Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl göz bəlası: bu qurbanı verməyin

"Ekspress" qəzeti yazır ki, fərqli görünməyi sevən xanımlar çox zaman göz rəngini dəyişmək üçün estetik linzalara üstünlük verirlər. Amma əksəriyyəti linzalardan istifadə qaydalarını yaxşı bilmirlər. Bu da gözlərdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Həkim-oftalmoloq Hacı Rəsulovun sözlərinə görə, linzalar yumşaq və sərt olur. Sərt linzalar tozu keçirdiyi üçün daha çox yumşaq linzalara üstünlük vermək lazımdır. "Bakı küləklər şəhəridir. Burada hər zaman toz-torpaq havaya qalxır. Linza istifadə edən xanımlar çalışmalıdırlar ki, yumşaq linzalara üstünlük versinlər. Bundan əlavə, linza alarkən istifadə müddəti az olan linzalara üstünlük vermək lazımdır. İstifadə müddəti 1 ay olan linzalar xanımlar üçün daha əlverişlidir. Çünki linzanı uzun müddət istifadə etdikdə, o, daim təmizlənsə də, mikrob yığnağına çevrilir".

Linzanı taxdıqdan sonra gözləri aramla üç dəfə sakitcə bağlayıb-açmaq lazımdır. Əgər linzayla kobud rəftar edilərsə, o qatlanıb gözün hər hansı bir küncündə ilişib qala bilər ki, bunu istifadəçi hiss edə bilməz. Bir müddət sonra isə bu linzalar gözlərdə iltihablanmaya səbəb ola bilər.

Linzanı gözdən çıxarmaq üçün ilk öncə əlləri sabunla yuyub, kağız dəsmalla silmək lazımdır. Daha sonra barmaqlarınızın ucu ilə linzanı tutmağa çalışın və çıxarın. Çalışmaq lazımdır ki, linzanı çıxararkən dırnağınız ona dəyməsin. Əks halda, linza cızıla və yaxud cırıla bilər.

Həkimin sözlərinə görə, yatan zaman linzanı çıxarmaq lazımdır, çünki linzalar göz bəbəyinin nəfəs almasına mane olur. Əks halda, gözdə tez bir zamanda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.

Makiyajı linzanı taxdıqdan sonra etmək lazımdır. Çünki makiyaj vasitələri linzaya yapışa bilər ki, bu da gözün bəbəyinə zərər vermiş olar. Həmsöhbətimiz bildirir ki, linza taxan xanımlar makiyajdan az istifadə etməyə çalışmalıdırlar.

Tozlu məkanlara daxil olduqda mütləq eynək taxmaq lazımdır. Belə yerlərdə linzanı çıxarmaq gərəkdir. "Toz linza ilə göz bəbəyinin arasına girib göz bəbəyinə zərər verə bilər. Linzaları adi su ilə yumaq olmaz. Bu zaman suyun tərkibindəki mikroblar göz bəbəyinə daxil ola bilər ki, bu da tez bir zamanda gözünüzün görmə qabiliyyətini itirməsinə gətirib çıxarar. Bundan əlavə, hovuza və yaxud dənizə girdiyiniz zaman da linzalarınızı mütləq çıxarın. Suyun tərkibində olan maddələr linza ilə göz bəbəyinin arasına girib göz bəbəyinizin cızılmasına səbəb ola bilər".

Linza yerə düşən zaman onu ancaq xüsusi linza suyu ilə təmizləmək lazımdır. Su və ya hər hansı maye linzanı təmizləmək üçün çox təhlükəlidir. Nəzərə almaq lazımdır ki, dünyada hər gün 3 nəfər linzadan düzgün istifadə etmədiyi üçün görmə qabiliyyətini itirir. Əgər linza yerə düşdüyü zaman yanınızda linza suyu yoxdursa, linzanı atmaq lazımdır. Çünki heç bir linza gözünüzdən qiymətli deyil. Linzalar istifadə müddətinə görə hazırlanır. Onlar 1 günlük, 1 aylıq, 6 aylıq, 1 illik istifadə müddətinə görə fərqlənir. "Linza heç bir problem yaratmasa belə, istifadə müddəti bitibsə, onu atmaq lazımdır. Əks təqdirdə gözlərdə işığa qarşı allergiya yaranar və linzanın istifadə müddəti bitdiyi üçün yaranan mikroblar gözə böyük zərər verə bilər".

Həkim hesab edir ki, uzun zaman linzadan istifadə etmək gözün bəbəyinin oksigensiz qalmasına səbəb olur. Bir müddət keçəndən sonra isə gözün ağında, bəbəyin ətrafında kiçik damarlar əmələ gəlməyə başlayır. Linzalardan 18 yaşından sonra istifadə etməyi məsləhət bilən H.Rəsulovun sözlərinə görə, ümumiyyətlə, müalicə xarakterli olsa belə, linzalar o qədər də xeyirli deyil.


Tarix: 22.08.2012 / 03:33 Müəllif: [Ram] Baxılıb: 909 Bölmə: Maraqlı Məlumatlar
loading...