Doppa Dadaş əlindəki kamanı sağa-sola apara-apara kamançanın tellərini dindirdikcə kamançanın bu ab-havanın təmizliyindən, paklığından, bulaqların saflığından, gülün gülü, çiçəyin çiçəyi çağırmasından, dostluqdan, vəfadan, ilqardan dəm vuran səsi Şuşa sanatoriyasının bütün həyət-bacasına yayılırdı və doppa Dadaşın zürafə boynu kimi uzun boynunun üstündəki yekə başı da əlindəki kamanın hərəkətinə həmahəng gah sağa gedirdi, gah sola gedirdi və bu dəm heç kamançanın səsini eşitməyən də olsaydı, doppa Dadaşın uzun kirpikləri iri, qara gözlərindən bilərdi ki, duyardı ki, söhbət nədən gedir.
Həmin avqust axşamı Şuşa sanatoriyasının həyətinə yayılmış kamança səsi Hüsaməddin Alovlunun da ürəyinin incə tellərini dindirirdi və çiyninə güllü ağ yun şal salıb əlləri qoynunda dayanmış, göy gözləri yol çəkən Marusya Nikiforovaya baxa-baxa Hüsaməddin Alovlunun ürəyindən bütün ömründə birinci dəfə rus dilində şe’r misraları axıb keçdi və həmin bir bənd şer belə yarandı.
Doppa Dadaşın kamançası sözünü deyib qurtarandan sonra, Hüsaməddin Alovlu sanatoriyada istirahət edənlərlə mədəni-mədəni iş aparan «massovik» Sadıq müəllimdən söz alıb meydanın ortasına çıxdı və gözlərini Marusya Nikiforovadan çəkməyərək yeni yaranmış həmin şerini oxudu:
Ya tebya lyublyu,
Oçen xoroşo!
Za tebya ya umru,
Oçen xoroşo!
Amma Marusyanın fikri bu saat burada yox, Tambovdakı kolxoz bazarında idi: bu il həyətyanı sahələrinin məhsulunu kiçik bacısı Vasilisa Tambov kolxoz bazarına aparmışdı. Marusya isə Tambov viləyətindən Şuşa sanatoriyasına istirahətə gəlmişdi: Vasilisa ömründə birinci dəfə idi bazara gedirdi və buna görə də Marusya hərdən nigarançılıq keçirirdi ki, birdən Vasilisanı aldadıb-edərlər, evə əliboş qayıdar. Marusya özü də ömründə birnci dəfə idi belə uzaq səfərə çıxırdı, sanatoriyada istirahət edirdi.
Əlbəttə, Ağdamda maliyyə məktəbini bitirib indi Şuşanın Xəlfəli kolxozunda hesabdar işləyən və bu avqust ayında sanatoriyada dincələ-dincələ Marusyanın eşqindən yerə-göyə sığmayan Hüsaməddin Alovlunun Tambov viləyətindən gəlmiş bu təmiz-tariq, sağlam, səliqəli, pambıq kimi ağappaq qızın ürəyindəki nigarançılıqdan xəbəri yox idi və yaradıcılığa başladığı vaxtdan indiyə kimi ilk dəfə rus dilində yazdığı şe’ri özü öz sənətindən həzz ala-ala oxuyurdu:
Ya tebya lyubylu,
Oçen xoroşo!
Za tebya ya umru,
Oçen xoroşo!
– Başı batmışın başqa bir sözü yoxdu elə bil... Oçen xoroşo, oçen xoroşo!... –- Bu sözləri sanatoriya binasının eyvanında oturub həyətdəki meydana toplaşmış camaata tamaşa eləyən Güləndam nənə dedi və sonra çeşməyinin altından gülümsəyib yanında dayanmış
Cavanşirdən soruşdu:
– Sən niyə gedib dans eləmirsən, balası?
Hüsaməddin Alovlu, nəhayət ki, meydanın ortasından çəkiləndən sonra, Gülməmmədin akkordeonu öz məşhur tanqosunu çaldı və meydanı dövrəyə almış adamlar yavaş-yavaş rəqsə başlayıb meydanın ortasına çıxdılar; sanatoriyada istirahət edən qızlar bir-biri ilə, hər axşam sanatoriyanın həyətinə gəzməyə gələn yerli oğlanlar da öz növbəsində bir-biri ilə rəqs edirdi və belə bir məqamda Hüsaməddin Alovlu bir çox həsəd dolu nəzərlər altında Marusyaya yaxınlaşıb baş əydi, qızı rəqsə də’vət etdi və Marusya da boyca ondan bir balaca kiçik bu qarabuğdayı, qara bığlı oğlanın də’vətini sidq-ürəkdən qəbul etdi.
– Qəmediyədi! – dedi Güləndam nənə. – Qəmediyədi! – Sonra gülə-gülə başını buladı, sonra da yenə Cavanşirdən soruşdu: – Niyə gedib dans eləmirsən, balası, a kişi qırığı?.. Hı?..
Cavanşir başa düşdü ki, nənəsinin yenə kefi qalxıb sataşır ona; ayrı vaxt nənəsinin belə atmacalarına atmacayla cavab verirdi, amma bu dəfə, Şuşa sanatoriyasındakı həmin avqust axşamı birdən-birə gədənin arvada acığı tutdu:
– Ləğviyyat olma! – dedi. – Bəsdi... – Sonra Cavanşir otağa girib elə çəkməli, şalvarlı da çarpayıda uzandı və əllərini başının altında çarpazladı.
Həmişəki kimi, həmişə qurduğu cürbəcür planlar kimi, Cavanşirin bu yay üçün də tutduğu plan pozulub getdi işinin dalınca, Cavanşirə qalsaydı, gərək indi Moskvada olaydı, Aqşinlə, Orxanla birlikdə indi gəzəydilər gərək Moskvanı: düzdü, Aqşini də evlərində buraxmadılar tək getməyə, amma Orxan getdi və Orxan indi Fazil adlı bir yoldaşıyla Moskvadadı, gəzir özüyçün, daha nənə-bala Şuşa sanatoriyasında oturub qatıq içmir.
Keçən yay, universitetin birinci kursundan ikinci kursa keçəndə, tə’til vaxtı, evdən onu qoymadılar bir yerə tək getməyə, dedilər hələ tezdi, dedilər gələn il gedərsən, nə isə, gəldi çıxdı bu yay, üçüncü kursa keçdi universitetdə, amma elə yay qabağı, hələ yay sessiya imtahanlarını verdiyi vaxt Moskvaya tək getməyindən söz düşəndə atası da, anası da həsdəməyə başladı, sonra anası ağladı, atası acıqlandı, əlqərəz, onu yenə tək getməyə qoymadılar və indi burada, Şuşa sanatoriyasında, çarpayıda uzanıb bütün bunları yadına salan Cavanşirin sifəti birdən-birə od tutub yandı, ağlamağı yadına düşdü; həmin iyul günü, axşam, bu tək gedib-getməmək söhbəti zamanı anası da, atası da ayaqlarını bir başmağa dirəyib «yox» deyəndə Cavanşiri ağlamaq tutdu və bu boyda oğlan özünü saxlaya bilməyib içini çəkdi, gözlərindən yaş axıtdı, ağlaya-ağlaya da: « – Nə vaxtacan uşaq olacağam sizinçün? Bilin bunu, – ağlaya-ağlaya qışqırdı. – Bilin bunu, uşaq deyiləm day mən!..»
Əlbəttə, çox pis əhvalat idi bu. Adam yadına salanda indinin özündə də xəcalətindən bilmir neyləsin.
Bu əhvalatdan sonra bir müddət nə Cavanşir utandığından atasının, anasının üzünə baxa bildi nə də onlar utandıqlarından Cavanşirin üzünə baxdı, sonra atası belə bir təklif irəli sürdü ki, Cavanşir tək Şuşaya getsin, Şuşa sanatoriyasına işlərində putyovka var idi və Cavanşir də əvvəlcə dedi ki, heç hara getməyəcək və bütün yayı qalacaq Buzovnadakı bağlarında, amma bir-iki gün də keçəndən sonra razı oldu, yır-yığış elədi və bundan sonra atasıyla anası xahiş eləməyə başladılar ki, nənəni də özünlə apar, qoy gedib Şuşada istirahət eləsin, qoca arvaddı, sən daha maşAllah yekə kişisən, apar onu özünlə Şuşaya: «Apar məni özünlə, Cavanşir, qadan alım, apar məni Şuşaya, görüm oraları, on ildi olmuram oralarda, kim bilir, bir də görəcəyəm Şuşanı, qismət olacaq, yoxsa yox...» – deyirdi Güləndam nənə, amma Cavanşir də çox yaxşı başa düşürdü ki, əslində o, nənəsini aparmır, nənəsi onu aparır; nənəsini xüsusi qoşurlar ki, əmin-amanlıq olsun, qorxurlar, ehtiyat eləyirlər ki, onu tək buraxmağa, «dünyadan xəbəri yoxdu, hələ» deyirlər, daha bilmirlər ki, dünyanın cikinə də bələddi, bikinə də və dünyanın cikinə-bikinə bələd olmaqdan ötrü mütləq yüz əlli il yaşamaq lazım deyil... Gedib həyasızın birini, şeytana papış tikənlərdən birini alıb gətirib qoyasan evə, deyən ki, mən uşağam, neynək, amma mənim bu arvadcığazımı yola verin.
Üç gündən sonra Cavanşirin on doqquz yaşı tamam olurdu.
Bu vaxt, Cavanşirin evdəkilərdən belə bir xəyali intiqam aldığı zaman otağın qapısı döyüldü, sonra Dürdanə içəri girdi və Dürdanə əllərini başının altında çarpazlayıb çarpayıda uzanan Cavanşiri görəndə əvvəlcə elə bil özünü itirdi, sonra dili bir balaca topuq vura-vura dedi:
– Nənəm xahiş elədi mənnən ki, iynə -sap götürüm sizdən...
Dürdanə də Şuşa sanatoriyasına nənəsi ilə birlikdə gəlmişdi və indi, əlbəttə,
Dürdanə, burasını demədi ki, özü hansı koftasının düyməsinisə bəhanə eləyib, bilə-bilə ki, nənəsində yoxdu, iynə-sap istədi və sonra da nənəsinə dedi ki, yəqin Güləndam nənədə var, qoy gedim ondan alım gətirim.
Dürdanənin on səkkiz yaşı təzə tamam olmuşdu.
Cavanşir qalxıb çarpayıda oturdu və eyvandan nənəsini səslədi:
– Nənə!
Hüsaməddin Alovlu yenə də özünü saxlaya bilməyib meydanın ortasına çıxmışdı və yenə də yaradıcılığa başladığı vaxtdan indiyə kimi birinci dəfə rus dilində yazdığı şe’ri oxuyurdu:
Ya tebya lyublyu,
Oçen xoroşo!
Za tebya ya umru,
Oçen xoroşo!
Güləndam nənə:
–VAllah, bu gədənin başı xarab olub, – dedi. – Oçen xoroşo, oçen xoroşo... – Sonra eyvandan otağa boylandı və tez qalxıb içəri girdi. – Ay xoş gəlmisən səni, qızım, axşamın xeyir, keç əyləş.
Dürdanə:
–Yox, çox sağ olun, – dedi. – nənəm iynə-sap istəyirdi...
–Hə? Bu saat... – Sonra Güləndam nənə birdən-birə soruşdu: – Cavanşir, balası iynə-sap götürməmisən sən?
O saat da Cavanşirin qulaqları qıpqırmızı qızardı:
–İynə-sap götürənəm mən?
Dürdanə:
–Yoxdursa, eybi yoxdur... – dedi və Dürdanə də qızardı.
Güləndam nənə:
–Bu saat... bu saat... – dedi və gedib Nuh-Nəbidən qalma əl sumkasını açıb iynə-sap çıxartdı, Dürdanəyə uzadıb: – Ala, qadan alım, ala, – dedi.
– Bizim bu Cavanşir yaman acıqlıdı...
Cavanşir yenə nənəsinə «Əzginiş olma, ay arvad» demək istədi, amma Dürdanənin yanında demədi və bir də ona görə demədi ki, Dürdanə Güləndam nənənin sözlərini çox ciddi qəbul elədi, elə bil bu saat Cavanşir durub ona nəsə bir acıqlı söz deyəcəkdi; Dürdanə
Cavanşirə ürkək bir nəzər salıb tez-tələsik:
–Bağışlayın, – dedi və otaqdan çıxdı.
–Boy!.. Qız heç demədi ki, qara sap lazımdı, yoxsa ağ sap... – Sonra Güləndam nənə üzünü Cavanşirə tutdu: – nədi, a kişi qırığı, nə mısmırığını sallamısan? Cəmi-aləm həyətdə çalıb-oynayır, nədi girmisən bu otağa, çıxmırsan eşiyə?..
Cavanşir nənəsinə baxdı, çox mə’nalı baxdı:
–Sənnən nə danışım e? – dedi və çarpayıdan qalxıb otaqdan çıxdı.
Üç gün idi gəlmişdilər Şuşa sanatoriyasına və düz üç gün idi ki, Cavanşir öz taleyinin uğursuzluğu barədə fikirləşirdi, həyatın cansıxıcılığı və yeknəsəqliyi barədə fikirləşirdi, heç kimin onu başa düşmədiyini və başa düşə bilməyəcəyini, cavan yaşında ikən qocaldığını fikirləşirdi; hamı onu sütül cavan bilirdi, evdə isə onu lap uşaq hesab edirdilər, amma daha demirdilər ki, bu uşaq dünyanın hər üzünə bələddi; düzdü, Cavanşir dünyanın cürbəcür üzünü özü üçün tam dəqiqləşdirmirdi, yə’ni bu üzlər nədən ibarətdi, amma hər halda Cavanşirə belə gəlirdi və Cavanşir bütün bunlar barədə fikirləşəndə, özü də hiss etmədən yavaş-yavaş xəyal aləminə gedirdi, gah həyatdan, yaşayışdan sidqi sıyrılmış bir əyyaş görürdü özünü, daha doğrusu, camaat, ətrafdakılar onu əyyaş hesab edirdi və camaat bilmirdi ki, bu əyyaş dünyanı dərk eləmiş adamdı; gah hər gün gözəl, təmiz, zövqlə geyinib adamlar arasında tək-tənha gəzən, dinib-danışmayan bir yaraşıqlı kişi görürdü özünü və camaat, o cümlədən qız-qadınlar böyük bir maraqla, həsədlə bu sirli və tənha kişinin hər addımını izləyirdi, dalınca pıçapıç edirdi və hamı çalışırdı ki, onun sirrinə bələd olsun, ürəyindəkiləri bilsin, amma bu heç vaxt mümkün deyildi və mümkün olmayacaqdı da, çünki həmin tənha kişinin ürəyində heç kimə yer yox idi, çünki heç kim onu başa düşə bilməzdi...
Doppa Dadaşın kamançası yenə qan eləyirdi və bu dəfə məhəbbətin sirlərindən danışırdı, vüsaldan və həsrətdən söz açırdı, aşiq ilə mə’şuqun intizar və iztirab dolu məhəbbət aləmindən, sevginin təmizliyindən, kövrəkliyindən dəm vururdu və yenə də kaman doppa Dadaşın usta barmaqlarında sağa-sola gedib-gəldikcə doppa Dadaşın başı da kamanla həmahəng sağa-sola gedib-gəlirdi, kamançanın söylədiklərini təsdiq edirdi, uzun kirpikli, iri qara gözləri yenə də elə bil ki, bütün bu söyləyənlərin hamısını görürdü, vüsala sevinirdi, hicrana kədərlənirdi.
Hamı meydançada dövrə vurub doppa Dadaşın kamançasına qulaq asırdı və bu kamança sədası altında Marusya Nikiforova da Hüsaməddin Alovluya tamam yeni nəzərlərlə baxırdı, hələ mə’nasını özü də başa düşmədiyi yeni hisslər keçirirdi və düzdü, Marusya Nikiforova bu yeni hisslərin mə’nasını hələ yaxşı başa düşmürdü, amma bu hisslər Şuşanın bu ab-havası ilə, Şuşanın bu dağları, bu kol-kosları, bu ağacları ilə bir-birinə çox uyuşurdu; Marusya Nikiforovanın Hüsaməddin Alovluya baxan göy gözlərində artıq bir məhəbbət nişanəsi var idi və doppa Dadaşın kamançası söz söylədikcə bu məhəbbət nişanəsi də elə bil ki, yavaş-yavaş böyüyür, artırdı, açıq-aşkarlaşırdı.
Cavanşir ikimərtəbəli sanatoriya binasının həyət qapısı ağzında dayandı və Güləndam nənə də ikinci mərtəbədəki eyvandan Cavanşirə him elədi ki, yeri get meydana; Güləndam nənənin Cavanşirə sataşmağa, Cavanşiri dolamağa xüsusi azarı vardı və Cavanşir də, qəribə idi ki, hərdən nənəsinin, heç kimin yox, atasının yox, anasının yox, yaşlı dayılarının, əmilərinin yanında yox, Güləndam nənənin yanında özünü hərdən, doğrudan da, uşaq hiss edirdi, özünü aciz, köməksiz bilirdi, elə bil bə’zən nənəsi çeşməyinin altından bic-bic gülümsəyən gözləriylə Cavanşirə deyirdi ki, a kişi qırığı, özünü yekə kişiliyə vurma, sənin hələ yekə kişi olmağına çox qalıb və dünyadan da xəbərin yoxdu sənin; amma bu, hərdənbir olurdu.
Dürdanə də ikinci mərtəbədəki öz eyvanlarında idi və oradan oğrun-oğrun Cavanşirə baxırdı və Cavanşir də bilirdi ki, Dürdanə elə ona baxmaqdan ötrü, onu görməkdən ötrü tez-tez eyvana çıxır, amma Cavanşir özünü görməməzliyə vururdu, özünü bilməməzliyə vururdu, heç bu qıza salam da vermirdi, çünki bu qız Cavanşirin tayı deyildi, bu qız uşaq idi, həyatın ağılarını dadmamışdı, Cavanşirin fikirləri, Cavanşirin hissləri bu qız üçün işığı güclə gəlib yer kürəsinə çatmış bir qalaktika idi.
Dürdanə də universitetdə oxuyurdu, Cavanşirlə bir fakültədə, filoloji fakültədə, Cavanşirdən bir kurs aşağıda – indi ikinci kursa keçmişdi və keçən sentyabr, dərslər təzə başlayanda bu qız universitetin dəhlizində birdən-birə Cavanşirə yaxınlaşdı:
– Sizin adınız Cavanşirdi? – soruşdu.
Cavanşir:
– Hə, Cavanşirdi, – dedi və təəccüb etdi ürəyində ki, bu ortaboylu, qarasaçlı, qaragöz qız onu hardan tanıyır, amma heç nə soruşmadı, sonra, bir neçə gündən sonra Cavanşir handan-hana yadına saldı ki, iki əvvəl yayda ata-anası ilə birlikdə Kislovodskda istirahət edəndə bu qız da öz ata-anası ilə Kislovodskda idi. Bir küçədə qalırdılar və Cavanşir heyrət elədi ki, o balaca qız necə böyüyüb, necə gözəlləşib və necə yaraşıqlı olub.
Universitet dəhlizindəki həmin sual-cavab Cavanşirlə Dürdanənin birinci və axırıncı söhbəti oldu; əvvəllər Dürdanə Cavanşirə salam verirdi və Cavanşir də başının hərəkətilə Dürdanənin salamını xalaxətrin qalmasın alırdı; sonra yəqin bu «xalaxətrin qalmasınlar» Dürdanəyə tə’sir etdi və Dürdanə də daha salam vermədi və hər dəfə üz-üzə çıxanda gözləriylə gözləyirdi ki, Cavanşir salamlaşacaq onunla, amma Cavanşir də düz ötüb çıxıb gedirdi. Dünən səhər yeməkxanada oturub ertə çörəyini yeyəndə Güləndam nənə Cavanşirdən soruşdu:
–O qız kimdi elə bizə salam verir?
Cavanşir başını qaldırıb iki stol qabaqda qoca bir arvadla oturub onlara baxan
Dürdanəni gördü və istər-istəməz Şuşa sanatoriyasına təzə gəlmiş bu qızla salamlaşdı və elə bil ki, Cavanşirin bu salamı ilə Dürdanənin sifəti tamam açıldı, gözgörəsi güldü sifəti, elə bil Cavanşirin salamı bir xoşbəxtlik gətirdi bu qıza. Qızın yanındakı qoca arvad da başını qaldırıb bir qıza, bir də Cavanşirgilə baxdı və o da Cavanşirgilə salam verdi.
–Kimdi ə, bu qız belə, a kişi qırığı?
Cavanşir Güləndam nənənin ona «a kişi qırığı» deməsilə mübarizə aparmaqdan daha zinhara gəlmişdi və daha bu barədə bir söz demirdi; bu dəfə də təkcə:
–Nə bilim kimdi?.. 1 dedi və burnunu vermişelli boşqaba salladı.
Güləndam nənə də bu dəfə zarafatsız dedi:
–Hə də, nə tanıyasan onları?.. Evdə otura da bilmirik bu əndamı yanmışların əlindən...
Bakıda qızlar doğrudan da Cavanşirə tez-tez zəng eləyirdilər və Cavanşir də doğrudan bu qızların heç birini tanımırdı, bəlkə də görsəydi üzdən tanıyardı – ya universitetin qızları olacaqdı, ya da qonşu qızlar; Cavanşir bilmirdi ki, ona zəng eləyən hansı qızdı və qızlar gülə-gülə Cavanşirlə tanış olmaq istədiklərini deyirdi; Cavanşir onlarla uzun danışmırdı, dəstəyi asırdı, sonra qızlar təzədən zəng eləyib Cavanşirin kobudun biri olduğunu deyirdilər və belə bir kobudluq qiyafəsi həm qızlarla danışmaqdan (axı nə deyəsən?) xilas edirdi, həm də hər halda kişi gərək kişi olsun.
Cavanşir başını qaldırıb yenə Dürdanəyə tərəf baxdı və nədənsə ona elə gəldi ki, Güləndam nənənin «əndamı yanmış» deməsi bu qıza layiq deyil və ən qəribəsi də bu oldu ki, Güləndam nənə də elə bil Cavanşirin fikirlərini oxuyub:
–Bu qızı demirəm ha... – dedi.
Günorta Güləndam nənə Cavanşirə xəbər verdi ki, bu qızın adı Dürdanədi, o da qarabağlıdı, o da nənəsiylə gəlib Şuşa sanatoriyasına, atasını mə’zuniyyətə buraxmayıblar, anası da qalıb atasıyla Bakıda, nənəsinin də adı kişi adıdı, Bəhlul, Bəhlul arvad.
Gülməmmədin akkordeonu öz məşhur tanqosunu təzədən çalmağa başladı və Hüsaməddin Alovlu yerli cavanların həsəd, qibtə dolu nəzərləri altında yenə Marusya Nikiforovanı rəqsə də’vət etdi, sonra yenə sanatoriyada dincələn gəlmə qızlar bir-birləriylə, Şuşanın, Şuşaya yaylağa çıxmış Ağdamın, Bərdənin, Ağcabədinin, Füzulinin cavan oğlanları da bir-biriylə rəqs eləməyə başladı.
Bir azdan Şuşanın aşağısında, Ərimgəldi tərəfdəki istirahət evinin həyətində çalan klarnetçi Müslüm orada işini qurtarıb dəstəsiylə – zurnaçı Anuşavan və nağaraçı Məliklə sanatoriyanın həyətinə gələcəkdi, «Avropalı gəlin» İran filmindən «tormoz» Hüseynin havasını çalacaqdı və sanatoriyada istirahət edən əmək qabaqcılı, qəhərəman ana və həddən artıq kök Safurə arvad meydanda ortaya düşüb sındıra-sındıra oynayacaqdı və bununla da sanatoriyanın mədəni-kütləvi tədbirlərinə baxan Sadıq müəllimin iş günü sona yetəcəkdi.
Cavanşir cibindən bir siqaret çıxarıb yandırdı və bunu Güləndam nənə eyvanda qeyzlə başını tərpətdi, barmağını yelləyib Cavanşiri hədələdi, yə’ni ki, qoy gedək Bakıya, gör orda atana deyirəm, ya yox. Cavanşir nənəsinin belə hədə-qorxularına adətkərdə idi, amma bu dəfə necə olsa, birdən-birə ürəyinə bir nigarançılıq doldu və tez də Dürdanə tərəfə baxdı ki, görsün bu qız Güləndam nənənin him-cimini görür, yoxsa yox.
Dürdanə gözaltı, guya ki, qəsdən yox, elə-belə, Cavanşirə baxırdı.
–Axşamınız xeyir. – Hələ də ağ xələtini əynindən çıxartmayıb sanatoriyanın həyət qapısı ağzında dayanmış və çox ciddi görkəmli meydançadakı Sadıq müəllimə tamaşa edən İsgəndər Abışov – Şuşa sanatoriyasının məşhur dietoloqu – Cavanşirlə salamlaşdı.
Bu axşam klarnet çalan Müslüm gecikirdi, gəlib çıxmamışdı hələ və mədəni-kütləvi işə baxan Sadıq müəllim özü meydanın ortasına çıxıb camaata fokus göstərirdi: bütöv bir qəzeti meydana toplaşanların gözü qabağında gəzdirib cırırdı, qəzetin qırıntılarını hər iki ovcunun içinə yığırdı, sonra ovcunun içində də gizlətdiyi başqa bir qəzeti yavaş-yavaş bütöv açırdı, cırılmış qəzetin qırıntılarını isə yenə ovcunda, təzə qəzetin arxasında gizlədirdi və bu zaman cırılmış qəzetin qırıntılarından bir-ikisi Sadıq müəllimin ovcunun sözünə baxmayıb yerə düşürdü və Sadıq müəllim də tez onları ayağıyla tapdalayırdı ki, heç kim görməsin.
Dietoloq İsgəndər Abışov bu fokusa sidq-ürəkdən heyrətlənib:
–Malades, Sadıq müəllim! – dedi və Cavanşirə baxıb Sadıq müəllimin fokusundan valehliklə başını tərpətdi: – İnteresna!..
İsgəndər Abışov keçən il Bakıdakı tibb texnikumunu bitirib Şuşa sanatoriyasında işləməyə gəlmişdi və bu bir il ərzində bu tərəflərin feldşer, tibb bacıları arasında olmazın hörmət qazanmışdı və hələ də öz vəzifəsinin mö’təbərliyinə ürəkdən inanırdı. Ortaboylu, qıvrım qara saçlarını səliqə ilə dala darayan, nazik qara bığlı, yanağı qara xallı İsgəndər Abışovun ağ xələti həmişə tərtəmiz, kraxmallı və ütülü olurdu, ağ köynək geyib qara qalstuk taxırdı və qalstukunun ortasında da həmişə brilyanta oxşayan bir şüşə parıldayırdı. Səhər qəlyanaltısı, günorta naharı və şam zamanı İsgəndər Abışov sanatoriyanın yeməkxanasını miz-miz gəzirdi, diqqətlə yeməklərə baxırdı və sifəti cürbəcür görkəm alırdı: gah qaşları çatılırdı və adam öz yeməyinə baxıb şübhələnirdi ki, görəsən nə olub; gah bəyənmək və təqdir etmək münasibətilə başı yavaş-yavaş enib-qalxırdı, « – Moruq qlükozadı» deyirdi. «–Keşnişdə linalool spirti çoxdu» deyirdi, «Balqabaq öd kisəsinin iltihabına dərmandı» deyirdi, «bu, vitamin «A»dı» deyirdi, «bu, vitamin «S»di, «bu, vitamin «D»di deyirdi və Güləndam nənə də İsgəndər Abışova «Vitamin oğlan» deyirdi və sanatoriyadakı şəfqət bacılarının qulağından iraq, «Güləndam nənə bunu da deyirdi ki, bu «Vitamin oğlan» ağ xələtli dəlləyə oxşayır, amma Güləndam nənədən xeyli fərqli olaraq təkcə şəfqət bacıları, feldşerlər yox, yeməkxananın baş aşpazı Kazım kişidən tutmuş xörəkpaylayan Parandzemə kimi hamı İsgəndər Abışova «həkim» deyə müraciət edirdi.
Müslüm dəstəsiylə tələsik sanatoriyanın həyətinə girib meydana gəldi, bayaq doppa Dadaşın oturduğu kətildə oturub klarneti qoburundan çıxardı, tez yığdı və klarneti yığmağıyla da «tormoz» Hüseynin havası sanatoriyanın həyətinə yayıldı, Müslümün klarneti zilə qalxdı, bəmə endi və Müslümün hər iki tərəfində ayaq üstə dayanmış zurnaçı Anuşavanın zurnası, nağaraçı Məliyin nağarası klarnetə qol-qanad verdi və döşü orden-medalla dolu Safurə arvad yenə özünü saxlaya bilməyib meydana çıxdı, sındıra-sındıra süzməyə başladı.
Gün yavaş-yavaş batırdı, ulduzlar da yavaş-yavaş görünürdü və belə aydın havalarda Şuşa sanatoriyasından görünən uzaq Molla Nəsrəddin yolunun qıvrımlarında maşınların işığı da yavaş-yavaş yanmağa başlayırdı; belə aydın havalarda Şuşa hər tərəfdən ulduzlarla əhatə olunurdu, göydəki ulduzlarla və aşağılarda – Spepanakertdə, Müxətər kəndində, Şüşü kəndində, Keşiş kəndində yanan işıqlarla; belə aydın havalarda Şuşa sanatoriyasında göy arasında, dağlar arasında məsafə də yox olub gedirdi, hər tərəfi bir genişlik bürüyürdü.
–Gedək bir yerdə bir az çaxır içək.
–Çaxır içək? – İsgəndər Abışov təəccüblə Cavanşirə baxdı.
–Hə, gedək çaxır içək bir az, turş çaxır. – Cavanşir İsgəndər Abışovun qoluna girdi. Gedək...
Cavanşirin bu təklifi İsgəndər Abışov üçün çox gözlənilməz oldu və İsgəndər Abışov əvvəlcə bilmədi ki, qəbul etsin bu təklifi, yoxsa yox, sonra:
–Bir stəkan turş çaxır olar, – dedi. – Professor Gerasimov deyir ki, hər gün bir stəkan çaxır içmək lazımdı. Professor Gerasimov deyir ki...
–Yaxşı söz deyir professor Gerasimov. Gedək.
–Qoy gedim xələti çıxarım.
Cavanşir təəccüblə İsgəndər Abışova baxdı, elə bil ki, İsgəndər Abışov əynindəki xələti çıxara bilməzmiş.
–Gözləyirəm.
İsgəndər Abışov paltarını dəyişmək üçün içəri girdi.
Safurə arvad sındıra-sındıra bəs deyincə oynayandan sonra, Müslüm «tormoz» Hüseynin haasını çalıb qurtardı və klarneti söküb tələm-tələsik qobura yığdı – bu axşam bazarkom Fətinin oğlunun anadan olan günü idi, Müslüm öz dəstəsiylə indi də Fətigilə tələsirdi, Sadıq müəllim meydanın ortasına çıxıb bərkdən:
–Gecəniz xeyrə qalsın, əziz yoldaşlar! – dedi. – Sizə gözəl Şuşa gecəsi arzulayıram!
Sonra Sadıq müəllim bu sözləri rus dilində dedi və meydana toplaşan camaat iki-bir, üç-bir dağılışmağa başladı, kimi sanatoriyanın yuxarısındakı kinoteatr tərəfə getdi – bu gün kinomexanik Haqverdi hind kinosu göstərəcəkdi, «Bobbi»; kimi şəhərə gəzməyə çıxdı, kimi Cıdır düzünə tərəf yollandı ki, Şuşanın ən gözəl havası oradadı, kimi Ərimgəldi tərəfə getdi, kimi Qaya başına.
Hüsaməddin Alovlu Marusya Nikiforovaya yaxınlaşdı və onunla rəfiqəsi Lyudmilanı teatra də’vət etdi; Lyudmila mə’nalı-mə’nalı Marusyaya baxdı və Marusya Nikiforova da bir balaca qızardı, sonra gülümsədi və Hüsaməddin Alovlunun də’vətini qəbul etdi.
Üç yay ayının təqaüdünün hamısı bir yerdə Cavanşirin cibində idi, amma onun birdən-birə çaxır eşqinə düşməyinin səbəbi bu deyildi, səbəb bu da deyildi ki, Cavanşir içki xoşlayırdı, belə deyildi, Cavanşirin bədəni içki götürmürdü və bir az içən kimi, ürəyi bulanırdı; nədənsə birdən-birə bütün bu yerlər, Şuşanın ayı, ulduzları, indi ay işığında təkcə qaraltısı görünən ağacları, kolları, Şuşanın dağları, ab-havası, Müslümün klarnetindən sonra sanatoriyanın həyətinə çökmüş sakitlikdəki cırcırama cırıltısı Cavanşirə yad göründü, Cavanşirə elə gəldi ki, Şuşa həmin Şuşa deyil, həmin Şuşa ki, Cavanşir on iki-on üç yaşlarında bax, bu sanatoriyanın indiki yerində böyürtkən yığıb sünbülə düzərdi, yerli uşaqlarla futbol oynayardı, az qala İsa bulağınacan piyada gedib moruq yığırdılar, uşaqlarla mərc edib yanmış kilsənin qaranlıq və kimsəsiz zirvəsinə girərdi; həmin Şuşa birdən-birə çox-çox uzaqlara getdi, beş-altı il əvvəlki uşaqlıq illəri Şuşa sanatoriyasının həyətindəki bu avqust axşamından çox-çox uzaq illərin arxasında qaldı və bu hiss bir yalqızlıq, bir təklik gətirdi, Cavanşirin ürəyini sıxdı, qısdı, hər şey elə bil ki, birdən-birə bütün mə’nasını itirdi. İsgəndər Abışov:
–Mən hazır, – dedi və Cavanşir İsgəndər Abışovu adi bəndələrin geydiyi kostyumda, xələtsiz görəndə istər-istəməz təəccüb etdi, əynindən xələtini çıxarmış bu cavan oğlan elə bil ki, doğrudan da İsgəndər Abışov deyildi, bir başqa adam idi.
Birlikdə Şuşa sanatoriyasının həyətindən çıxanda İsgəndər Abışov dedi:
–Yaman baxır sənə o qız...
İsgəndər Abışovun bu sözləri də qəribə səsləndi, elə bil o, ancaq yemək-içməyin vitaminiylə maraqlanmalıydı və hər hansı bir qız barədə, ümumiyyətlə, arvad məxluqu haqqında söz demək İsgəndər Abışova yaraşmırdı.
–Hansı qız?
–Ode, o qız... İsgəndər Abışov başı ilə Dürdanənin dayandığı eyvana işarə elədi və bu zaman necə oldusa, heç özü də bunu bilmədi ki, necə oldu, Cavanşir çox yuxarıdan aşağı gülümsədi, elə gülümsədi ki, yə’ni mən hara, o qız hara, yə’ni mən plov yemirəm ki, bığım yağa batar, sən də gör kimdən danışırsan, ay İsgədər Abışov, öz arşınınla ölçürsən məni? Və ən qəribəsi də bu oldu ki, İsgəndər Abışov özü Cavanşirin bu gülümsəməyinin mə’nasını təsdiq elədi, sanatoriyadan şəhərə enən yoxuşu düşə-düşə: – Əlbəttə, – dedi, – sənin yüz dənə o cür qızın var...
–Eh, başım çox çəkib mənim... – Cavanşir bu sözləri də dedi və özü də fikirləşdi ki, niyə dedi bu sözləri, bu sözlərə nə ehtiyac var və ümumiyyətlə, heç İsgəndər Abışov da olmasın, bu cür dona girmək, belə bir artistlik eləmək nəyə lazımdı?
Tarix: 08.06.2015 / 18:26 Müəllif: Aziza Baxılıb: 285 Bölmə: Elçin Əfəndiyev - "Şuşaya duman gəlib"