Bakı Müsəlman İctimai Təşkilatları Şurasının İcraiyyə Komitəsi 1917-ci il avqustun 29-da Kornilov əksinqilabi qiyamını qətiyyətlə pisləyərək, Müvəqqəti hökuməti tam müdafiə etdiyini bildirdi. "Müsavat" partiyasının 1917-ci ilin oktyabrında keçirilən birinci qurultayı Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli hadisə oldu. Müsəlman Milli Komitəsinin sədri Əlimərdan bəy Topçubaşov qurultaydakı çıxışında bəyan etdi ki, Milli Komitənin arzu və məqsədləri "Müsavat"ın arzu və məqsədləri ilə tamamilə uyğun gəlir. Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi ilə "Müsavat" partiyasının proqramları üst-üstə düşdüyündən onlar 1917-ci ilin oktyabrında Bakı şəhər dumasına seçkilərə vahid siyahı ilə gedirdilər. Oktyabr çevrilişindən (1917) sonra Milli Komitə Rusiyadakı bolşevik hökumətinin hakimiyyətini tanımadı, hakimiyyətin ümumrusiya Müəssislər məclisinə verilmə tərəfdarı kimi çıxış etdi. 1917-ci il noyabrın 9-12-də "Müsavat" partiyasının rəhbərliyi altında Cənubi Qafqazın müsəlman milli komitələrinin konfransı keçirildi. Konfrans millətlərin öz müqəddəratlarını təyin etmə hüququnun həyata keçirilməsinə tərəfdar olduğunu bildirdi. Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi konfransının qərarına görə, Azərbaycan Məclisi-Müəssisanını bir ay ərzində toplamalı idi.
Milli şuraların vətənpərvər qüvvələri öz ətrafında birləşdirib, yerlərdə hakimiyyəti ələ aldıqları halda, Bakı Müsəlman Şurasının vəziyyəti çətin idi. Onun qarşısını bolşeviklərin başçılıq etdiyi Bakı Soveti kimi güclü bir rəqib kəsmişdi. Milli hərbi hissələrin yaradılması yerli milli şuraların əsas fəaliyyət istiqamətlərindən biri idi. Fevral inqilabından (1917) sonra müsəlman amilinin Qafqazda, Azərbaycanda, xüsusən də Bakıda hər hansı dərəcədə güclənməsinin qarşısını almaq məqsədilə bir çox qüvvələr, xüsusilə ermənilər və ruslar müsəlmanların silahlanması haqqında yalan şayiələr yaymağa başlamışdılar. Bununla əlaqədar Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi öz mətbu orqanı olan "Xəbərlər"də dəfələrlə təkzib bəyanatları verməli olmuşdu. Bolşeviklər hakimiyyətə gəldikdən sonra da azərbaycanlıların milli hərbi hissələr yaratmaq prosesinə əngəl törədilir, üstəlik, azərbaycanlı əhali, əsassız olaraq, zorakılığa məruz qalırdı. 1917-ci ilin dekabrında Dağıstanda antibolşevik qiyamı ilə əlaqədar Şimali Qafqazdan taxıl gətirilməsinin dayanması səbəbindən Bakıda yaranan ərzaq qıtlığı şəhərin müsəlman əhalisinin antiazərbaycan silahlı dəstələri tərəfindən kütləvi şəkildə ərzaq müsadirəsinə, qarətə, zorakılığa məruz qalması ilə nəticələndi. Azərbaycanlılar etiraz əlaməti olaraq 1917-ci il dekabrın 13-də "İsmailiyyə" binasında izdihamlı mitinq keçirib, Milli Komitədən şəhərdə qayda-qanun yaradılmasını, azərbaycanlıların mənzillərində özbaşına axtarışlara, talanlara son qoyulmasını tələb etdilər.
Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə mitinqdə Milli Komitənin beş nəfərdən ibarət komissiyasının seçilməsi və komissiyanın Hərbi-İnqilabi Komitə ilə birlikdə qəbul edilən qərarların həyata keçirilməsi üçün lazımi tədbirlər görməsi barədə qətnamə qəbul olundu. Həmin gün, dekabrın 13-də Milli Komitənin təcili iclası keçirilmiş, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, B.Aşurbəyov, İbrahim Heydərov və Məmməd Həsən Hacınskidən ibarət komissiya seçilmişdi. Komissiya üzvlərinin Bakı Soveti İcraiyyə Komitəsi ilə əlbir fəaliyyəti nəticəsində hərbi-inqilabi komitə azərbaycanlı əhaliyə qarşı törədilmiş qanunsuz hərəkətləri pisləmişdi. Müsəlman Komitəsinə ciddi siyasi rəqib kimi baxan bolşeviklər Azərbaycanın muxtariyyəti ideyasına qarşı qətiyyətlə mübarizə aparırdılar. Stepan Şaumyanın "milli komitələrə" qarşı əsas ittihamı bu komitələrin "müsəlman qoşunları yaratmaq və Bakı, Yelizavetpol və İrəvan quberniyalarında yeni müsəlman dövləti elan etmək" niyyəti ilə bağlı idi. 1918-ci ilin fevralında Şaumyan Cənubi Qafqazda mövcud olan iki real hakimiyyəti qarşı-qarşıya qoymuşdu: "demokratik təşkilatlar" və "milli komitələr". Bolşeviklərin Müsəlman Milli Komitəsinə qarşı apardığı mübarizə 1918-ci ilin martında türk-müsəlman əhaliyə qarşı kütləvi soyqırım ilə nəticələndi. Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi Azərbaycan siyasi qüvvələrinin rəhbər orqanına çevrilmiş, Azərbaycan milli hərəkatında görkəmli rol oynamışdır. Komitə mürəkkəb tarixi şəraitdə Azərbaycan xalqının maraqlarını ifadə və müdafiə etmişdir. Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin təbii varisi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını elan edən Azərbaycan Milli Şurası oldu.
Tarix: 07.01.2015 / 18:31 Müəllif: Feriska Baxılıb: 78 Bölmə: Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi