Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

2-ci hissə
2-ci hissə

Şuşa parkındakı kababxananın həm müdiri, həm aşpazı, həm bufetçisi, həm xörəkpaylayanı olan, çəkisi də yüz iyirmi səkkiz kilo olan Əbülfət əmlik kababından iki şiş gətirib birini Cavanşirin, birini də İsgəndər Abışovun boşqabına çəkdi, göy-göyərti, üzlü pendir gətirdi, pərpətöyündən erməni şorabası və iki şüşə də Martuni çaxırı gətirdi.
İsgəndər Abışov –İki şüşə çoxdur, – dedi.
–Cavanşir:
–Nəyi çoxdu? – dedi və ağzı üstə qabaqlarına qoyulmuş (Əbülfətin qabiliyyəti idi!) qalın şüşəli stəkanları çevirib çaxırla doldurdu. – Sağ ol, sənin sağlığına! – dedi və stəkanı birnəfəsə başına çəkdi və İsgəndər Abışov da elə bil ki, Cavanşirin beləcə çaxır içməyindən hipnoz olubmuş kimi, öz stəkanını birnəfəsə başına çəkmək istədi, amma tez də təngnəfəs oldu və stəkandakı çaxırı ancaq yarısına kimi içdi.
Bu yarım stəkan çaxır elə o saat, gözgörəsi İsgəndər Abışova tə’sir etdi və İsgəndər Abışov açdı sandığı, tökdü pambığı, evlənmək istədiyini dedi, amma nə gözaltı bir qızı vardı, nə də evi, şəhər covetində söz veriblər ki, bu il ona ev verəcəklər, amma göhnə ev istəmir, təzə ev istəyir, şəhərsayağı, hamamı ilə ayaqyolusu içində; bu evi alandan sonra Sabirabaddakı anasını da gətirəcəkdi yanına, sonra da evlənəcəkdi, amma hələ gözaltı bir qız yox idi; keçən ay ona imzasız bir sevgi məktubu yazmışdılar, bilmirdi ki, hansı qızdı, şübhələnirdi ki, birdən sanatoriyanın kitabxanaçısı Azadə olar, amma Azadə olsa, onda heç nə, çünki İskəndər Abışov hələ ki, Azadəni sevə bilmirdi., bir də ki dünyanın işlərini kim bilir, bəlkə elə sevdi Azadəni; hər halda şuşalı qız alacaqdı, çünki Şuşanın qızları sağlam olur, ab-havadandı, sudandı, amma hayıf ki hələ gözaltı bir qız yoxdu və ümumiyyətlə, İsgəndər Abışov qızlarla tanış olmaq sarıdan bir az fərsizdi, onların fikrinə-zadına yaxşı bələddi, amma di gəl ki, tanış olmaq sarıdan fərsizdi, əlindən gəlmirdi.
Cavanşir özü bir söz danışmırdı, danışan elə İsgəndər Abışov idi və Cavanşir də yüngülcə gülümsəyə-gülümsəyə və arabir də mə’nalı-mə’nalı başını tərpədə-tərpədə İsgəndər Abışovun dediklərinə qulaq asırdı. Cavanşirin gülümsəməyində, dodaqlarının təbəssümündə İsgəndər Abışovdan qat-qat artıq görüb-götürmək ifadəsi vardı, bir üstünlük ifadəsi vardı və Cavanşir özü də çox gözəl bilirdi ki, yaxşı iş deyil bu; yaxşı iş deyil ona görə ki, düz deyil, yalandı bu; yaxşı iş deyil ona görə ki, İsgəndər Abışovun belə bir ürəyitəmizliyi müqabilində gərək nə olurdusa-olsun, amma saflıq olsun.
Əlbəttə, İsgəndər Abışovun Cavanşirin bu fikirlərindən xəbəri yox idi və Cavanşirin sifətindəki bu üstünlük təbəssümünü də o, çox adi bir iş və mə’lum məsələ hesab edirdi; hətta Cavanşirin sifətindəki bu üstünlük təbəssümü, bü təkəbbür İsgəndər Abışova elə tə’sir edirdi ki, içdikləri çaxır daha o cür tə’sir etmirdi və elə bu təbəssümə, bu ifadəyə görə də İsgəndər Abışovun öz-özündən şikayəti get-gedə artırdı, özünü dünyanın ən kiçik adamı, ən xırdası, yazığı hesab edirdi.
Yüz iyirmi səkkiz kiloya yaraşmayan bir cəldliklə, civə kimi girib-çıxan, mizlərə bir-bir baş çəkən, bufetə gedən, araq süzən, göyərti doğrayan, manqalı yelləyən Əbülfət
Cavanşirgilə yaxınlaşıb:
–Adama bir şiş də gətirimmi, başşım? – soruşdu.
Cavanşir İsgəndər Abışova baxdı. İsgəndər Abışov dedi:
–Heç yarım tikə də getməz!
Cavanşir gülümsədi və yenə də elə-eləcə gülümsədi, yuxarıdan aşağı və yenə özündən dilxor oldu ki, belə gülümsəyir.
Əbülfət iki şiş kababın, iki şüşə çaxırın, göy-göyərtinin, pendirin, erməni şorbasının pulunu alıb heç saymadı da, cibinə basıb:
–Allah bərəkət versin! – dedi və sonra mizin üstündəki hələ ağzı açılmamış ikinci çaxır şüşəsini elə onların yanındaca götürüb, aparıb qoydu bufetə.
Cavanşirlə İsgəndər Abışov parka çıxdı və İsgəndər Abışov dayanmaq bilməyib gələcək planlarından, dostluqdan, ilqardan, əxlaq prinsiplərindən elə hey danışırdı, əsl dostu, sirdaşı olmadığını, günlərinin çox cansıxıcı, darıxdırıcı keçdiyini, günlərinin bir-birinin eyni olduğunu deyirdi və Cavanşir daha ona qulaq asmırdı. İsgəndər Abışov ardı-arası kəsilmədən öz güzaranından şikayət edirdi, Cavanşir isə həmin avqust gecəsi Şuşa parkında gəzişə-gəzişə Şuşanın təmiz, saf ab-havası ilə nəfəs alırdı, ağacların, kol-kosun, gül-çiçəyin ətrini duyurdu və doğrudan-doğruya öz üstünlüyünü hiss edirdi; elə bil hər şey yalandan yox, doğrudan idi, doğrudan-doğruya bütün il boyu cürbəcür macəralardan yorulmuşdu, Peçorin sərgüzəştlərindən yorulmuşdu və indi burda, bu Şuşa parkında İsgəndər Abışovla gəzə-gəzə dincəlirdi.
Park qaranlıq və adamsız idi, ay işığında ağaclar qaralırdı və təkcə parkın yuxarısındakı teatr binasının işıqları yanırdı. Ağdam Dövlət Dram Teatrı Şuşada qastrol tamaşaları göstərirdi və bu gün Ağdam dramaturqlarından birinin «Skeletlər rəqs edərkən» adlı məhəbbət faciəsinin ilk tamaşası idi. Marusya Nikiforova, Lyudmila və Lyudmilanın yanında da Hüsaməddin Alovlu bu dəm salonda əyləşib səhnəyə tamaşa edirdilər. Hüsaməddin Alovlu ürək eləyib Marusya Nikiforovanın yanında oturmamışdı, amma tənəffüs zamanı teatrın bufetindən (bu bufet Əbülfətin kababxanasının filialı idi) iris konfeti almışdı və indi irislə dolu balaca torbanı tez-tez qızlara tərəf uzadıb Marusyanı və təbii ki, Lyudmilanı konfetə qonaq edirdi, səhnədəki söhbətləri yavaş-yavaş guya ki, rus dilinə tərcümə edirdi və Marusya Nikiforova da irisi çeynəyə-çeynəyə özünü saxlaya bilməyib nakam məhəbbət faciəsinə göz yaşı axıdırdı.
Və elə bu vaxt İsgəndər Abışov da özünü saxlaya bilməyib dedi:
–Bu qadına bir bax! Pah!..
Qarşıda, ay işığında Şuşa parkındakı ağaclara, gül-çiçəyə baxa-baxa hündürboylu, şümalbədənli, əyninə çox gözəl, çox yaraşıqlı, çox zövqlə tikilmiş tünd kostyum geymiş, başına kənarları çox enli böyük şlyapa qoymuş bir qadın addımlayırdı və bu qadın hər dəfə addım atdıqca, yumşaq idi, təbiətdən və özündən həzz ala-ala gedirdi; bu, yerə-göyə bir minnət idi; bu qadının addımları sərrast və yumşaq idi, təbiətdən və özündən həzz ala-ala gedirdi; bu qadının səliqəsi, zövqü və yerişində, geyimində, bədəninin quruluşunda hər şeyin yerbəyerində olması Şuşa dağlarının ay işığında qaralan ibtidai gözəlliyi ilə, sıldırım qayaların vəhşiliyi ilə qəribə bir təzadda idi və həmin avqust gecəsi bu təzadda nəsə bir sehr var idi.
İsgəndər Abışov elə bil ki, öz-özüylə danışırdı, yavaşdan dedi:
–Belə qadınlar da var e, dünyada!.. – Bunu dedi, sonra Cavanşirə baxdı. vBu dəm heç kimin və o cümlədən Cavanşirin özünün də ağlına gəlməyən, ağlına sığışmayan, görünməmiş bir hadisə baş verdi: Cavanşir sür’ətlə irəliləyib bu qadına yaxınlaşdı və:
–Bağışlayın.. – dedi.
Qadın Cavanşirə baxdı və yalnız bu zaman elə bil ki, Cavanşir özünə gəldi, yalnız bu zaman nə etdiyini başa düşdü və ürəyi bərkdən döyünməyə başladı, birdən-birə boğazı qurudu, nə deyəcəyini bilmədi, təkcə:
–Bağışlayın... – deyə təkrar etdi.
Bu qadın çox gözəl idi; bu qadının qırx yaşı olardı və özü də bu yaşı gizlətmək fikrində deyildi, əksinə, bu qadın elə bil ki, öz yaşından da zövq alırdı, onun pudra-boyası çox incə idi, ondan gələn ətir iyi də son dərəcə yüngül, yumşaq idi və bütün bu gözəllik və incəliklər müqabilində Cavanşir bu saat dünyanın ən əbləh, kütbeyin və vecsiz adamı idi.
Arxadan gələn İsgəndər Abışov xoşbəxt bir heyrət və həsəd dolu nəzərlərlə Cavanşirə, cəmi bircə dəqiqə bundan qabaq onunla bir yerdə çaxır içən, onun tanışı olan bu oğlana və namə’lum gözəl qadına, gözlərinin qarşısındakı addımlayan, amma əlçatmaz bir uzaqlıqda olan bu məxluqa baxırdı.
Qadın bircə anlıq Cavanşirə baxdı, Cavanşir belə hiss etdi ki, bu bircə anın içində bu qadın onu tamam əlinin içi kimi gördü, tanıdı, əbləh vəziyyətini və vecsizliyini, heçliyini başa düşdü və Cavanşir burasını da hiss elədi ki, qulaqlarının dibinə kimi qıpqırmızı qızardı.
Arxada isə İsgəndər Abışov addımlayırdı.
–Bağışlayın... bilmirsiz teatr burada hardadı?
Qadın bu dəfə bir anlıq yox, diqqətlə Cavanşirə baxdı, elə bil ay işığında bu cavan oğlanın, bu uzun oğlanın sifətinin cizgilərini bir-bir saf-çürük edirdi və Cavanşirə elə gəldi ki, bu qadın bu saat bu gözəlliyinə və incəliyinə yaraşmayan bir ədəbsizliklə iki əliylə də onun başına yağlı bir qapaz salacaq; amma çox qəribə oldu, qadın uzun və yaraşıqlı barmağı ilə teatr binasını göstərib:
–Odur, ordadır... – dedi və Cavanşir bu səsdə bir ilıqlıq, mülayimlik, bir mehribanlıq hiss etdi və bu mehribanlıq Cavanşirin bütün bədəninə sirayət etdi, içinə yayıldı.
Onlar bir müddət yanaşı addımladılar. Cavanşirin ürəyi daha o cür bərkdən döyünmürdü, amma deməyə də bir söz də tapmırdı və bu dəm öz acizliyindən yerə girməyə hazır idi.
Qadın ilıqlıq gətirən eyni mülayim və mehriban səslə:
–Yoldaşınız sizi gözləyir, – dedi.
Cavanşir təəccüb etdi ki, bir dəfə də olsun geri çönüb baxmayan bu qadın İsgəndər Abışovu necə gördü və:
–Eybi yox... – dedi. Cavanşir bunu dedi və bu sözlərin mə’nasızlığından və köməksizliyindən yenə hiss elədi ki, qulaqlarının dibinə kimi qıpqırmızı qızarıb.
Onlar beləcə dinməz-söyləməz yanaşı addımlaya-addımlaya teatr binasının yanınacan gəldilər və bütün bu müddət ərzində Cavanşir bir siçan deşiyi axtarırdı ki, söz tapıb danışa bilməmək xəcalətindən bu deşiyə girsin və bütün bu müddət ərzində İsgəndər Abışov da arxadan onları müşayiət etdi.
Teatr binasının qabağındakı lövhələrə əllə yazılmış afişalar yapışdırılmışdı və qadın bu afişalara baxıb:
–O-o-o... – dedi. – «Kleopatra»nı da göstərəcəklər... – Sonra bir balaca gülümsədi və bu gülümsəmə, əlbəttə, başqa gülümsəmə idi amma bir az Cavanşirin İsgəndər Abışovun yanında gülümsəməsinə oxşayırdı. – Gəlib baxmaq lazımdı. – Gəlib baxmaq lazımdı. – Sonra birdən-birə Cavanşirdən soruşdu:
–Siz bu teatrın tamaşalarına baxmısınız?
Cavanşir afişaların üstündə yanan elektrik lampalarının işığında köynəyinin yuxarı düymələrini tələm-tələsik düymələyə-düymələyə:
–Yox, baxmamışam, – dedi və Cavanşirə elə gəldi ki, yenə iki-üç il geri qayıdıb, orta məktəbdə oxuyur, bu sualı ona müəlliməsi verdi və Cavanşir də bu suala elə cavab verdi, elə bil müəlliməsinin sualına cavab verir.
Afişaların yanından ötdülər və bir az da gedəndən sonra, qəribədir, bu qadın elə bil öz-özüylə danışmağa başladı və bu qadının çox zövqlə yüngülcə boyalanmış gözəl dodaqlarından çıxan hər bir söz Cavanşir üçün elə bil ki, yuxular aləmindən gəlirdi, elə bil ki, tək-tənha çarpayıda uzanıb gözlərini tavana zilləyib getdiyi xəyallar aləmindən gəlirdi; bu qadının dodaqlarından çıxan hər bir söz get-gedə Cavanşir üçün Şuşadakı həmin avqust gecəsinin çox məlhəm, çox uyğun bir hissəsinə çevrilirdi.
–Qəribədi... Az qala iki min il keçib, ancaq bu gün də Kleopatra haqqında əsərlər yazırıq... Onu tamaşaya qoyuruq... Gedib baxırıq... Hər şey qocalır dünyada, hər şey yox olub gedir, ancaq hisslər qocalmır... insan hiss-həyəcanları, insan ehtirasları, insan ürəyinin çırpıntıları, görünür, daimidir...
Cavanşir sözün əsl mə’nasında əzablı bir sıxıntı ilə bu qadınla yanaşı addımlayırdı; Cavanşir bu qadının söhbətini davam etdirə bilmirdi, amma bilirdi ki, lap açıq-aşkar idi ki, nəsə deməlidi, mülahizələr, fikirlər söyləməlidi, amma söz tapa bilmirdi.
Mə’lum oldu ki, bu qadın me’mardı, Bakıdan gəlib, Şuşa istirahət evində istirahət edir və Şuşanı çox sevir, Şuşanın təbiəti üçün həmişə darıxır, Şuşanın Xan sarayı, Qala hasarı, məscidi bu qadın üçün misilsiz abidələrdi; hərgah insan təbiətin bir parçasıdısa, onun evi də, yaşadığı bina da təbiətin bir parçası olmalıdı, tikintilər, qurğular, hər şey təbiətə doğru olmalıdı, təbiəti tamamlamalıdı, insanla təbiət arasında bir sərhəd, bir qoruncaq yox, bir vasitə olmalıdı, bax, bu Şuşa dağlarının, bu Şuşa düzlərinin, dərələrinin, sıldırımlarının simmetriyası və assimetriyası müasir me’marlıqda öz əksini tapmalıdı...
Cavanşir bütün bu fikirlərlə yalnız razılaşırdı, başını tərpədib bu qadının söylədiyi fikirlərin hamısını təsdiq edirdi, uzaq başı bircə kəlmə: « – Elədir...» – deyirdi, başqa bir əlavə edə bilmirdi və onlar Şuşa parkının qaranlıq cığırları ilə addımladıqca, İsgəndər Abışov da arxadan gələ-gələ onları müşayiət edirdi və ən qəribəsi də bu idi ki, İsgəndər Abışov nədənsə Cavanşirdən başqa özünü də həmin avqust gecəsinin qəhrəmanı hiss edirdi...
Cavanşir çox çətinliklə və gözlənilməz bu düşünülməz ağlasığmaz gecə gəzintisinə yaraşmayan bir müstəqilliklə qadının adını soruşdu və mə’lum oldu ki bu qadının adı
Mədinə xanımdı, sonra Cavanşir öz adını dedi və sonra da Mədinə xanım Cavanşirdən soruşdu:
–Bəs siz harda işləyirsiniz?
Əlbəttə, Cavanşir ağlına gətirməzdi ki, doğrudan-doğruya belə yaşlı görünür; başqa vaxt olsaydı bu, Cavanşirin ürəyinə yayılırdı amma bu dəfə yenə qulaqlarının dibinə kimi qıpqırmızı qızarıb:
–Mən filoloqam, – dedi. – Universitetdəyəm... –Dərs deyirsiniz? Cavanşirin bütün sifəti alışıb-yanırdı və ona elə gəldi ki, Mədinə xanım onu dolayır və bərkdən qaqqanaq çəkib güləcək və İsgəndər Abışov da gülməkdən qarnını tutacaq.
–Yox... Aspirantam...
–A-a... Sizinçün hələ hər şey irəlidədi...
Cavanşir buna da bir söz deyə bilmədi.
İsgəndər Abışov isə qarşıda addımlayan bu qadınla Cavanşirin nə danışdıqlarını eşitmirdi, amma bir həqiqət vardı ki, bu dəm İsgəndər Abışov Cavanşirlə Əbülfətin kababxanasında oturub birgə çaxır içməyi ilə fəxr edirdi; bu dəm o, Cavanşirlə bu gözəl qadının ardınca beləcə addımlamağıyla qürurlanırdı və belə bil ki, İsgəndər Abışova bir qol-qanad vermişdi və daha o özünü həyatda artıq adam hesab etmirdi.
Mədinə xanım dedi:
–Mən daha istirahət evinə getməliyəm...
Və Mədinə xanım bu sözləri elə dedi ki, Cavanşirin ağzı öz-özünə açıldı:
–Mən sizi ötürərəm...
Mədinə xanım dedi:
–Sizi yoldaşınız gözləyir...
Cavanşir dedi:
–O mənim yoldaşım deyil...
Mədinə xanım dedi:
–Onda deyin arxamızca gəlməsin...
Cavanşir bu sözlərdə bir balaca əsəbilik hiss elədi, gizli bir acıq hiss elədi, amma əslində onu pərt eləyən bu olmadı, Cavanşiri bu pərt elədi ki, İsgəndər Abışovla yoldaş olduğunu bu qadının yanında dandı və əlbəttə, burada pərt olası bir şey yox idi, Cavanşirlə İsgəndər Abışov doğrudan da yoldaş deyildilər və bu gecə də birinci dəfə oturub kəlmə kəsmişdilər, amma hər halda İsgəndər Abışovdan imtina eləməsi Cavanşirə nəsə bir xəyanət kimi gəldi, elə bil doğrudan da hansı bir yaxın yoldaşınasa, elə bil nəsə işıqlı bir şeyə xəyanət elədi; bu, ötəri hiss idi və Cavanşir Mədinə xanımdan geri qalıb İsgəndər Abışovun ona çatmasını gözlədi və dedi:
–Sən daha get.
İsgəndər Abışov ay işığında qaşlarını çatdı, sonra öz aləmində hər şeyi başa düşdü, yə’ni ki, mə’lumdu məsələ, gözlərinin ucu ilə mə’nalı-mə’nalı gülümsəyib:
–Oldu, – dedi və geri çönüb qaranlıqda Şuşa parkının ağacları arasında görünməz oldu.
Mədinə xanım Sovet İttifaqının bir çox kurortlarında olmuşdu, Karlovı-Varıda, Bolqarıstandakı Qızıl Qumda istirahət etmişdi, Fransanın cənubunu, Nitsanı gəzmişdi, amma heç bir havası Şuşa ilə müqayisə oluna bilməzdi, düzdü, İsveçrədə olmamışdı, deyirlər ki, Davosun havası çox gözəldi, amma Mədinə xanım bilirdi ki, Şuşanın havasına hava çatmaz; Şuşanın havasındakı təmizlik, saflıq da insan hissləri kimi daimi idi və Şuşada insan qəlbi də saflaşır, təmizlənir, büllurlaşır, insan ürəyi yeni hisslərlə, kövrək və incə hisslərlə dolur, adam təzələşir, paklaşır; adama elə gəlir ki, özü də daimidir, heç vaxt ölməyəcək, nə xərçəngdən qorxur, nə də infarktdan və yuxusuzluq qorxusu da onu sıxmır; adam hər şeyi unudur, bütün qayğıları, pislikləri, iztirabları və bütün ətrafı, bütün münasibətləri qatı rənglərlə, qatı boyalarla yox, ağ kağızdan güclə seçilən bir akvarellə görür.
Cavanşir Mədinə xanımın bu e’tiraflarına qulaq asa-asa addımlayırdı və daha əvvəlki kimi sıxılmırdı. Əlbəttə, Cavanşir heç vaxt fikirləşməzdi, ağlına da gətirməzdi ki, belə bir qadının bu cür e’tiraflarına qulaq asa-asa sakit, aylı-ulduzlu bir Şuşa gecəsində kimsəsiz, qədim bir küçə ilə beləcə addımlayacaq.
Onlar Şuşa istirahıt evinin həyət darvazasına gəlib çatanda gecə saat on birə qalırdı. Mədinə xanım əlini Cavanşirə uzadıb:
–Sağ olun, – dedi. – Gecəniz xeyrə qalsın.
Şuşa istirahət evinin darvazası üstündən asılmış elektrik lampasının işığında Mədinə xanımın ala gözlərində bir mehribanlıq vardı və elə bil ki, bu gözlər daha nəsə deyirdi və elə bil ki, Mədinə xanımın Cavanşirin ovcundakı əli də gözlərinin dediklərini təsdiq edirdi. Cavanşir başa düşürdü, hiss edirdi ki, nəsə demək lazımdı, bu elə məqamdır ki, mütləq nəsə demək lazımdı, nəsə elə bir söz ki, bu baxışlara layiq olsun, lap dərinlərdə gizlənmiş istehzanı alt-üst eləsin, amma Cavanşir başqa heç nə deyə bilmədi, heç nə eləyə bilmədi, təkcə: –Sağ olun, – dedi və bütün kişiliyini köməyə çağırıb soruşdu: – Sabah görüşəcəyik?
Mədinə xanım eyni mehribanlıqla gülümsədi və:
–Görüşərik, – dedi.
Sabah axşam saat yeddidə (o vaxt ki, doppa Dadaş sanatoriyanın həyətində kamançasının simlərini kökləməyə başlayacaqdı) Şuşa istirahət evinin yuxarısındakı tutluqda görüşəcəklərini və’dələşdilər (bu yeri, təbii ki, Mədinə xanım təklif elədi) və bundan sonra Mədinə xanım əlini Cavanşirin yekə ovcundan çəkib darvazanın kiçik qapısından içəri girdi.
Cavanşir bir müddət darvazanın qabağında dayandı, o əlin hərarətini, mehribanlığını, qayğısını ovcunda hiss etdi, o əlin nəsə dediyini və özünün vecsizliyini, əfəlliyini fikirləşdi, sonra siqaret çıxarıb yandırdı və Şuşanın qaranlıq, sal daş döşənmiş küçələrindən keçib sanatoriyaya tərəf qalxmağa başladı.
Və bu dəm «Skeletlər rəqs edərkən» tamaşası da sona yetmişdi və Marusya Nikiforova, Marusya Nikiforovanın yanında Lyudmila və Lyudmilanın yanında da Hüsaməddin Alovlu bu nakam məhəbbət ficiəsinin tə’siri altında yavaş-yavaş sanatoriyaya tərəf gedirdilər.
Cavanşir Mədinə xanımın yanında siqaret çəkməyə də ürək eləməmişdi.
Belə-belə işlər.
Sabah belə olmayacaqdı.
Cavanşir sanatoriyanın həyətinə girəndə bütün işıqlar sönmüşdü, təkcə Güləndam nənənin işığından başqa və eyvanlarda da heç kim yox idi, təkcə Dürdanə çiyninə yun jaket salıb üşüyə-üşüyə öz eyvanlarında dayanmışdı və gözlərini sanatoriyanın həyət darvazasından çəkmirdi.
Həmin avqust gecəsi Cavanşir çarpayısındakı yorğan-döşəkdə uzanıb gah bu böyrü, gah o böyrü üstə çevrilə-çevrilə səhərə kimi yuxu ilə doğru arasında oldu, bütün gecəni Mədinə xanımla idi, bütün gecəni Mədinə xanımla Şuşa parkında gəzirdilər, Cavanşir bilirdi ki, bu həqiqət deyil, mürgüdü, yuxudu, amma Mədinə xanımın gözlərindəki mehribanlığı görürdü, səsindəki yumşaqlıq, ilıqlıq Cavanşirin bütün bədəninə yayılırdı, Mədinə xanımın ətrini duyurdu, əlinin hərarəti ovcunu qızdırırdı, amma nəsə çatışmırdı, bu narahatlıq da, bu nigarançılıq da ondan ibarət idi ki, nəsə çatışmırdı, o böyrü, bu böyrü üstə aşmağı da ondan idi və səhərə yaxın birdən-birə Cavanşirə elə gəldi ki, çatışmayan İsgəndər Abışovun daha arxadan eşidilməyən addım səsləridi.


Tarix: 08.06.2015 / 18:26 Müəllif: Aziza Baxılıb: 247 Bölmə: Elçin Əfəndiyev - "Şuşaya duman gəlib"
loading...