələn bütün heykəllərin ayağından dartaraq, “zərərsiz” edə bildi. Tək və yek heykəl oldu!
Qəribədir, deyilmi? Heykəllər arasında da ayağdandartma varmış. Onlar, biz insanlardan da qəddar və təhlükəli ola bilərlər. İnanmırsınız? Cəsarətiniz varsa, şəhərinizdə “bərkduran” bir heykələ yaxınlaşıb sataşın. Bilirəm ki, bunu heç kim eləməz. Hətta, mən də. Axı, mən də sizlərdən birisiyəm!
“Birinci”ni yaxşı təqdim etmədim. O, müəllimdir. Adi tarix müəllimi.
Amma, heç də içindən adi olmaq gəlmir onun. Sanki, o da heykəl olmağa iddialıdır. Yəqin, ona görə də, nifrət edir heykələ. Amma, bu heykəl, onun işin-həyatının ayrılmaz hissəsidir.
Dərs otağında bu heykəlin portreti, kitablarda da, sinif jurnallarında da, şagirdlərə qiymət yazdığı gündəliklərdə də… Hər yerdə var bu heykəlin hırıldayan sifəti!
Sanki, “birinci”nin acığına gülür “ikinci”. Sanki, ona yanıq vermək üçün, hər tində yekə plakatlarda çıxır qarşısına.
Hələ, özü bəs deyilmiş, gələcək bir heykəli də alıb yanına gülür. Elə hey bir-birlərinə baxıb gülürlər onlar.
Sanki, demək istəyirlər bir-birinə: “Gör, bu cür mübariz bir xalqı necə də sındırmışıq.
Yox, əymişik və istədiyimiz formaya salmışıq– lap plastilin kimi! Ha-ha-ha!”
Müəllim isə, barışa bilmir bu tale ilə. Daha bu təbəsümü seyr etməyə də mənəvi dözümü qalmayıb. Heç maddi də. Günü-gündən pisləşir vəziyyəti. Səhhəti də korlanır, borcları da artır, uşaqları böyüdükcə qayğısı da çoxalır.
Gözlərinin qarşısında isə mütriflər yetişir məktəblərdə.
Elə, özü də bu cinayətdə iştirak edir – istəmədən olsa belə! Buna görə, mənəvi əzab çəkir. İstəyir ki, bağırsın. Və hər şeyi danışsın. Bu heykəlin tarixini, uydurma tarixini alt-üst eləsin. Əsl, həqiqəti danışsın uşaqlara…
Amma, nə etmək olar? Bu heykəlin özü boyda olmasa da, onu boyda heykəlləri aşırdacaq gücdə olan adamları da varmış.
Bu heykəlin kölgəsində, başqa adamları heyvan kimi otaranlar üstəgəl. Həm də, heyvan kimi parçalaya, didişdirə bilirlər.
Adama da toxunmasalar, onun bütün yaxın adamlarını gözünün qarşısındaca əzə bilərlər. Çox acımasız adamları var imiş bu heykəlin!
Mənim birinci qəhrəmanımın da adamları var – onun əlinə baxan.
Xəstə təqaüdçü anası, evdar həyat yoldaşı və iki məktəbli uşağı. Başqa heç kimi. Yetimdir, yiyəsizdir… və heykəlsiz! Elə, ona görə də, susmalıdır, dözməlidir… Heykəlin arzularını çin etməlidir insan…
… O yenə də, içində hayqıra-hayqıra, səssiz işə gedəcək. Öz oxuduqlarını və bildiklərini unudubmuş kimi, heykəlin yazdığı və yazdırdıqlarını öyrədəcək şagirdlərə. Və dərs keçə-keçə, canlı robotlar yetişdirə-yetişdirə, bir həftəyə tükən bir məvacibin yolunu həsrətlə gözləyəcək. Günlərini sayacaq.
Maaş alanda isə… Qəzetpulu, gülpulu, biletpulu, salyarkapulu, təmirpulu, portretpulu, plakatpulu və digər “fövqəl-qanuni” vergiləri mühasibatdaca ödəyərək, zəhməthaqqısının ona qalan 60-70 faizi ilə evə dönəcək.
Elə yoldaca, o məbləğin də 60-70 faizini işıqpulu, qazpulu, supulu, telefonpulu və evpulu kimi qanuni vergilər üçün bir cibində ayıracaq…
Qalanı ilə isə, ay boyu nisyə ərzaq yazdırdığı dükana girib borcunu ödəyəcək, evə yüngülvari bazarlıq edəcək və bir həftə keçməmiş yenə də boynubükük qayıtmaq üçün, ötəri fərəh və rahatlıq hissi ilə tərk edəcək o məkanı.
Əlbəttə ki, onun bütün uğuru, sevinci, təbəssümü ötəri olacaq. Daimilik yalnız heykələ və onun gələcək heykəllərinə məxsus ola bilər axı! Onların arasında isə, mənim birinci qəhrəmanım yoxdur…
… Budur, “birinci”nin gözlədiyi marşrut avtobus gəlib çıxdı, nəhayət. İndi, minib evə gedə bilər. Lakin, onun kimi bu avtobusu gözləyən çox imiş. Avtobusun qapısı ağzında basaraq yaranır.
O bunu itələyir, bu onu dirsəkləyir… Birinci isə, dirsəklərə, itələmələrə əhəmiyyət vermədən, birtəhər özünü içəri salıb, bir-biri ilə ufuldaya-ufuldaya mehribanlaşmış vətəndaşların arasında özünə yer tapır. Daha doğrusu, ayaqlarına.
Sol əliylə yuxarıdakı tutacaqdan yapışır, sağ əliylə isə, bayaqdan mənim də gözümdən yayınmış köhnə dəri çantasını bərk-bərk qoynuna sıxır.
Və başını azacıq irəli əyərək, hələ də qarşısında duranları və gəlib-keçən adamları salamlayan heykəli süzür yenə.
Bir anlığa düşünür: “Görəsən, bu heykəli necə ağlatmaq olar?”
Tarix: 08.06.2015 / 18:05 Müəllif: Aziza Baxılıb: 111 Bölmə: Rüfət Əhmədzadə