Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənubi Azərbaycanda Teatr

1871-1974-cü illərdə M.F.Axundzadənin 6 komediyasının fars dilinə tərcümə edilərək İranda yayılması Cənubi Azərbaycanda teatr sənətinə marağı artırmışdı. İlk teatr 1905-1911-ci illər İran inqilabı dövründə yaradılmışdı. 1909-21-ci illərdə "Azərbaycan artistləri dəstəsi" fəaliyyət göstərmişdir. 1920-ci ildə Təbrizdə Sidqi Ruhulla, M.Şəfizadə, M.R.Vaizzadə və başqalarının təşəbbüsü ilə ilk teatr binası – "Xeyriyyə teatrı" tikildi. Təbriz, Urmiya və Xoy şəhərlərində Ü.Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulmuşdu. Azərbaycan Milli hökuməti zamanı Təbrizdə ilk Azərbaycan Dövət Teatrı yaradılmışdı. 1946-cı ildə Təbriz Dövlət Filarmoniyasıda fəaliyyət göstərmişdir. 1946-cı ilin dekabrında ölkədə milli azadlıq hərəkatına divan tutulduqdan sonra Azərbaycan Dövlət Teatrı da bağlandı. Yanlız qısa bir müddət ərzində (1948-1949) Tehranın "Ziba" teatr salonunda azərbaycanlı incəsənət xadimləri tərəfindən türk dilində bir sıra tamaşa və konsertlər verilmişdir. Həmin tədbirlərin təşkilinə və göstərilməsinə məşhur ziyalı alim, yazıçı Gəncəli Sabahının qardaşı Səməd Səbahi də başçılıq etmişdir.

Türk dilində tamaşa və göstərilər qadağan edildikdən sonra S.Səbahi 10 ilə yaxın müddətdə (1949-1959) 40-dan çox bədii əsəri, o cümlədən C.Cabbarlının, M.F.Axundzadənin, H.Cavidin, Ü.Hacıbəylinin əsərlərini fars dilində tamaşaya qoyur. 30 ilə yaxın müddətdə səhnədə fars dilində əsərləri ifa edən azərbaycanlı aktyorlar peşəkar sənətçi kimi də bütün ölkə tamaşaçılarının rəğbətini qazanmış və 1978-79-cu illər inqilabından dərhal sonra türk dilində tamaşaların yüksək səviyyədə səhnəyə gətirilməsi üzərində çalışmışlar. Nəticədə bu gün İranın bir sıra iri şəhərlərində, eləcə də Güney Azərbaycanın teatr salonlarında azərbaycanlı aktyorlar tərəfindən türk dilində dram əsərləri səhnəyə gətirilmişdir. Bir sıra komik əsərlərdə baş rolda çıxış edən azərbaycanlı Haşım Çavuşi bütün İranda tanınır. Azərbaycanlı teatr aktyoru sırasında Səid Xeyirxah, Yaqub Xeyrulla və onlarca başqalarının adını çəkmək olar. 1994-cü ildə gənc azərbaycanlı recissor Hüseyn Lələ türkcədə "Alın yazısı" adlı tamaşa və sonra dahi sənətkar M.Şəhriyarın "Heydərbabaya salam" poeması əsasında eyni adlı musiqili-ədəbi kompozisiya yaradaraq Tehranın "Vəhdət" adlı ən böyük konsert və teatr salonunda səhnəyə çıxarmışdır. Sonuncu səhnə əsərinə Tehranda minlərcə tamaşaçı baxmış və sonralar bu əsər həmin recissorun səyi nəticəsində Bakı teatr salonlarında səhnəyə çıxarılmışdır.


Tarix: 08.01.2015 / 00:04 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Cənubi Azərbaycan
loading...