Nə yatmısan qoca vulkan, səninləyəm !
Ayağa dur. Azərbaycan, səninləyəm !
Səndən qeyri,
biz hər şeyi bölə billik.
Səndən qeyri,
Biz hamımız ölə billik.
Bu Şəhriyar harayıdır,
Bu Bəxtiyar harayıdır.
Ayağa dur Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir:
- Nər oğlu nər səninləyəm!
Səninləyəm silah tutan,
kulung tutan, yaba tutan,
Kösöy tutan nişanlı ər səninləyəm!
Səninləyəm qız atası,
Hanı nərən, hanı səsin?
Hani andın?
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın?
Gözünü sil vətən oğlu,
Ayağa qalx!
Üfüqünə bir yaxşı bax,
Sərhədinə bir yaxşı bax,
Sərhədinin kəməndinə bir yaxşı bax!
Dur içindən qorxunu boğ,
Ölümünlə qalımını ayırd elə.
Dur içindən dovşanı qov,
Dur özünü Boz Qurd elə!
Varım - yoxum səninləyəm,
Azım - çoxum səninləyəm,
Şirin yuxum səninləyəm
Yıxın məni söz atından, -
Atın məni tank altına,
Əzin məni xıncım - xıncım,
Kəsmir əgər söz qılıncım.
Didin məni didim - didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni xilas edim.
Səninləyəm,
Sözü qəmli, özü dəmli
rəhbər adam!
1918 -də vuruşurdu
danışmirdı rəncbər atan,
rəncbər atam!
Oyat bizi ey yaradan səninləyəm!
Ya birmərrə yatırt bizi,
Ya birmərrə oyat bizi.
Ya yenidən yarat bizi!
Ey yaradan, səninləyəm!
Səninləyəm yatmış vulkan.
Səninləyəm!
Ayağa dur Azərbaycan,
Səninləyəm!
Tarix: 19.11.2013 / 03:52 Müəllif: Akhundoff Baxılıb: 185 Bölmə: Məmməd Araz