Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

6-cı hissə:
6-cı hissə:

Mən onun gözlərində görürdüm ki, o dəfələrlə bunun necə baş verəcəyini – mənim saç düzümümdən tutmuş paltarımın rənginə qədər bizi əhatə edəcək hər şeyi xəyalından keçirib. Mən ona «hə» demək, «xoş gəlmisən» demək istəyirdim, demək istəyirdim ki, mənim ürəyim bu döyüşdə qalib gəldi. Mən onu necə sevdiyimi, bu dəqiqə necə arzuladığımı demək istəyirdim. Lakin susmaqda davam edirdim. Susmaq və sanki kənardan, yuxuda olduğu kimi, onun daxili mübarizəsini izləmək. Mən görürdüm ki, onun qarşısında mənim «yox» um dayanıb, məni itirmək qorxusu, yaddaşdakı, belə anlarda səslənən kəskin sözlər onu sıxır – zira biz hamımız bundan keçirik və indiyə qədər heç kim yara və çapıqlardan can qurtara bilməyib. Budur, nəhayət, onun gözləri parıldadı. Mən anladım ki, o, bütün bu əngəllərin öhdəsindən gəlməyi bacardı. Onda mən, əlimi onun əlindən çəkərək stəkanı götürdüm və stolun lap kənarına qoydum. -Düşəcək, - o xəbərdarlıq etdi. -Yəqin ki. Mən sənin onu atmanı istəyirəm. -Stəkanı sındırım? Bəli, stəkanı sındırmaq. İlk baxışda sadə bir hərəkət – lakin o, özündə o qədər qorxular gizlədir ki, biz heç vaxt onları axıradək dərk edə bilmərik. Ucuz stəkanı döşəməyə çırpmaqda qeyri – adi nə var? – axı, hər birimiz bunu dəfələrlə təsadüfən və qəflətən o qədər etmişik ki… -Stəkanı sındırım? – o təkrarladı. – Axı, neyçün? -Mən sənə geniş izahat verə bilərdim, - mən cavab verdim. – Amma yalnız bir şey deyəcəyəm – onun sınması üçün. -Bu sənə lazımdır? -Təbii ki, mənə yox. O, stolun lap qırağında dayanmış stəkana baxırdı və onun düşəcəyindən ehtiyatlandığı aşkar görünürdü. «Bu ritualdır, - mən demək istəyirdim. – Bu – qadağadır. Bilərəkdən stəkanı qırmaq olmaz. Biz öz evimizdə və ya restoranda oturanda çalışırıq ki, stəkanı stolun qırağına qoymayaq. Bizim Kainat ehtiyatlı olmamızı tələb edir, stəkanlar döşəməyə düşməsinlər deyə». Əgər qəfildən və naqolaylıqdan sındırsaq, qeyri – adi heç nəyin baş vermədiyini görəcəyik. Ofisiant: «Narahat olmayın» deyəcək, mən də hələ ömrümdə bir dəfə də görməmişəm ki, sınmış stəkanı hesaba qatsınlar. Stəkan qırmaq – adi işdir, məişətdə baş verir və heç kimə zərər toxunmur – nə bizə, nə restorana, nə yaxınımıza. Mən stola toxundum. Stəkan tərpəndi, amma düşmədi. -Yavaş! – o ucadan dedi. -Sındır onu, - mən inadla təkrar elədim, özümsə düşündüm: «Sındır onu, bu simvolik jesti elə. Çalış başa düşəsən ki, mən içimdə stəkandan daha qiymətli və vacib bir şeyi sındırmışam – və mən xoşbəxtəm. Daxilində mübarizə gedən qəlbinə bax, - və sındır onu». Zira bizim valideynlərimiz bizə stəkanlara və bədənə ehtiyatla yanaşmağı öyrədiblər. Beynimizə yeridiblər ki, uşaqlıq ehtirası – mümkünsüzdü, biz ruhani olmağa hazırlaşan insanı seçdiyi yoldan sapdırmamalıyıq, insanlar möcüzə yaratmağa qadir deyillər və əgər hara apardığını bilmirsənsə, yola çıxmaq lazım deyil. Xahiş edirəm, stəkanı sındır – və sən ikimizin də üstündən bu cadunu siləcəksən, inadkarcasına hər şeyin izahını axtarmaq meylindən, yalnız başqalarının bəyənəcəyi işləri görmək xəstəliyindən azad edəcəksən. - Sındır stəkanı,- mən bir də dedim. O, zəndlə mənim gözlərimə baxdı. Sonra onun əli yavaşyavaş stolun üstü ilə sürüşdü, stəkana toxundu-və sərt hərəkətlə onu yerə saldı. Şüşənin cingiltisi hamının diqqətini çəkdi.Qışqırmaq, naqolaylığına görə özünü danlamaq, ya da buna bənzər bir şey etmək əvəzinə o, sakitcə, təbəssümlə mənə baxdı-mən də gülümsədim. - Eybi yoxdur!- gənc qarson bizə müraciətlə səsləndi. Lakin o, qarsonu eşitmədi. Azacıq qalxdı, başımı özünə yaxınlaşdırdı və dodaqlarını dodaqlarıma yapışdırdı.

Mən də barmaqlarımı onun saçlarına saldım, onun dilinin ağzımda necə tərpəndiyini hiss edə-edə dodaqlarımla dodaqlarını sordum. Sevginin anlamını başa düşmədiyimiz vaxtlarımızda, uşaqlıq illərində çay sahilində doğulmuş bu öpüşü mən çox gözləmişdim. Bizim yetişkin çağlarımzda sanki havada asılı qalmış, medalyon haqqındakı xatirələrin ardınca bütün dünyanı dolaşmış, məni müsabiqəyə hazırlamaq kimi xeyirxah məqsəd güdən kitab qalaqlarının arxasında gizlənmiş öpüşü. Bu öpüş neçə dəfə yoxa çıxmışdı,neçə dəfə itmişdi və nəhayət, biz onu tapdıq. Onda-cəmi bir dəqiqə çəkməsinə baxmayaraq-uzun illərin axtarışları, məyusluğu, həyata keçməyən arzuları gizlənmişdi. Mən öpüşə cavab verdim. Yəqin ki, barın azsaylı müştəriləri bizə baxırdılar və fikirləşirdilər ki, qeyri-adi heç nə baş vermir – iki nəfər öpüşür. Onlar hardan biləydilər ki, həmin an öpüş mənim yaşadığım bütün günlərin, onun və günəşin altında öz yolunu gözləyən, onu axtaran və onu arzulayan hər kəsin bütün həyatının cəmi və nəticəsi oldu. Mənim yaşamımın bütün xoşbəxt anları əriyərək bu öpüşə qarışdı. O, paltarımı soyundurdu və mənə daxil oldu – qorxa-qorxa, var-gücüylə, ehtirasla. Mən yüngül ağrı hiss elədim, lakin onun heç bir əhəmiyyəti yox idi. Həmin anda duyduğum kəskin həz də heç bir əhəmiyyət daşımırdı. Mən onun başını qucaqlamışdım, iniltisinə qulaq asırdım və allaha təşəkkür edirdim – onun mənimlə və məndə olduğu üçün, hər şeyi birinci dəfəymiş kimi hiss etdiyim üçün. Biz bütün gecə sevişdik – gerçəklik xülyalarla, yuxuyla qarışmışdı. Mən onun varlığını içimdə duyurdum və var –gücümlə onu özümə sıxırdım- hər şeyin həqiqətən baş verdiyinə əmin olmaq, indi otelə çevrilmiş bu qəsrdə qədim zamanlarda yaşamış gəzəri cəngavərlərin getdiyi kimi gözlənilmədən getməsinə yol verməmək üçün. Səssiz Daş divarlar və tağtavanlar gözləməyə, göz yaşı axıtmağa, bir xəbər, bir ümid, bir işarə həsrətilə üfüqə baxaraq günlərini pəncərə önündə keçirməyə məhkum olan gözəllər haqqında xatirələri qoruyurdu. Yox, mən heç vaxt bunları yaşamayacağam – özümə and içdim. Mən heç vaxt onu itirməyəcəyəm. O, əbədilik və daima mənimlə olacaq – zira mən mehrabdakı xaça baxanda Müqəddəs Ruhu eşidirdim və O, bütün dillərdə və ləhcələrdə deyirdi ki, mən günah etmirəm. Mən onun yol yoldaşı, dostu olacağam, biz yenidən yaradılmış dünyanı fəth edəcəyik. Biz Müqəddəs Ananın haqq sözünü yayacağıq, biz arxangel Mixaillə çiyin-çiyinə döyüşəcəyik, biz yalnız öncüllərin qisməti olan əzabları və fərəhi birlikdə yaşayacağıq.. Bunları mənə dillər deyirdilər –və təpədən-dırnağa qədər inamla silahlanmış mən onların həqiqəti dediklərini bilirdim. *** Mən onun sinəmə qoyduğu əllərinin təmasından oyandım. Pəncərə arxasında gün tamamilə işıqlanmışdı və yaxındakı kilsənin zəngləri çalınırdı. O, məni öpdü. Əlləri bir də bədənim boyu sürüşdü. - Vaxtdır, - o dedi. – Bu gün bayram sona çatır, yollar maşınla dolu olacaq. - Mən Saraqosa getmək istəmirəm,- mən cavab verdim. – Mən sənin olduğun yerdə olmaq istəyirəm. Tezliklə banklar açılacaq, mən hesabdan pul götürəcəyəm, özümə paltar alacağam. - Axı, sən deyirdin ki, pulun azdır? - Bəs eləyər. Mən öz keçmişimlə əlaqəni qəddarcasına kəsməliyəm. Əgər Saraqosa qayıtsam, axmaqlıq etdiyimi, tezliklə imtahanların başlayacığını və mən onları verənə qədər, iki ay bizim ayrı qala biləcəyimizi fikirləşəcəyəm. Əgər imtahanlardan kəsilsəm, ola bilsin ki, Saraqosdan getmək istəməyəcəyəm. Yox, yox, mən qayıda bilmərəm. Körpüləri yandırmaq lazımdır- indiki mənlə əvvəlki arasında heç bir əlaqə qalmamalıdır. - Barselona, - o, sanki öz-özünə danışırmış kimi dedi. - Nə? - Yox, heç nə. Yolumuza davam edək.

- Axı sənin mühazirən var. - Hələ iki gün var, - o cavab verdi və mənə elə gəldi ki, onun səsi nə isə qəribə səsləndi. - Başqa şəhərə gedək. Birbaş Barselonaya getmək istəmirəm. Mən çarpayıdan qalxdım. Xoşagəlməz heç bir şey haqqında düşünmək istəmirdim – bəlkə kimnləsə ilk eşq gecəsindən sonra kefsiz oyanmaq və karıxdığından belə soyuq olmaq onun xasiyyətidir. Pəncərəyə yaxınlaşdım, pərdəni çəkdim, balaca küçəyə baxdım. Qonşu evlərin eyvanlarında alt paltarları asılmışdı. Kilsə zəngləri çaldı. - Bilirsən, nə var?- mən dedim. – Gəl, uşaqlıqda getdiyimz yerə gedək. Mən o vaxtdan orda olmamışam. - Harda «orada»? - Pyedra monastırında. Biz oteldən çıxırıq, zənglərsə hələ də çalır. O, kilsəyə girməyi təklif edir. - Biz elə bununla məşğuluq, - mən cavab verirəm. – Kilsə, dualar, ayinlər. - Düz deyil, - o deyir. – Biz sevişmişik. Üç dəfə sərxoş olmuşuq. Dağlarda gəzmişik. Mərhəmət və Ciddiliyi əməlli-başlı tarazlaşdırmışıq. Yersiz danışdığımı hiss edirəm. Mən artıq yeni həyata öyrəşməliyəm. - Bağışla, - mən deyirəm. - Az oturarıq. Zənglər bizə işarə verir. O, tamamilə haqlı çıxdı, ancaq mən bunu yalnız növbəti gün başa düşəcəkdim. İşarənin gizli mənasını sonadək anlamadan biz maşina oturduq və dörd saatdan sonra monastırda idik. Tavanın suvağı qopub, müqəddəslərin azsaylı heykəlləri isə başsız qalıb. Hamısı. Birindən başqa. Mən ətrafa nəzər saldım. Yəqin ki, keçmiş zamanlarda burada güclü iradəyə malik, hər bir daşın təmizlikdən parıldamasının, hər bir skamyada o dövrün qüdrətli yepiskoplarından birinin oturmasının qayğısına qalan adamlar sığınacaq tapırmışlar. Lakin indii hər şey xarabalığa çevrilmişdi. Onları uşaq vaxtı birlikdə oynadığımız, mənim öz sehrli şahzadəmi axtardığım qəsrlər kimi təsəvvür etmək mümkün idi. Pyedra monastırının rahibləri əsrlər boyu bu cənnət bucağını özləri üçün qoruyublar. Təbii geoloji çökəklikdə yerləşmiş monastır yarandığı ilk gündən göylərin mərhəməti sayəsində, qonşu şəhərlərin, qəsəbələrin ağır zəhmət və yalvarışlar bahasına əldə etdiyi şeyi – suyu elə–belə alırdı. Burda Rio-Pyedra onlarla qollara bölünürdü, şəlaləyə çevrilirdi, göllər əmələ gətirirdi, onun sahillərində qalın və sıx ağaclar, kollar, otlar bitirdi. Amma bir neçə yüz addım atmaq kifayət edirdi – və sən yarğandan çıxırdın. Hər tərəf cansız, bəhrəsiz səhraya çevrilirdi. Hətta bu təbii çökəklikdə fırlanmaqdan yorulmuş çay öz gənclik qüvvəsini itirirdi və yenidən zorla sezilən su şırnağı olurdu. Rahiblər bu barədə bilirdilər və suyu qonşularına baha qiymətə satırdılar. Monastırın tarixi yerli sakinlər və rahiblər arasında baş vermiş saysız toqquşma və qarşıdurmalarla zəngindir. Və bir dəfə İspaniyanı sarsıtdığı dövrdə monastırı kazarmaya çevirdilər. Monastır kilsəsinin içində atlar gəzirdilər. Bir – birini bayağı əhvalatlarla əyləndirən və bütün ətraf yerlərin qadınlarını zorlayan əsgərlər skamyaların arasında öz çadırlarını qurmuşdular. Beləliklə, gec də olsa, monastır öz cəzasına çatdı. O, qarət olundu və dağıdıldı. Və bir daha heç vaxt rahiblər öz itirilmiş cənnətlərini qaytara bilmədilər. Hətta sonsuz məhkəmə çəkişmələrindən birində kimsə yerli əhalinin Allahın monastıra çıxardığı hökmü yerinə yetirməsini təklif etdi. Zira İsa susuzların yanğısını söndürməyi əmr etmişdi, rahiblərsə onun sözlərinə kar qalmışdılar. Bax, elə buna görə də Allah təbiətin təkcə onlara aid olduğunu fikirləşənləri cəzalandırdı. Bəlkə elə həmin səbəbdən monastır kilsəsi əvvəlki kimi xarabalıq idi, baxmayaraq ki, monastırın çox hissəsini yenidən tikib mehmanxanaya çevirmişdilər. Yerlilər, təbiətin insanlara havayı verdiyi bəxşiş üçün əcdadlarının necə baha qiymət ödəməli olduqlarını unutmamışdılar.

- Bu bütöv qalmış heykəl kimindir?- mən soruşdum. - Müqəddəs Tereza Avillinin,- o cavab verdi.- O, qüdrət sahibidir. Və qisas hissi yerli əhalini nə qədər yandırsa da, heç kim onu murdarlamağa cəsarət etməyib. O, mənim əlimdən tutdu və biz çıxdıq. Monastırın sonsuz dəhlizlərində addımladıq, geniş taxta pillələrlə qalxdıq, kəpənəklər uçuşan daxili həyətə girdik. Mən bütün təffərrüatları yada salırdım, çünki uşaqlıqda tez-tez burda olurdum və köhnə xatirələr daha aydın və parlaq görünürdü. Yaddaş. Mənə elə gəlirdi ki, ötən həftəyə qədər olan ayların və xüsusilə günlərin mənim həyatıma dəxli yoxdur, ya da mən onları özümün başqa cildimdə yaşamışam. Dünyada heç nəyin xətrinə mən o zamana qayıtmaq istəməzdim, zira onun saatlarını məhəbbətin əli ölçmürdü. Mən hiss edirdim ki, uzun illər ərzində eyni cür oyanaraq və yataraq, eyni sözləri təkrarlayaraq, eyni işləri görərək eyni bir günü yaşamışam. Elə yuxuma da eyni şeylər girirdi. Mən, atamı və anamı, valideynlərimin valideynlərini və bir çox dostlarımı xatırladım. Əslində mənə ümumiyyətlə gərək olmayan bir şeyi əldə etmək üçün nə qədər zəhmət çəkdiyimi xatırladım. Bütün bunları niyə edirdim? Mən birmənalı cavab tapa bilmirdim. Bəlkə ona görə ki, başqa yollar xatarmağa tənbəllik edirdim. Bəlkə başqalarının mənim barəmdə nə fikirləşəcəyindən və nə deyəcəyindən qorxduğum üçün. Bəlkə ona görə ki, həmin başqalarından fərqlənmək çətindir. Bəlkə ona görə ki, insan köhnə nəslin addımlarını təkrarlamağa məhkumdur – və bu yerdə mən müqəddəs atanı xatırladım –müəyyən sayda insanlar fərqli davranmağa başlayana qədər. Elə, ya da belə, hər halda dünya dəyişir – və biz də onunla birlikdə. Lakin bu artıq məni qane etmirdi. Mən taleyimdən haqqım olanı almışdım və indi o, mənə özümü dəyişmək və eyni zamanda dünyanın dəyişməsində iştirak etmək imkanı vermişdi. Mən yenə də dağlar haqqında düşündüm, yolda rastlaşdığımız alpinistləri yadıma saldım – gənc,qarda parlaq ləkə uzaqdan nəzərə çarpsın deyə xüsusi tikilmiş rəngbərəng kostyumlarda, dağın ətəyindən zirvəsinə qədər konkret bir marşuruta riayət edən. Yamaclara artıq alüminium çəliklər çalınıb – alpinistlərə təkcə qoruyucu kəndirlərin qarmaqlarını onlara keçirmək və zirvəyə qalxmaq qalırdı. Onlar istirahət günlərində bura kəkin hisslər xatirinə gəliblər, bazar ertəsi isə həmişəki monoton həyatlarına qayıdacaqlar, ancaq onlara elə gələcək ki, təbiətə meydan oxuyublar və bu yarışdan qalıb çıxıblar. Gerçəkdə isə bu heç də belə deyil. Macəra ehtirası buralara başqalarını-təzə yollar açanları, öncülləri qovmuşdu. Onlardan bəziləri yoxuşun heç yarısını da qət edə bilmədilər- uçuruma yıxıldılar. Digərlərinin əllərini, ayaqlarını don vurdu. Çoxları, ümumiyyətlə, xəbərsiz-ətərsiz itdi. Lakin gözəl günlərin birində kimsə zirvələrdən birinə qalxdı. Və ilk dəfə onun gözləri aşağıda döşənmiş mənzərəni gördü, onun ürəyi qürurdan tez-tez döyündü. O risk etdi və indi öz qələbəsilə – cəhdləri baş tutmayanları, yarıyolda qalanlara ehtiram borcunu ödədi. Çox ola bilər ki,orada, aşağıda adamlar düşünürlər: «Yuxarıda maraqlı nə var axı? Bəlkə təkcə mənzərə. Bu onun nəyinə gərəkdi?» Ancaq o, bu zirvələrə birinci qalxan səbəbi bilirdi. Çağırışı qəbul etmək və irəli getmək üçün. Bir günün o birisinə bənzəmədiyini, hər səhərin bizə öz təkrarsız möcüzələrini əta etdiyini, köhnə qalaktikaların öldüyü və yeni ulduzların doğulduğu sehrli anların olduğunu bildiyi üçün. Bu zirvələrə birinci qalxan şəxs, yəqin hündürlükdən tüstüsü çıxan evciklərə baxaraq özünə həmin sualı verirdi: «Aşağıdakı adamların bir günü o birindən fərqlənmir. Bu onların nəyinə gərəkdi?» İndi dağlar artıq fəth olunub, astronavtlar artıq kosmik fəzaya giriblər və Yer planetində kəşf olunmasını gözləyən hətta ən kiçik ada belə yoxdur, lakin böyük ruhi macəralar hələ yetərincədir – və onlardan biri indi mənim qismətimə düşüb. Bu xeyir-dua idi. Müqəddəs ata heç nə anlamadı. Necə ləzzətli bir əzabdır?! İlk addımı atmağı bacaranlar bəxtiyardırlar. Nə vaxtsa adamlar başa düşəcəklər ki, mələklərin dilində danışmağa qadirdilər. Başa düşəcəklər ki, bizim hər birimizdə Müqəddəs Ruhun vergiləri var və hamımız möcüzə yarada, gələcəyi görə, ehtiyacı olanlara sağalda, yaxınlarımızı anlaya bilərik. Günün bütün ikinci yarısını biz kanyonda gəzirik, uşaqlıq illərini yada salırıq. O, bu barədə birinci dəfə danışırdı – Madriddən Bilbaoya qədər getdiyimiz müddətdə mənə elə gəlirdi ki, keçmiş ona artıq maraqlı deyil. Amma indi o özü mənə yaşıdlarımızın həyatı haqqında sual verir, xoşbəxt olub-olmadıqlarını soruşur, məşğuliyyətləri ilə maraqlanır. Nəhayət ki, biz Rio-Pyedranın kiçik çayların suyunu bir yerə toplayan və sonra da təxminən 30metrlik hündürlükdən səpələyən ən böyük şəlaləsinə çatdıq. Biz şəlalənin kənarında dayanmışıq, boğuq uğultunu dinləyirik, dumanda əmələ gələn göy qurşağına baxırıq. - «At Quyruğu», - mən deyirəm və özüm də bu adı hələ unutmadığıma heyrətlənirəm- axı onu çoxdan eşitməmişəm. - Yadıma gəlir ki… - o danışmağa başlayır. - Mən bilirəm, sən indi nə deyəcəksən! Əlbəttə bilirəm! Şəlalə nəhəng mağaranı gizlədir. Uşaq vaxtı, Pyedra monastırından qayıdandan sonra biz hələ bir neçə gün onun haqqında danışırdıq. - … Orda mağara vardı, - o, sözünü bitirir. - Gedək ora! Yüksəklikdən tökülən suyun şaquli şırnağı altından keçmək qeyri –mümkündür və rahiblər hələ çox qədim zamanlarda kanyonun yuxarısından mağaranın dərinliyinə aparan tunel qazmışdılar. Girişi tapmaq çətin deyil. Yayda yəqin turistlər azmasınlar deyə orda şam yandırırlar, lakin indi bizdən başqa heç kim yoxdur və tunel qaranlığa qərq olub. - Gedirik? – mən soruşuram. Əlbəttə. Mənə güvən. Və biz şəlalənin yanında açılmış dəliyə düşərək enməyə başlayırıq. Bizi zülmət ağuşuna almışdı, ancaq biz yolu bilirdik – və bir də o, ona güvənməmi istəmişdi axı. «İlahi, sənə təşəkkür edirəm, - biz torpağın bətninin daha da dərinliklərinə endikcə mən fikirləşirdim. – Zira mən yolunu azmış qoyun idim, Sənsə məni sürüyə qaytardın. Zira mənim həyatım ölü idi, Sənsə onu canlandırdın. Zira məhəbbət çoxdan mənim ürəyimdən yaşamırdı, Sənsə yenidən mənə onun xeyir-duasını əta etdin». Mən sevgilimin çiynindən yapışmışdım və o, işığın tezliklə yenidən üzümüzə açılacağını, bizim sevinəcəyimizi bilərək qaranlıq yollarda mənim addımlarımı istiqamətləndirirdi. Çox ola bilər ki, gələcək rolları dəyişsin- mən, eyni sevgi və eyni imanla silahlanacam, təhlükəsiz yerə çıxana qədər ona yol göstərəcəm və onda biz rahatlıq tapacağıq. Biz yavaş gedirdik və elə bil ki, bu yolun heç vaxt sonu olmayacaqdı. Bəlkə bu yeni ritm həyatımın bütöv bir mərhələsinin sonuna işarədir- o zamanlar yaşamımı aydınladacaq kiçicik işıq şüası da yox idi. . Tuneldə yeriyə-yeriyə mən eyni bir yerdə tərpənməz oturaraq, heç nəyin bitmədiyi və bitməsinin mümkün olmadığı yerdə kök atmağa çalışaraq boş-boşuna nə qədər vaxt öldürdüyümü xatırlayırdım. Lakin Allah rəhmlidir və budur, mən yenidən keçmiş ruh yüksəkliyini də, yaşama sevincini də, arzuladığım macəraları da, özüm də bilmədən bütün həyatım boyu gözlədiyim insanı da tapdım. O, seminariyanı atdığı üçün mən bir damcı da vicdan əzabı çəkmirdim-müqəddəs atanın Tanrıya xidmət etməyin müxtəlif yolları olduğu və bizim məhəbbətimizin bu yolları artıracağı barədə dedikləri yadımda idi. Bu dəqiqədən etibarən mən də kömək və xidmət etmək imkanı qazanıramvə bütün bunlar onun sayəsində olur. Biz adamların arsına gedəcəyik. O, onların qəlbinə sülh, əmin-amanlıq gətirəcək, mən onun. «Rəbbim, sənə xidmət etməmə kömək olduğun üçün minnətdaram. Bu şərəfə necə layiq olmağı öyrət. Onun missiyasının bir parçası olmaq üçün, onunla yanaşı yerimək üçün , öz mənəvi həyatımı diriltmək üçün mənə güc ver. Qoy bizim günlərimiz son bir neçə gün kimi olsun- qoy, biz xəstələri sağalda-sağalda, ümidsizlərə təsəlli verə-verə, Müqəddəs Ananın məhəbbət sözlərini hamımıza ötürə – ötürə ölkədən-ölkəyə keçək».

Qəfildən şəlalənin səs – küyü yenidən eşidilməyə başladı, bizim yolumuz işıqlandı və zülmət tunel yer üzünün ən gözəl məkanlarından birinə çevrildi. Biz nəhəng mağaranın – baş kilsənin ölçüləri boyda – içində idik. Onun üç divarı daşdan idi, dördüncü divarı yüksəklikdən ayağımızın altındakı göy – yaşıl gölə tökülən su əvəz edirdi. Günəşin içəpi daxil olan şüaları onun arasından keçirdi və yaş daşlar parıldayırdılar. Bir kəlmə belə demədən biz, əldən düşmüş halda divara söykəndik. Bizim uşaq oyunlarımızda, körpə fantaziyalarımızda buy er quldurların qarət etdiklərini gizlətdikləri xəzinə idi. İndi Torpaq Ananın möcüzəsinə dönmüşdü: mən hiss edirdim ki, onun bətnindəyəm, mən bilirdim – O burdadır, Onun daşdan olan üç divarı bizi qoruyur, dördüncü, su isə – bizim günahlarımızı yuyur. - Çox sağ ol, - mən dilləndim. - Kimə təşəkkür edirsən? - Ona. Və Onun iradəsinin aləti olmuş, mənə əvvəlki inamımı qaytarmış sənə. O, yeraltı gölün yanına getdi. Göy – yaşıl suya baxdı və gülümsədi. - Bura gəl. Mən yaxınlaşdım. - Mən sənə hələ bilmədiyin bir şey danışmalıyam. Bu sözlər məni təşvişə saldı, lakin onun baxışları sakit qalmaqda davam edirdi və mən də sakitləşdim. - Yer üzündə ki hər bir insana vergi verilib, - o başladı. – Bəzilərində o öz – özünə üzə çıxır, digərləri onu tapmaq və meydana çıxartmaq üçün qüvvə sərf etməlidirlər. Məsələn, mən seminariyada ueçirdiyim bütün dörd il ərzində çox çalışmışam. İndi, əgər qoca qarovulçu bizi sovməəyə buraxmayanda onun dediyi sözü xatırlasaq, mən oyun oynamalı idim. Özümü elə göstərməliydim ki, guya heç nə bilmirəm. «Eybi yox», - mən düşündüm və rolumu yaxşı oynamaq üçün vaxt qazanmaq məqsədilə dedim: - Sən seminariyada nə edirdin ki? - Ümumiyyətlə, bu vacib deyil, - o cavab verdi. – Vacib olan odur ki, mən öz qabiliyyətimi inkişaf etdirməyi və möhkəmlətməyi bacardım. Allah izn verəndə, mən xəstəlikləri sağalda bilirəm. - Bu ki əladır! – mən özümü heyrətlənmiş kimi göstərərək qışqırdım. – Həkimlərə pul sərf etməyə ehtiyac olmayacaq. Lakin o, mənim zarafatıma gülümsəmədi.Və mən özümü axmaq kimi hiss etdim. - Mən öz qabiliyyətimi sənin gördüyün xarizmatik ritualların sayəsində inkişaf etdirmişdim. Mənim dualarıma cavab olaraq Müqəddəs Ruh mən zühur etdi və məni aydınlatdı, mən naxoşları əlimin təması ilə müalicə edirdim və sağaldırdım.Tezliklə bunun sorağı bütün ətrafa yayıldı və monastırın qarşısında səhər erkəndən məndən kömək gözləyən əzabkeşlərin, xəstələrin, əlillərin uzun növbəsi düzülürdü. Hər bir irinli, üfunətli yarada mən İsanın yaralarını görürdüm. - Mən səninlə fəxr edirəm, - mən pıçıldadım. - Monastırda çoxları bunun əleyhinə idilər, lakin müqəddəs ata məni daima dəstəkləyirdi. - Biz bunu davam etdirəcəyik. Dünyanı birlikdə gəzəcəyik. Mən yaraları təmizləycəyəm, sən onlara xeyir – dua verəcəksən, Allahsa öz möcüzələrini əyan edəcək. O, baxışlarını məndən çəkərək gölə zillədi. Sent – Savendə, quyunun yanında onunla şərab içdiyimiz gecə olduğu kimi mən yanımda naməlum varlığın mövcudluğunu hiss etdim. - Mən artıq sənə danışmışam, amma təkrar edəcəyəm, - o dava etdi. - Bir dəfə mən gecə oyandım. Mənim hücrəmə parlaq işıqla işıqlanmışdı. Mən Müqəddəs Ananın simasını, Onun sevgi dolu baxışlarını gördüm. O vaxtdan etibarən O, arabir mənim gözümə görünməyə başladı. Mən Onu çağıra bilmirəm, lakin hərdən O, qarşımda peyda olur. Mən özüm onda artıq Kilsənin həqiqi islahatçılarının sırasında idim. Və qəti bilirdim: mən yerdəki vəzifəm – yalnız xəstəlikləri sağaltmaq yox, Qadın – Allahın dünyaya gəlməsi üçün yol açmaqdır. Qadın başlanğıcı güclənəcək, təzədən Mərhəmət sütunu ucalacaq – insanların ürəklərində Müdriklik Məbədi qurulacaq. Mən gözqırpmadan ona baxırdım. Onun bir dəqiqə əvvəl gərginlik ifadə edən siması yumşaldı. - Bunun öz bədəli vardı və mən ödəməyə hazır idim. Və o, sanki nə deyəcəyinibilmədiyindən susdu. - Necə yəni «vardı»?- mən soruşdum. - İlahənin yolu təkcə söz və möcüzə ilə salına bilərdi. Ancaq bizim dünyamız belə qurulmayıb. Hər şey daha çətindir. Göz yaşları, əzab, anlamamazlıq olacaq. «Bu müqəddəs atanın işidir, - mənim başımdan keçdi. – Keşiş onun ürəyinə qorxu səpib. Lakin mən onun üçün təsəlli və ruhlandırıcı olacacağam». - Bu əzab yox, şöhrət yoludur, - mən cavab verdim. - Adamların çoxu hələ də məhəbbətə etibar eləmir… Mən hiss edirdim – o, mənə nə isə demək istəyir, amma bacarmır. Bəlkə ona yardım etmək lazımdır? - Mən bu barədə fikirləşmişəm, - onun sözünü kəsdim. – Pireneylərin ən yüksək zirvəsini ən birinci fəth edən kəs anlamışdı ki, risksiz həyat Tanrının nemətlərindən məhrumdur. - Sən nemətlər haqqında nə bilirsən? – o qışqırdı və mən sakitliyin onu yenidən tərk etdiyini gördüm. – Müqəddəs Ananın adlarından biri – Bərəkətli Müqəddəs Məryəmdir və onun əli verdiyi nemətləri qəbul etməyi bacaran hər kəsə xeyir – dua verir. Biz başqalarının yaşamlarını mühakimə edə bilmərik, zira hər kəs təkcə öz əzablarını tanıyır və öz məhrumiyyətlərindən keçir. Doğru yolu tapdığını düşünmək bir şeydir, özünü və digərlərini bu yolun yeganəliyinə inandırmaq isə tamam başqa. İsa deyib: «mənim Atamın evində yaşayanlar çoxdur». Vergi Tanrı nemətinin özüdür. Lakin zəhmət və yaxınlarına sevginin olduğu sadə, ləyaqətli həyat da Tanrı nemətləri ilə zəngindir. Məryəmin Yer üzündə adsız zəhmətin qiymətini göstərə bilmiş həyat yoldaşı vardı. O, özü kölgədə qala – qala arvadını və oğlunu başlarının üstündəki tavan və qida ilə təmin elədi, onlara missiyalarını yerinə yetirmək imkanı verdi. Baxmayaraq ki, onun əməyini heç kim layiqincə qiymətləndirmədi, o, çox əhəmiyyətlidir. Mən dinmədim. O, mənim əlimdən tutdu. - Bağışla, mən kobud və səbirsizəm. Mən onun ovucunu öpdüm və yanağıma sıxdım. - Mənim sənə izah etmək istədiyim budur, - o dedi və onun üzündə təbəssüm peyda oldu. – Bizim təzədən görüşdüyümüz dəqiqədən etibarən mən anladım ki, səni əzablara məhkum edə bilmərəm, onlarsa mənim bu dünyadakı missiyamın ayrılmaz parçasıdır. Mən narahatçılıq hiss elədim. - Dünən mən sənə yalan dedim. Birinci və sonuncu dəfə. Mən dedim ki, seminariyaya gedirəm, amma əslində dağa qalxdım və Müqəddəs Ana ilə danışdım. Mən Ona dedim ki, əgər O istəsə, mən səndən uzuqlaşacam və öz yolumla getməkdə davam edəcəyəm – qapımın ağzandakı xəstələrlə, gecə səfərlərilə, inamı rədd etmək istəyənqlərin anlamamazlığıyla, məhəbbətin xilas gətirdiyinə inanmayanların təhqiredici baxışları ilə. Əgər Müqəddəs Ana bunu istəsə, mən ən əziz varlıqdan imtina edəcəyəm – səndən. Və bu anda müqəddəs ata bir də mənim yadıma düşdü. O haqlı çıxdı. Həmin səhər seçim edilmişdi. - Lakin yenə də, əgər bu qismətin məndən yan keçməsi mümkündürsə, mən dünyaya sənə olan sevgimin vasitəsilə xidmət eləməyə söz verirəm. - Sən nə danışırsan? – mən qorxu içində soruşdum. Amma sanki eşitmirdi. - Öz inamının möhkəmliyini sübut etmək üçün dağları yerindən tərpətmək lazım deyil, - o davam etdi. – Mən əzabları təklikdə qəbul etməyə və onlara dözməyə hazıram, laki onu səninlə bölüşməyə yox. Əgər mən əvvəlki yoluma davam eləsəm, bizim heç vaxt ağ pərdəli pəncərələri dağlara baxan evimiz olmayacaq.


Tarix: 09.06.2015 / 13:21 Müəllif: Aziza Baxılıb: 333 Bölmə: Paulo Koelyo - "Rio-Pyedranın sahilində oturdum və ağladım"
loading...