Hələ axırıncı yüzü içmirdi, qabağına qoyub düşünürdü: «Onsuz da Qasım kişi çıxmadı, bu dünyanın özü kişi deyil, arvaddı. Qasım da onun qarnından çıxıb. Orda-burda «aktiv» deyə-deyə özünü gözə dürtdü. Onun içini mən bilirəm, atası, anası kimdi, mən bilirəm».
Pişik üzünü onun qıçına sürtdü. Qucağına alıb, pişiyi öpdü. «İnsanlarda inam azalıb, heç kəs mənə inanmır, bir söz deyəndə gərək and içəsən, sən öl vurasan, ananı qəbirdən çəkib gətirəsən».
Birdən stəkandakı araqda bir tük göründü, iriləndi və nazik yaşıl ota oxşadı. Bir ay bundan qabaq da belə olmuşdu, içdi, içəndən sonra həmin hadisə baş verdi.
Gördüyü qələm kimi qızlar xoşuna gəlirdi. Yüngülvari evlənmişdi. Bir il yaşadıqdan sonra qadını onu atıb getdi, saxlaya bilmədi. Içgiyə qurşandı, sonra birini möhkəm əzişdirdi. Həbs olundu. Həbsdən qurtardıqdan sonra bir müddət işsiz gəzdi. Və gəlib qırx yaşına çatdı. Qasıma nifrət eləyirdi. Qasım kimi olmaq istəmirdi. «Lüt Qasımı arvadı vəzifəli kişilərlə orda-burda ola-ola kişi elədi, böyütdü».
Hər axşam bu «stalovada» oturar, vurar, evinə gedərdi. Evinin qabağında ağac dirəyini qucaqlar, öpər, öpər, dodaqlarını qanadınca əl çəkməzdi. Sonra aşağı sürüşər, başını quru ağac dirəyinə söykəyib yuxuya gedərdi.
Keçən ildən bəri həmişə araq içində axırıncı yüzün içərisində tükə bənzər şey görünər, sonra yaşıl ota çevrilərdi. Zənn edərdi ki, çox içib. Ona görə də axırıncı yüzü içməz, yerə tökərdi, yaşıl ot da yoxa çıxardı.
İndi intizarla onun yolunu quru ağac dirəyi gözləyir, qara saçları, şümal bədəni darıxırdı. Əsərrənə-əsərrənə gedəndə qabağına çoxlu dirəklər çıxar, ancaq heç birini öpməz, evdəki tənha ağac dirəyi üçün tələsərdi. Hər ikisi sonsuz idi, ağac da, o da. Arağın içindəki ot get-gedə böyüyür, işıqlanırdı. İşıqlana-işıqlana yellənirdi. Keçən ay bir dəfə yüz qramla birlikdə otu da uddu. Ağzı ot tamı verdi, qolları, ürəyi darıxmağa başladı. Qollarının içərisindən uşaq səsi gəlirdi, əzələləri daha da şişdi, qolları özüynən davaya qalxdı. Qoluynan dalaşırdı, ayağıynan dalaşırdı, gözləriynən dalaşırdı. Əvvəl-axır ayaqları, qolları onu yıxdı, yerdə eşələnməyə başladı. Ancaq qolundan gələn səs istiydi, tanışıydı, öz səsinə oxşayırdı. Sonra ayağa qalxıb evlərinə getdi. Ağac sevgilisinə söykənib ağlamağa başladı. Canı ağrıyırdı, hər şeyi yaşıl ot elədi. Bax, onda qonşudan dul Tünzalə yüyürüb onun qollarını ovxaladı.
– Qollarım dağılır, Tünzalə, ayağım çığırır.
– Niyə dağılmasın, ay rəhmətliyin oğlu, yaşın ötüb, evlənmirsən. Neçə ildi canında, qolunda oğlun, qızın darıxır. Axı, oğlun da, qızın da yaşamaq istəyir. Görmürsən qolun nə yoğundu. Vallah, canındakı uşaqlarındı eey, səni rahat buraxmır, onların toylarıdı, gücləridi səni belə yıxıb sürüyən, bu kökə salan. Evlən, uşaqlarını dar məhbəsdən qurtar.
Onda hiss etmişdi ki, Tünzalə necə mehribandı, əlləri necə yumşaqdı. Canı sakit olmuşdu.
İndi yenə axırıncı yüz qram idi. İçində də həmin yaşıl ot. Yox, içməyəcəkdi. Gözləyirdi, görsün bu yaşıl otun axırı nə olur. «Bu dünya Qasım kimilərindi. Yox, elə yaşamaq da bir kişilik deyil. Tünzalə deyirdi ki, evlənməsən, elə bilərsən, canında uşaqların da ölər. Qoy evlənim, uşaqlarım olsun, onları böyüdəcəm. Qoy Qasımın canı çıxsın».
Birdən arağın içindəki yaşıl ot hərəkətə gəldi və sarı quş dimdiyi kimi başını çölə çıxartdı. Bənövşə idi… Qışqırdı: «Bənövşə, bənövşə». Yüz qram arağın içində bənövşə bitmişdi. Saralmışdı… Getdikcə bənövşə başını yuxarı qaldırırdı. Demək keçən dəfə bənövşə yemişdi. Yenə qışqırdı: «Bənövşə, bənövşə». Pişik ona yorğun-yorğun baxırdı, görünür inanmırdı. Stalovanın işçiləri başına toplaşmışdı. Heç kəs bənövşəni görmürdü. Elə yüz qram da yüz qram idi.
– Siz bənövşəni görmürsünüz? Budur eey, mənim arağımın içində. Mən üzəcəyəm onu, əl vurmayın.
O, əl atıb yüz qramın üstündən nəsə götürdü.
– Bu bənövşəni Tünzaləyə aparacağam. Bu gülü onun yaxasına sancacam. Deyəcəyəm: səni sevirəm, sevirəm, sevirəm, mənim uşaqlarım olacaq…
Hamı onun əlinə baxırdı, heç kəs bənövşəni görmürdü. Yüz qram araq stolun üstündə qalmışdı.
Tarix: 08.06.2015 / 17:53 Müəllif: Aziza Baxılıb: 139 Bölmə: Qəşəm Nəcəfzadə