
Arzular həmişə əzabla olur

Mənim arzularım
əbədi kölgəm;
Gah məndən arxada,
Gah məndən öndə.
Mənim arzularım əzabla olur;
Gah məndən arxada,
Gah məndən öndə.
Mənim arzularım
bu dünya qədər
köhnə bir kədər,
Əzabı sapsarı bir eşq məsəli, -
Çarmıxa çəkilib yol ayrıcında
Süzülür, üzülür,
büzülür, solur -
əzabla ölür!
Mənim arzularım özüm boydadı;
Bəstəboy, gülərüz,
İlıq, namxuda.
Hələ deyilməyən sözüm boydadı.
Mənim arzularım
gümüşü bir çay,
Yuxulu bir nağıl,
Kəmşirin xülya,
Bəbəyi çat vermiş gözüm boydadı.
Mənim arzularım tənha yetim tək
Kölgəsi yıxılmış qupquru palıd -
Yarpaq ümidiylə
Yaz havasıyla gözləri dolur.
Mənim arzularım -
Mənim Vətənim!
Mənim arzularım əzabla ölür!
Tarix: 03.06.2015 / 14:17 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Camal Yusifzadə
loading...