X əsrin səyyahı Məsər ibn Möhləhilə görə: "Qazakada olan atəşgah əhali arasında müqəddəs sayılmış, Şərqdə və Qərbdə olan atəşpərəstlər öz odlarını buranın odundan alışdırmışdır. Atəşgahın gümbəzində gümüş hilal yapışdırılmışdır. Bir neçə hakimin həmin hilalı qoparması cəhdi baş tutmamışdır. Güman edildiyinə görə bu tilsimdir". Müəllifin yazdığına görə heyrətləndirici cəhət atəşgahın odunun 700 il müddətində fasiləsiz yanması və külünün olmamasıdır.
İran tarixçisi İ.Purdavud qeyd edir ki, Avestanın bir nüsxəsi də Azərgüşnasp məbədində saxlanılmışdır. O, Dinkorda istinad edərək belə bir fikri irəli sürür: "Şübhəsiz, Avestanın bir nüsxəsi Azərbaycanın Şiz (Qazaka) şəhərində olan məşhur Azərgüşnasp məbədində, digər nüsxəsi isə Təxte Cəmşiddə (Persepalis) olan dövlət arxivində saxlanılırdı".
Xurda Avestada göstərilir ki, Əsnund dağında yerləşən Azərgüşnsp məbədi hərbiçilərə məxsusdur. Bu səbəbdən də Atropatenada olan cəngaavərlər igid və qorxmazdırlar. Bəhmənqalada olan Azərgüşnasp Keyxosrov tərəfindən bərpa edilmişdir.
Firdovsi Şahnaməsində 61 yerdə Azərgüşnasp məbədinin adını çəkir. Bu fakt özü belə həmin atəşgahın əhəmiyyətini göstərən amildir.
Məsudi Azərgüşnasp məbədini belə təsvir edir: "Gözəl və heyrətli binaların qalıqlarında göyün,ulduzların və abad yerlərin, bitki və heyvanat aləminin surətləri aydın görünməkdədir. Azərgüşnasp atəşgahı şahlar arasında dərin hörmətə malikdir. Ona görə də onlar atəşgahı ziyarət etmək üçün bura piyada gəlirlər."
Ərdəşir həmin atəşgahı təmir etdirmişdir. V Bəhram türk xaqanının (Ağ hun xaqanı) tacını və çoxlu miqdarda daş-qaşını atəşgaha vermişdir. Xosrov da buraya çoxlu qiymətli hədiyyələr bağışlamışdı.
Tarix: 07.01.2015 / 18:16 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Azərgüşnasp məbədi