Azərbaycan Xəzinə Palatası - Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin maliyyə sisteminə daxil olan mühüm dövlət qurumu. Cümhuriyyət Hökumətinin 1918 il 21 oktyabr tarixli qərarı ilə Bakı Xəzinə Palatası Azərbaycan Xəzinə Palatasına çevrilərək, onun fəaliyyət dairəsi həmin il oktyabrın 11-də ləğv edilmiş, Gəncə Xəzinə Palatası da daxil olmaqla bütün Cümhuriyyət ərazisinə şamil edilmişdi. Azərbaycan Xəzinə Palatasının fəaliyyəti dövründə dövlət vergilərini toplamaq üçün Bakı şəhəri və Balaxanı, Sabunçu polismeysterliyi nəzdində vergi pristavları vəzifələri yaradılmışdı. Xəzinə vergiləri üzrə hərraca çıxarılan daşınar və daşınmaz əmlakın siyahıya alınması və satışı qaydaları Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919 il sentyabrın 27-də qəbul etdiyi qanunla tənzimlənirdi. Bu qanunla quberniyalarda daşınar və daşınmaz əmlakın hərracda satılması vəzifələri Azərbaycan Xəzinə Palatasına həvalə olunurdu. Şəhərlərdə və qəzalarda isə dəyəri 25 min manatdan çox olmayan daşınar və daşınmaz əmlakın hərracda satılması vəzifəsi polis idarələrinin hərrac müfəttişlərinə, əmlakın siyahıya alınması və satışının təşkili isə vergi polisinə həvalə olunurdu. Bunun nəticəsində ölkədə xəzinə vergilərinin yığılması işi canlanmış və dövlətin maliyyə ehtiyatları artmağa başlamışdı.
Tarix: 09.01.2015 / 00:09 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: "Azərbaycan Demokratik Respublikası"