Necə Yaşayaq Ki...
Necə yaşayaq ki, dünyada, gülüm,
Ömrün gədiyini vaxtsız aşmayaq,
Fəraş ölümlərlə qarşılaşmayaq.
Həsrət körpüləri adlaya bilək,
Həsəd körpüləri adlaya bilək?
Necə yaşayaq ki, dünyada, gülüm,
Kimsədən olmasın umacağımız,
Bizim öz evimiz, öz ocağımız
Perikən bir eşqi ovuda bilsin,
Yanan bir qəzəbi soyuda bilsin?
Necə yaşayaq ki, dünyada, gülüm,
Xəyanət toruna düşsə meylimiz,
Qırsın parçalasın onu mehrimiz!
Necə yaşayaq ki, dünyada, bütün
Nakam sevgilərin uçan evini
Biz öz eşqimizlə qurub yaşayaq?
Gücümüz çatarmı?
-Çatar!-
Bu şərtlə ki, biz iki ömrün
"Sən"indən, "mən"indən "onlar" adlanan
Sərhəd xətlərini qırıb yaşayaq!
Tarix: 19.11.2013 / 03:52 Müəllif: Akhundoff Baxılıb: 158 Bölmə: Məmməd Araz
loading...