Səmadan düşən yağış damlaları, bir şey soruşacam sizdən, sevginiz, eşqiniz varmı ürəyinizdə, yoxdursa niyə düşdünüz yerə, niyə toxundunuz bədənimə, ürəyimə ... torpaqla görüşməkdirmi yeganə məqsədiniz, yoxsa torpağamı aşiqsiniz? Bilirsinizmi, mən də düşəcəyəm sizlər kimi bir gün torpağa, qovuşa bilirəmmi yaxşı o zaman sevdiyimə?
Səmadan düşən yağış damlaları, bir şey soruşacam sizdən, hər yanğını söndürə bilərsinizmi? Söndürə bilərsinizmi yanğınlarımıda? Yoxsa sizdəmi yanırsınız , siz də ürəyi yanmışların ortaq göz yaşlarımısınız?
Amma aramızda fərq var, mən hər mövsüm ağlayıram siz bir mövsüm tökülürsünüz, sizin bulud dağlarının var, mənim isə heç sönməyən yanar Dağlarım. Mən hər vaxt ağlaram, ay ilə günəş görüşdüyündə səhər vaxtı, günəşin yolu yarıladığı vaxtlar günortalar, ay növbəni günəşdən təslim aldığında hər axşam və çarəsiz qalar yenə ağlaram gecənin kor qaranlığında çarəsizliyimi itirmək üçün, çarəm olar gözyaşlarım ...
Siz isə müəyyən vaxtlarda tökülürsünüz qərarsız aşiqlər kimi yerin bədəninə, sizin bulud dağlarınız var mənim isə yanardağlarım heç sönməyəcək ...
Sizi kefindən tökər yerə bulud dağlarınız, bahar gəlincə, çiçəklər açınca, torpağa kömək edərsiniz çiçəklər, ağaclar boy versin deyə ... Mənim isə gözyaşlarım hüzündən axar daim ... Heç xoşbəxt olmadım ki, mən heç gülmədi üzüm, mənim gözyaşlarım kömək etmədi heç bir şeyə və fayda vermədi gülsünlər deyə hüzn çiçəklərinə ...
Mən sizin buludlarınızdan daha dərdliyəm, mənim gözyaşlarım daha həqiqi, mənim gözyaşlarım sizdən daha iri, sizdən daha çox yağış damlaları ...
Tarix: 03.12.2014 / 18:40 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Burcler haqqinda çox şey