General-leytenant Karl Fyodroviç Knorrinqin Rusiya imperatoru əlahəzrət I Aleksandra yazdığı 28 iyul 1801-ci il tarixli raportuna əsasən Kartli-Kaxetiya krallığının əhalisi onun bu ölkədə səyahətdə olduğu tarixdə (19 aprel, 1801-ci il bu ölkəyə gəlmiş və burada 22 gün qalmışdır) təxminən 35.000 ailədən ibarət idi.
2 mart, 1804-cü ilin kameral təsvirinə əsasən Gürcüstan quberniyasının Borçalı distansiyasında hər iki cinsdən toplam 17.759 nəfər (9.396 nəfəri kişilər, 8.363 nəfəri qadınlar) əhali yaşayırdı.
1809-1811-ci illərdə Qarabağ xanlığı ərazisindən qaçqın düşmüş və Məlik Bağırbəy Bəylərov tərəfindən idarə edilən 428 etnik erməni ailəsi (kişi cinsindən 2.140 nəfər) Borçalıda yerləşdirildi.
Alman şərqşünası, səyyahı və politoloqu Heynrix Yulius von Klaprotun 1827-ci ildə Parisdə nəşr edilmiş "Qafqazın və Rusiya ilə Persiya arasında olan vilayətlərin tarixi, coğrafi, etnoqrafik təsviri" (fr. Tableau historique, géographique, ethnographique et politique du Caucase et des provinces limitrophes entre la Russie et la Perse) kitabının 93-cü səhifəsində verilən məlumata əsasən Somxetiya əyalətində 5.500 türk (və ya türkmən) ailəsi yaşayırdı.
2 sentyabr, 1829-cu il tarixli Ədirnə sülhünün şərtlərinə əsasən Ruslar 1830-cu ilin may - noyabr aylarında Osmanlı ərazisindən Cənubi Qafqaza 14.044 erməni ailəsi (hər ailə üçün 6 nəfər qəbul edilməklə təxminən 84.000 nəfərdən çox) köçürdülər. Onlardan 1.050 ailə (6.000 nəfərdən çox) Borçalı distansiyasında yerləşdirildi.
1831-ci ilin kameral təsvirinə əsasən Borçalı distansiyasında 3.984 tüstü var idi və onlarda kişi cinsindən 13.549 nəfər əhali yaşayırdı, 1832-ci ilin kameral təsvirinə əsasən isə distansiyada 145 kənddə 4.092 tüstü[28] var idi və onlarda kişi cinsindən 13.762 nəfər əhali yaşayırdı.
Tarix: 07.01.2015 / 23:33 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Borçalı distansiyası