Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ bəylərbəyliyi Tarixi

Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı Hüsaməddin Məmmədov-Qaramanlı bu barədə yazır: "İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisi, əsasən, dəyişməz olmuşdur. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, qəza-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzası na qədər uzanırdı".[1]

Qarabağ bəylərbəyliyinin geniş əraziyə malik olmasını görkəmli sovet şərqşünası İ.P.Petruşevski də təsdiq edir. "İrsiyyətə keçən bəyərbəyliklərdən ən səciyyəvi nümunə Ziyad oğlu sülaləsinin hakimiyyəti altında olan Qarabağ bəylərbəyliyidir. Onlar Qızılbaş Qacar tayfasının Ziyəddin oymağından idilər. Həmin bəylərbəylik XVI əsrin birinci yarısından başlayaraq 300 ilə yaxın Ziyad oğlu sülaləsinin hakimiyyəti altında olmuşlar."

Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin tərkibində yerli inzibati-ərazi vahidi kimi xristian məlikliyi yaradılmışdı. Erməni müəllifləri və onların digər həmfikirləri Qarabağ ərazisində mövcud olmuş beş xristian məlikliyinin rolunu şişirtməyə, hər bir məlikliyi az qala "erməni milli dövlətçiliyi"nin nümunəsi, "əsrlər boyu erməni dövlətçililiyi ənənələrini qoruyub saxlayan, yaşadan" qurum, knyazlıq və s. kimi təqdim etməyə və eyni zamanda erməni əhalisini tarixi Qarabağ ərazisinin yerli sakinləri olduğunu sübut etməyə çalışırlar. Məsələn: erməni tarixçisi A.R.İoannisyan Qarabağ və İrəvan torpaqlarını erməni əhalisinin əsas hissəsinin cəmləndiyi "tarixi Ermənistan ərazisi" adlandırmaqla yanaşı, Nadir şah dövründə Qarabağ ərazisində olan xristian məlikləri "faktiki olaraq müstəqil hakimlər, öz ərazilərində tam ixtiyar sahibi, özlərinə məxsus hərbi qüvvəyə malik knyazlıqlar" kimi təsvir etmişdir.

İlk olaraq məliklərin özləri haqda: XIX əsr Qarabağ salnaməçilərinin məlumatlarına fikir verək. Mirzə Adıgözəl bəy Qarabağiyə görə, Xəmsə adı ilə məşhur olan beş mahalın hər birinin ayrı adı vardı. Bu mahalların sayı beş olduğundan, onlara Xəmsə adı verilmişdi. Dizaq məliyi Yeqan – Loridən, Vərəndə məliyi Şahnəzər – Göycədən, Çiləbörd məliyi Allahqulu- Mağavizdən, Gülüstan­ (Talış) məliyi Usub – Şirvandan gəlmədirlər. Bu məlikliklərdən yalnız birinin – Xaçının məlikləri Həsən Cəlalyan övladıdır. Digər "Qarabağnamə" müəllifləri də eyni faktı təsdiq edir. Hətta, əslən Cənubi Azərbaycan ermənisi olan Mirzə Yusif Qarabaği də öz əsərində məliklərin Qarabağa gəlmə olduğunu qeyd edir. Dövrün digər bir mənbəsində "Təzkirət-əl-mülk"də Qarabağ məliklərinin adları yoxdur. Bu onunla izah oluna bilər ki, …bu məlikliklər "ölkə"yə nisbətən daha xırda feodal mülkləri idilər, ikincisi məlikliklər XVII-XVIII əsrdə formalaşmışlar və XVIII əsrin əvvəllərində onların irsi mülklər kimi statusu hələ tam tanınmırdı".

Qarabağın xristian məlikliklərinin əhalisi haqqında: erməni tarixçilərinin və onların həmfikirləri tərəfindən ictimaiyyətin beyninə belə bir fikir yeridilməkdədir: Qarabağ məlikliklərinin əhalisi ermənilərdən ibarət olmuşdur. Məliklərdən dördünün- İsay, Şirvan, Sergey və İosifin 1723-cü ilin martında rus çarı I Pyotra yazdıqları məktubdan aydın olur ki, o zaman Azərbaycanda yaşayan xristianlar özlərini alban adlandırmışlar.

İndiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə halında yaşayan ermənilərin müstəqil dövlət yaratmaq arzusuna təkan verən amillərdən ən başlıcası XVI- XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. Bu müharibələrdə hər bir məqamdan məharətlə istifadə edən ermənilər yeni-yeni Azərbaycan torpaqlarını osmanlılardan satın almışlar. H.Məmmədov İbrahim Rəhimizadənin "Gəncineyi-fəthi-Gəncə" əsərinə istinadən göstərir ki, 1588-ci ildə Gəncə-Qarabağ bəylərbəyi Məhəmməd xan Osmanlı ordusunun Gəncə şəhərinə yaxınlaşmasından bir neçə gün əvvəl tabeliyində olan 50 minə qədə insanı və öz ailəsini əyalətdən çıxarıb, Araz çayını keçərək Qaradağda yerləşdirsə də, bura gəlmiş Osmanlı ordusu tamamilə onları məhv etmişdir. Gəncə-Qarabağ əyalətinin qeyri-müsəlman olan məlikləri isə gəlib osmanlılara itaətini bildirdilər və bunun müqabilində öz vəzifələrində qalmaqla yanaşı, həm də yeni torpaqlar da aldılar.


Tarix: 08.01.2015 / 13:53 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Qarabağ bəylərbəyliyi
loading...