Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göyçay Savaşının siyasi və hərbi nəticələri

Qafqaz İslam Ordusuna bağlı 5-ci Qafqaz piyada diviziyası başkomandan vəkili Ənvər paşa da gücləndirici qüvvə göndərilməsi ilə bağlı cəbhədən gələn raportları dəyərləndirirdi. Osmanlı dövləti ilə müttəfiq olan Almaniya türk əsgərinin Bakıya girməsinə qarşı çıxırdı. Ənvər paşa isə almanları ləngitməyə çalışırdı.

Başkomandan vəkili Ənvər paşa Şərq Orduları Qrupu Komandanlığına 26 iyun 1918-ci il tarixində göndərdiyi açıq əmrdə deyirdi:

"Bakı üzərinə irəliləmənin Bakıdakı neft qaynaqlarının bolşeviklər tərəfindən məhv edilməsi təhlükəsini doğuracağından ümumi hərb sövq və idarəsi baxımından nə bahasına olursa olsun bundan qaçınmaq lazımdır. Bu səbəblə 5-ci Qafqaz piyada diviziyasının mənim razılığım olmadan kəskinliklə Bakı üzərinə hücum etməməsini əmr edirəm"
Başkomandan vəkili Nuru paşaya göndərdiyi açıq əmrdə isə deyirdi:

"Sizə yardım göndərmək qabil deyildir. Vəzifənizin Bakı üzərinə getmək olmayıb, qüvvələrinizi cəmləşdirərək, bolşeviklərin Gəncə üzərinə hərəkətinin qarşısını almaq olduğunu bir daha təkrar edirəm"
Ənvər paşa Şərq Orduları Qrupu Komandanlığına göndərdiyi açıq əmrdə qeyd edirdi:

"Məndən izin alınmadan Nuru paşaya heç bir əlavə qüvvə göndərməmənizi, Nuru paşa üçün yola çıxarılan qüvvələri də geri almanızı rica edirəm. Əvvəlcə bildirildiyi kimi Nuru paşa qüvvələrini cəmləşdirəcək və yalnız bolşeviklərin irəliləməsinə mane olmaqla kifayətlənəcəkdir"

Ənvər paşa Şərq Orduları Qrupu Komandanlığına yardım barədə göndərdiyi gizli əmrdə isə "38-ci piyada alayı ilə bir dağ topçu taborunu Qazax şossesi ilə Nuru paşaya yardıma göndərdiyini" bildirərək, komandiri xüsusi olaraq məlumatlandırmışdı. [42] Ənvər paşa, bir tərəfdən türk əsgərinin Bakı üzərinə hücum etməyəcəyi məsələsində almanları inandırmağa çalışırdı, o biri tərəfdən də Nuru paşaya gizli əmrlər göndərərək Bakının ən qısa müddətdə ələ keçirilməsi üçün təlimat verirdi. Həmçinin Ənvər paşa 1-2 iyul 1918-ci ildə Şərq Orduları Qrupu komandan vəkili Əsad paşaya "şəxsi" qeydi ilə yazdığı əmrdə Hərbiyyə hərəkat şöbə müdiri Feldmanın son savaş durumunu görmək və yerində araşdırmalar aparmaq üçün bir gəmi ilə Batuma hərəkət etdiyini və Tiflisdə Almaniyanın təmsilçisi ilə görüşəcəyini bildirərək, başkomandan vəkilindən göndərilən əmrlərdən ona heç bir şəkildə bəhs edilməməsini və çox gizli tutulmasını istədi.

İstanbulla xəbərləşmə məsələsində bəzi sıxıntılarla qarşılaşa biləcəyini bildirərək, Bakının ən qısa müddətdə ələ keçirilməsi üçün lazım gələn əsgər, silah, sursat, cəbbəxana və pulun Nuru paşaya istədiyi qədər verilməsini əmr etdi. Ənvər paşa davam edərək belə dedi:

"Xülasə, Nuru paşanın və Gəncədəki qüvvələrimizin mümkün olan əlavə əsgər, silah və cəbbəxana ilə gücləndirilməsi işinə, vaxt keçirmədən, Feldmanın gəlməsi ilə durum çox çətin bir hal almadan, mümkün olduğu qədər sürətlə önəm verilməsini və sizə şəxsi və gizli olaraq yazdıqlarımın eyni şəkildə Nuru paşaya da bildirilməsini və almanlara hiss etdirilməsi qəti doğru olmayan bu xəbərləşmə tərzinin, sizin tərəfinizdən və Nuru paşa tərəfindən də mənimsənilməsinin lazımi şəxslərə xəbər verilməsini rica edirəm."
Sovet İttifaqı dövründə Göyçay savaşını araşdıran bəzi tarixçilər türk hərbi qüvvələrinin sayı baxımından Qızıl Orduya qarşı açıq bir üstünlüyü olduğunu bildirirlər. Lakin Dr. Mustafa Görüryılmaz qeyd edir ki, mövcud sənədlərə görə bu görüş doğru deyildir. "Savaşın başladığı dövrdə Azərbaycana çatan türk hərbi qüvvələrinin sayı beş min belə deyildi. Qızıl Ordu qüvvələrinin sayı isə erməni dəstələrin qatılması ilə 30 mini aşmışdı."

Şaumyan və ona bağlı Qızıl Ordu qüvvələri hər şeydən əvvəl Azərbaycan torpaqlarında yaşayan yerli xalqdan təşkil edilməmişdi. Çar Rusiyası ordularında xidmət edən zabit və əsgərlərdən təşkil olunmuşdu. Daşnak qüvvələri isə böyük çoxluğu Şərqi Anadolu bölgəsi və qismən də bugünkü Ermənistan və Azərbaycanda yaşayan ermənilərdən ibarət idi. Erməni daşnak qüvvələri təxminən 3 ildir rus ordusunun zabitləri nəzarətində təlim görmüş və savaşlara qatılaraq nizamlı hərbi dəstələr halına gəlmişdilər.

Şaumyan Leninə göndərdiyi teleqrafda rus bolşevik-erməni daşnak hərbi qüvvələrinin Göyçay savaşında üstün bir səy göstərdiyini, ancaq ordunu idarə edən komandirlərin son dərəcə qorxaq davrandıqlarını bildirdi. Bundan başqa ingilis gizli xidmətinin ordu içində bolşeviklər əleyhinə apardığı təbliğatın da təsiri olduğunu bildirdi. Ənzəlidən gəmilərlə hərəkət edərək Ələt stansiyası yaxınlığında quruya çıxan çarlıq tərəfdarı rus kazakı albay Biçeraxovun qüvvələri də Kürdəmir müharibəsində iştirak etmişdi. Rus kazakları ağır bir məğlubiyyətə uğramışdı. Biçeraxov 300-ə yaxın adamını savaş meydanında qoyaraq Bakıya qaçmışdı. Birləşmiş düşmən qüvvələrinə komandirlik etdiyi bu qısa müddətdə Biçeraxov heç bir uğur əldə edə bilmədi. Böyük ümidlərlə gəldiyi Kürdəmir cəbhəsindən zərərlə ayrıldı. Türk hərbi qüvvələrinin qarşısında məğlubiyyətə uğradı və komandirlik vəzifəsini 22 iyuldan etibarən erməni əsilli Avetisova vermək məcburiyyətində qaldı.


Tarix: 09.01.2015 / 01:08 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...