Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xocalı mövsümü fevral
Xocalı mövsümü fevral

Yanvar ayından başlayır Azərbaycanın
matəm mövsümləri...
Qan fışqırır televizorlar...
Məhkəmələr təzədən işə düşür...
Xocalını göstərirlər...

Oğlum deyir ki, mənə keçən ilki lentdi...
Həmin uşaqdı yanında potu...
Mən ondan kiçik idim,
Böyüyüb keçdim onu - deyir oğlum.

Xocalı mövsümüdür bu ay
Lentin tozu alınır...
Bir də göstərilməyi qaldı gələn ilə .

Xocalını göstərirlər...
Həmin kişidir yenə,
Heç böyüməyib,
Saqqalı ağarmayıb.
Xocalını göstərirlər
Balaca uşaqlar,
Dirsəklənib təpələrə.
Böyüklər uzanmışdı deyə,
Aldanıblar böyüklərə.

Uşaqlar böyür - böyürə
Yan - yana uzansalar da,
Gəlib çatmadılar insafımıza.

Xocalını göstərirlər deyə
qadın keçdi mətbəxə,
Keçən ilki lentdi
Təkrardı-təkrar.

Müxbir küçədə
Kəlbəcərin getdiyi günü soruşur
nazlı bir oğlandan,
Güya bilsə nə olacaq,
Ya bilməsə?
Bəlkə Kəlbəcərin mövsümü başlayır
Onun da ayrıdı lentləri
Ölümləri ayrıdı
Ayrıdı dərdləri.
Sonra Zəngilanın ildönümü
Sonra Qubadlının, Ağdamın...

Xocalı mövsümüdü bu ay...
Kişiliyin qısır ayı...

Fırlat qardaş,
Onsuz da işin bu lenti fırlatmaqdı,
Allah gələn iləcən sənə ömür versin
Çünki sən bilirsən bu lentin yerini.


Tarix: 04.06.2015 / 18:10 Müəllif: Aziza Baxılıb: 161 Bölmə: Qəşəm Nəcəfzadə
loading...