Məxəzlərdə Borçalı distansiyasının sərhədləri haqqında müəyyən qeyri-müəyyənlik vardır. Bu xüsusiylə distansiya haqqında geniş məlumatları əhatə edən 1836-cı ildə Sankt-Peterburq şəhərində nəşr edilmiş, 4 hissəli "Qafqaz arxasındakı rus mülklərinin statistik, etnoqrafik, topoqrafik və iqtisadi münasibətlərinin icmalı" əsərində özünü biruzə verir:
II hissə, 267-ci səhifədə verilən təsvirə əsasən: Borçalı distansiyası şimalda Tiflis və Qori qəzaları, şərqdə Sığnaq qəzası və Qazax distansiyası, cənubda Pəmbək-Şörəyel distansiyası, qərbdə isə Osmanlıya məxsus Qars paşalığı və Ahısqa paşalığı ilə həmsərhəd idi.
I hissə, 307-ci səhifədə verilən təsvirə əsasən: Sığnaq qəzası şimalda Car-Balakən vilayəti, şərqdə İlisu sultanlığı və Yelizavetpol dairəsi, cənubda Şəmşəddil distansiyası və Qazax distansiyası, qərbdə isə Telavi qəzası ilə həmsərhəd idi.
I hissə, 279-280-ci səhifələrdə verilən təsvirə əsasən: Tiflis qəzası (şimali-şərqdə) Duşeti qəzası, (şimali-şərqdə) Telavi qəzası, (qərbdə) Qori qəzası, (qərbdə) Borçalı distansiyası və Trialeti torpağı ilə həmsərhəd idi.
I hissə, 357-ci səhifədə verilən təsvirə əsasən: Telavi qəzası şimalda Baş Qafqaz silsiləsi, şərqdə Sığnaq qəzası, cənubda Qazax distansiyası (sərhəd Kür çayından keçirdi), qərbdə isə Tiflis və Düşeti qəzaları ilə həmsərhəd idi.
II hissə, 39-cu səhifədə verilən təsvirə əsasən: Qori qəzası şimalda Osetiya və Duşet qəzası, şərqdə Duşet və Tiflis qəzaları, cənubda Trialeti, qərbdə isə Ahısqa paşalığı və İmeretiya ilə həmsərhəd idi.
II hissə 213-cü səhifədə verilən təsvirə əsasən: Qazax distansiyası şimalda Sığnaq qəzası və Borçalı distansiyası, şərqdə Şəmşəddil distansiyası, cənubda İrəvan əyaləti, qərbdə isə Pəmbək və Borçalı distansiyaları ilə həmsərhəd idi.
II hissə 251-ci səhifədə verilən təsvirə əsasən: Şəmşəddil distansiyası şimalda Sığnaq qəzası, şərqdə Yelizavetpol dairəsi, cənubda İrəvan əyaləti, qərbdə isə Qazax distansiyası ilə həmsərhəd idi.
II hissə 293-cü səhifədə verilən təsvirə əsasən: Pəmbək-Şörəyel distansiyası şimalda Borçalı distansiyası, cənubi-şərqdə Qazax distansiyası, cənubda İrəvan əyaləti, qərbdə isə Qars və (qismən) Ahısqa paşalıqları ilə həmsərhəd idi. Ancaq Sankt-Peterburqda 1840-cı ildə nəşr edilmiş "Qafqaz arxasındakı rus mülklərinin icmalı kitabına dair bəzi qeydlər" kitabının 54-cü səhifəsində sərhədlə bağlı bir yalnışlıq düzəldilmişdir: Pəmbək-Şörəyel distansiyası Ahısqa paşalığı ilə sərhəddə malik deyil !.
IV hissə 202-ci səhifədə verilən təsvirə əsasən: Ahısqa paşalığının Ədirnə sülhünə əsasən Rusiya İmperiyasına qatılmış qismi şimalda İmeretiya, Quriya və Meqreliya ilə, şərqdə Kartli, Trialeti və Somxetiya ilə, cənubda isə Osmanlıya məxsus Qars paşalığı və Ahısqa paşalığının Osmanlıya məxsus olan qalan qismi ilə həmsərhəd idi. Ancaq Sankt-Peterburqda 1840-cı ildə nəşr edilmiş "Qafqaz arxasındakı rus mülklərinin icmalı kitabına dair bəzi qeydlər" kitabının 93-cü səhifəsində sərhədlə bağlı bir yalnışlıq düzəldilmişdir: Meqreliya Ahısqa paşalığı ilə sərhəddə malik ola bilməz, belə ki, o Rioni çayının sağ sahilində yerləşir
Tarix: 07.01.2015 / 23:29 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Borçalı distansiyası