Daş-qalaq edilən Sürəyya — 2008-ci ildə ABŞ-da çəkilmiş film
Mühacirətdə yaşayan iranlı kinematoqrafçıların çəkdiyi "Daş-qalaq edilən Sürəyya" filmi kino dünyasında böyük səs-küyə səbəb olmuş ekran əsərlərindəndir. 2008-ci ildə ABŞ-da kinorejissor Sirus Növrəstə tərəfindən çəkilən filmin süjet xətti Fransada yaşayan iranlı yazar Firudin Saəbcamın "Daş-qalaq etmə" əsərindən götürülüb. Müəllif əsərdə bəhs olunan hadisələrin təxminən 30 il bundan öncə baş verdiyini, daha sonralar isə bunu qələmə aldığını deyir.
Film bu gün dünyada, o cümlədən müsəlman aləmində aktual olan dini fanatizm və radikalizmi ifşa edir. Filmin süjet xəttinə görə, İranda səfərdə olan əcnəbi jurnalistin avtomobili xarab olur və o, yaxın kəndlərdən birində qalır. Elə həmin müddətdə Zəhra adlı qadın öz bacısı qızı Sürəyyanın başına gəlmiş həyat hekayəsini ona danışır. Dörd uşaq anası Sürəyyanın əri Əli 14 yaşlı qızla evlənmək istəyir. Sürəyya buna qarşı çıxanda isə, əri onu aradan götürmək qərarına gəlir. O, müxtəlif vasitələr fikirləşir və nəhayət, özünə yalançı şahidlər taparaq qadınını şərləyib xəyanətdə ittiham edir. Şahidi olmadığı üçün öz günahsızlığını sübuta yetirə bilməyən Sürəyya şəriət məhkəməsi tərəfindən ağır cəzaya məhkum olunur. Daş-qalaq edilən, yarıya qədər torpağa basdırılan qadın izdihama səslənərək "Axı siz bilirsiniz mənim günahım yoxdur" deyərək ətrafdakılara yalvarır. Lakin ətrafdakılar şəriətin hökm kəsdiyi qanuna qarşı çıxa bilmirlər. Qadının günahsızlığını hamı kimi çox yaxşı bilən molla da səsini çıxarmır və onun ölümünü sakitcə seyr edir. Olanları əcnəbi jurnalistə danışan Zəhra kasetə köçürülən bu yazının bütün dünyaya yayılmasını jurnalistdən xahiş edir. Filmin sonunda kəndi tərk edən jurnalist molla və onun həmfikirləri tərəfindən tutulur. Maşını yoxlayıb kaseti tapır və sındırırlar. Bununla da tamaşaçının bütün ümidlərini məhv edən rejissor bir anda hadisələri daha da dramatikləşdirərək filmdə dönüş edir. Kəndin çıxışında başqa ehtiyat kaseti ilə jurnalisti gözləyən Zəhra onu jurnalistə çatdıra bilir.
Qeyd edək ki, statistik məlumatlara görə, son 15 ildə İran, Nigeriya, Somali, Sudan, İraq, Əfqanıstan, Pakistan və s. ölkələrdə mindən çox qadın namussuzluq, zina törətməkdə ittiham olunaraq daş-qalaq edilməklə öldürülüb. Belə mövzuda bu vaxtadək heç bir filmin çəkilmədiyini deyən rejissor Sirus Növrəstə filmdə kəskin təsirli səhnələrə geniş yer ayırıb. Film tamaşaçının hisslərinə təsir edir və onu bu cür qeyri-insani cəza metodlarına qarşı mübarizəyə səsləyir.
"Daş-qalaq edilən Sürəyya" filminin baş rol ifaçısı Mozhan Marnodur. Digər rolları Şöhrə Ağdaşlo, Ceyms Kaviezel, Pərviz Səyyad, Vida Qahrema ifa ediblər.
Tarix: 19.02.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 210 Bölmə: Filimler