Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağıl və güc
Ağıl və güc

Ta qədimlərdən ağılın gücdən irəliliyi barədə fərziyyələr söylənilir, saysız-hesabsız misallar gətirilir, bu haqda digər fikirlər o qədər zəifdi ki, birincinin ikincidən doğrudan-doğruya üstünlüyü aksiom şəklini alıb, guya heç bir isbata ehtiyac yoxmuş, əks tərəfin dedikləri Zenon paradoksları kimi səslənir, yəni güc ağıldan əfzəldirsə, yəqin Zenon paradokslarına da həqiqət donu geydirmək mümkündü.

(Məsələn, marafonçu tısbağaya çata bilməz, çünki təqib eləyən təqib olunana çatınca təiqib olunan daima müəyyən məsafə gedəcək və s. və i.a.)

Kimdən soruşsan ki, ağıllı, yoxsa güclü qalib gələr, deyər əlbəttə, ağıllı.

Bəs ağıllı güclüdürsə, niyə bir dəlinin quyuya atdığı daşı yüz müdrik çıxara bilmir?

Mənim bir tanışım həmişə deyərdi ki, hərə öz ağlının çörəyini yeyir.

Özümsə haçansa, hansı kitabdasa oxumuşdum ki, (bəlkə də heç yerdə oxuyub eləməmişdim, elə indi ağlıma gəlmişdi) müharibəni güclülər başlayır, ağıllılar udur.

Tarixin ayrı-ayrı kəsiyində güclü, lakin ağılsız, yaxud əksinə, ağıllı və gücsüz qəhrəmanla az-az rastlaşılır.

Bir çox filosoflar bu amildən bəhrələnərək barışdırıcı mövqedə dayanıblar.

Yalnışlığa yol verməməkdən ötrü dəqiqləşdirmə aparaq; ağıl, güc dedikdə faktiki hansı parametrləri nəzərdə tuturuq.

Daha anlaşıqlı diqqətə çatdırmaq üçün məsələni adidən-adi açıqlayaq, yəni güc - fiziki, maddi imkanlar, bir sözlə, ilk baxışdan, çətinliksiz göstərilə bilən üstünlük. Ağılsa məqamı yetişəndə büruzə verilir, ağılı sezmək üçün üçüncü göz açıq olmalıdı.

Hər iki faktoru daş-tərəziyə qoyduqdan sonra paralel müqayisələr apara bilərik.

Əslində barışdırıcı mövqeydə dayananları qınamaq da düzgün deyil.

Ağıl və Güc bir vəhdətdə, bir vücudda, bir el-obada, bir millətdə, bir xalqda - və s. və i.a. - birləşməlidi.

Bunları bir-birinə qarşı qoymaq mənasızdı, çünki ağıl özü gücün bişgin, yetkinləşmiş halıdı və həqiqətən bu iki fövqəlbəşər parametr bir-birindən ayrılmazdı.

Qədim insanlar vəhşi heyvanları ağıl hesabına tələyə salıb öldürürdülər.

Amerikanlarda zarafatla deyilən məşhur bir misal da var; "Ağıllısansa, var-dövlətin niyə yoxdu?"

Var-dövlətsə gücün nişanəsi olduğundan deməli, ağıl güc yaradan vasitədi...

Kor nə istər, iki göz. Kim xoşlanmaz ki, bəşər övladı həm ağıllı, həm güclü olsun? Amma bir çox amillər bizim arzumuzla uzlaşmır axı...

Yadımdadı rəhmətlik Valehə nədənsə, şikayətlənəndə gülümsünərdi ki, könlündən ağıllı, güclü olmaq keçir, üstəlik gözəllər əhatəsində, huri-mələklərlə keçirmək fikrindəsən günlərini.

Ömrünü ona görə demirəm ki, dünya durduqca yaşamaqdan da vaz keçməzsən. Bir az susub əlini yelləyərdi vecsiz-vecsiz:

- Boş şeydi hamısı, həmişə nə isə çatışmamalıdı.

- Dərd burasındadı ki, nə isə yox, çox şey çatışmır, - deyirdim və fikirləşirdim ki, mən ağılı, zəkanı – əgər varımdısa - məmnuniyyətlə çatışmayanlara dəyişərdim, çünki mənim ağlım güc yaratmağa qadir deyildi.

Elə bil ürəyimi oxuyub:

-Yaxşı ki, qabaqda ölüm var, - deyərək siqaretini tüstülədərdi.

İndi Valeh ölüm mərhələsini keçib, mən yox.

Əslində bu gün həmin söhbətimiz yadıma düşdüyündən - bəlkə də həmin söhbət olmamışdı, həmin danışığımızdan müəyyən parçalar xatirimdəydi, bir də Valehin tavana qalxıb ətrafa yayılan siqaretinin tüstüsü.

Ona görə mənə elə gəlir ki, şikayətsayağı - şikayətlənən daima mən olardım - ağıl və gücün müqayisəsi barədə bir neçə söhbətimiz olub.

Guya birinci söhbətimizdə qışdı, ikinci söhbətimizdə yazdı, üçüncüdə yaydı, sonra da payız.

Və mən bu dörd söhbəti tamam-kamal yadıma salmaq istəyəndə cəmi bircə görüşü gözümün önünə gətirə bilirəm. Onu da yarımçıq...

Ancaq özünü ağıllı saymaq da başdanxarablıqdı. Gücü olmayanın ağlı da yoxmuş bəlkə? Əstəğfürullah...

Əgər ağıllı və dəlinin kimliyi barədə müqayisələr aparsaq, labirintə düşmüş səyyahın aqibətini xatırladacağıq, hər dəfə qarşımızı nəhəng divar kəsdiyindən kor-peşman geri qayıdıb təzədən çıxış yolunu axtaraçağıq. Allahların qəzəbinə gəlmiş Sizifin vəziyyətilə yaxınlıq, oxşarlıq yaranacaq aramızda.

Zamanı nəzərə almasaq, belə çıxır, əsrlər yerini dəyişsə də, əslində yer üzündə heç nə dəyişməyib.

Hərdən mənə elə gəlir ki, dövrümüzdəki hadisələr də min il qabaq baş verib. Haçansa arıq, sısqa taygöz Həsən əlinə yekə bir bıçaq götürüb pəzəvəng, eşşək Rzanı qabağına qataraq bütün kənd boyu qovurmuş.

Deyirlər, eşşək Rzanın: "Ay camaat, qoymuyun, taygöz məni öldürdü," - bağırtısı Kürün o tayında eşidilirmiş.

Əlbəttə, burda qeyri-adi bir iş yoxdu, əli silahlının qabağından qaçmaq ar deyil. Yaxşı deyiblər ki, verirlər götür, vururlar qaç.

Məsələ burasındadı ki, əynində ağ mayka əli bıçaqlıdan qaranəfəs yaxa qurtarmağa çalışanın - eşşək Rzanın - əlində təklülə tüfəng olubmuş.

Özü də dolu. Taygöz Həsən eşşək Rzanı niyə qovurmuş, eşşək Rza bağıra-bağıra özünü Kürə niyə atıbmış, bizə isti-soyuğu yoxdu.

Ortaya ayrı sorğu-suallar çıxır. Məsələn, əlində dolu tüfəng ola-ola pəzəvəng Rza üttülüm taygözün nəyindən qorxurmuş?

Hərçənd eşşək Rza elə yalın əllə taygözün öhdəsindən gələ bilərdi, intəhası, Rza ona görə uduzurdu ki, taygözün qabağından qaçırdı, elə taygöz də ona görə şeşələnirdi ki, önündəki qaçırdı, onun ayaq saxlamağı taygözün basılmağıydı, tüfəngin gülləsi öz yerində, elə qundağıyla taygözün aşını bişirmək olardı, ya da başının üstündən bir güllə atılsaydı, batırardı altına.

Hə, beləcə, yetişdik mənzil başına. Görəsən, hansı ağıllıdı, eşşək Rza, ya taygöz Həsən? İlk baxışdan eşşək Rza az-çox düşüncəli görünür.

Əli tüfənglinin qabağına bıçaqla çıxmaq, üstəlik onu bütün kənd boyu Kürün qırağınacan qovmaq dərin ağıl istəyir?

Hələ desən, eşşək Rza taygözdən qədd-qamətli, zorba, fiziki tərəfini götürsək, güclü idi.

Təkbətəkə qalsa bütün əlbəyaxa döyüş növlərində onun taygözü şil-küt eləyəcəyinə şübhə yoxdu.

Deməli belə, tərəzinin bir gözündə ağıl və güc, bir gözündə balaca bir bıçağın tiyəsi. Bircə bıçağın tiyəsi bayaqdan ağıl və güc deyərək araşdırdığımız ən unikal faktorları yenir?

Deyəsən, biz də Zenon parodokslarına bənzər yeni bir təzadlı anlayış yaratmaq üzrəyik axı?..

Eşşək Rzanın ağlına dəlalət eləyən arqumentlər az deyilmi? Vəziyyətdən alnıaçıq çıxmaq üçün onun bir neçə yolu vardı.

Bəlkə də çoxdu, ancaq bir neçəsinin üzərində atüstü dayanmaq məsləhətdi, çünki istər-istəməz eşşək Rzanı ağıllı qiyafəsində görürüksə, qeyri-adi, düşünülməmiş yollar ona yad olmalıydı.

Məsələn, taygözü qorxutmaq üçün dayanıb başının üstündən bir güllə atmalıydı, ikincisi lap əvvəldən qaçmaqda səhv buraxmışdı, əgər o, qaçmasaydı taygöz onu qovmazdı, üçüncüsü eşşək Rza bütün şəraiti nəzərə alıb özü hücum eləməliydi, qaçmağa başlayandan sonra dayanıb hücuma keçmək çətindi.

Sözsüz ki, müəyyən manevrlərdə geri çəkilmək, qaçmaq qorxaqlıq sayılmamalıdı, bəzən bilə-bilə üstünlüyü düşmənə vermək olar ki, qəfil əks-hücumla başının üstünü alıb asan qələbə qazanasan. Amma bizim misalımızda bunun səhv olduğu açıq-aşkar görünür.

Çünki Rza əlində təklülə tüfəng düz Kürün ortasınacan üzmüşdü, sahildə əli bıçaqlı dayanıb onun yeddi arxa dönənini qəbirdən xortladan taygözün qabağına yeriməyi xəyalına belə gətirməmişdi.

Səhəri rəhmətlik dədəm bizim birinci çıxış yolunu ondan soruşanda mən balaca olsam da eşşək Rzanın sir-sifətinin necə əyildiyini, o boyda qədd-qamətli adamın necə balacalaşıb yumağa döndüyünü indiki kimi xatırlayıram.

İlahi, o kişi dədəmin fikrini təkrarlamağa, ağlından ötəri keçirməyə də qorxurdu. Dədəmin dedikləri ona göyün yerə düşə biləcəyi kimi ağlasığmaz görünürdü, cavab verəndə də dili dolaşırdı:

- Necə yəni?.. Di-di-dildə demək asandı. İşə bax ha! Havaya güllə atsaydım, lap qızışardı. Görəcəkdi ki, tüfəng boşaldı.

Dədəm əl çəkmirdi:

- Hə, noolsun, gələrdi yaxına, tüfəngin qundağıyla başına birin vurardın, canı çıxardı.

Eşşək Rzanın dil-dodağı lap təpidi:

- Sonra da məni damlayardılar, bir çətən külfətim yetim qalardı.

- Yox, səni tutmazdılar, çunki adamı qəsdən öldürməmisən, özünü müdafiə eləmisən...

- Özünü müdafiə o zaman olur ki, üstünə bıçaqla gələni əllə öldürəsən, tüfənglə yox. Həm də tülkü tülkülüyünü sübut eləyincə dərisini boğazından çıxardıllar.

Dədəm çaşıb qaldı, əlindəki zərləri nərdin üstünə qoyub matdım-matdım müsahibinə baxdı:

- Ay Rza, sən əjdaha boydasan, taygöz kimi neçə cırtdanın öhdəsindən yalın əlnən gələrsən, əlində tüfəng qaçıb girmisən suya... Heç kişilikdəndi?

- Sənə nə var e, - Rza çiyinlərini çəkdi. - Sən o taygözü yaxşı tanımırsan. Özüm Allaha yalvarırdım ki, çox söysün məni, ürəyini yetərincə boşaltsın, yoxsa hirsi soyumayacaqdı. Yaxamdan əl çəkməyəcəkdi o köpəyoğlu. Açığı, burda ayıb nə var axı, qorxmaq ayıb deyil ki! Qorxuram, vəssalam!..

Bu da ağıllı və güclüylə ağılsız və gücsüzün mübarizəsi. Yenə sonuna çatmaq müşkül görünən labirintə düşürük.

Ağıl və gücün vəhdətinə qələbə qazanmaq üçün hansı cəhətsə çatışmır. Əlbəttə, cəsarət.

Eyni zamanda ağıl mükəmməllik, hərtərəflilik deməkdi ki, cəsarət özü də buraya daxildi.

Ancaq ağıla, müdrikliyə hər bir cəhətin, həmçinin cəsarətin rəndələnmiş, əndazəli forması aiddi.

Əndazəsiz, ölçülüb biçilməmiş cəsarətin - eləcə də başqa cəhətlərin - sonu faciədi.

Günlərin birində taygözün on dörd bıçaq vurulmuş meyitini Kürün qırağındakı sıx yulğunluqdan tapanda bir neçə gün eşşək Rzanı silistə aparıb gətirdilər, bir nəticə hasil eləməyib yaxasından əl çəkdilər, yəqin anladılar ki, belə dəhşətli qətli törətmək üçün eşşək Rza tamam-kamal yararsız adamdı.

Özü də təkçə eşşək Rzanı yox, kənddə çox adamı sorğu-suala tutsatar da, taygözün qatilini tapa bilmədilər.

Müəmmalı işdi, meyitə daş bağlayıb Kürə atmaqdansa, yulğunluğa tullanmışdılar.

Kənd uşaqları hər iki gözü çıxarılmış, qarnına, içalatına göy milçəklər daraşmış meyiti görəndə vahimədən elə bağırmışdılar ki, dəllək Məhəmmədin arvadı uşaq salmışdı.

Sonralar dədəmlə söhbətləşən milisimiz Əhməd əmi deyirdi ki, gecəgözü meyitə daş bağlayıb suya atsaydılar, heç vədə tapa bilməzdik, beləcə hər şey itib gedərdi, ancaq dəxli yoxdu, qan batmır, gec-tez qatil tapılacaq.

Amma taygöz Həsənin qatili tapılmadı.

Yadımdadı, aradan bir xeyli keçəndən sonra Əhməd əmi bizə, dədəmlə söhbətə gəlmişdi, həyətimizdə oturub çay içə-içə ordan-burdan danışırdılar.

Söz-sözü çəkdi, söhbət Həsənin öldürülməliyinə gəldi.

Əhməd əmi əlini dizinə vurub ətrafa baxa-baxa yana-yana pıçıldadı ki, nəsə mən hələ də Rzadan şübhələnirəm. Dədəm gülümsündü ki, ondan adamöldürən olmaz, o, taygözün kölgəsindən də qorxurdu.

- Elə burasıdı da şübhəli, - Əhməd əmi stəkanı nəlbəkiyə qoyub fikirli-fikirli mızıldadı.

Bu arada süfrəyə, mürəbbəqabının qırağına yekə bir arı qondu. Əhməd əmi sözünün dalını gətirmədi, elə bil çəkinirdi ki, arı dediklərini bütün kəndə yayar. Mənsə istəyirdim ki, o, danışsın, ona görə arını öldürmək üçün yumurladığım qəzeti qəfil mürəbbəqabının qıraqana vuranda oturanlar diksindi, mürəbbə masaya dağıldı, Əhməd əmi daha nə dedi, nə demədi bilmədim, dədəm acıqlanıb məni göndərdi evə...

Bir-iki il ötdü. Adamlar taygözün qətlini unutmağa başlayırdı, hələ desən, onun ölümünə sevinənlər vardı ki, camaat oğrunun-quldurun əlindən qurtardı, day heç kim qoyun-quzu, mal-hevan oğrusunun əlindən cana gəlməyəcək.

Günlərin, daha doğrusu, gecələrin birindəsə eşşək Rzanı taygöz Həsənin həyətindən çıxanda görənlər oldu. Sonralar eşşək Rza arvad-uşağını atıb taygözün sonsuz, ancaq gözəl-göyçək arvadı Mələklə evləndi.

Yeri düşəndə dədəm deyərdi ki, gərək taygöz biqeyrət Rzanın qarnını cıraydı.

Orda-burdasa şaiyə gəzirdi ki, - bu sözü ilk dəfə falçı Xeyransanın özündən eşitdiyini söyləyənlər vardı - guya taygöz öldürülən geçə arvadı Mələyin ağappaq donu qıpqırmızı imiş və guya taygözün yasında da o donun yuyulub zivədən asıldığına fikir verənlər varmış.

Söz-söhbətə inanan tapılmadı ki, incədən-incə Mələyin taygözə gücü çatmaz, zənən xeylağı o cür qaniçənliklə ərinı öldürə bilməz.

Həm də özündən soruşanda falçı Xeyransa and-aman eləyirdi ki, bəs Allah araqarışdıranların evini yıxsın, mən heç yerdə, heç nə deməmişəm, heç nə də görməmişəm...


Tarix: 08.06.2015 / 17:19 Müəllif: Aziza Baxılıb: 217 Bölmə: Mübariz Cəfərli
loading...