Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ordu quruculuğu proqramı

Türk ordusu Azərbaycanı tərk etdikdən sonra ölkədə çox ağır vəziyyət yarandı, xarici təzyiqlər artdı, hərbi müdaxilə təhlükəsi çoxaldı. Ağır vəziyyət barədə Məmməd Əmin Rəsulzadə deyirdi: Türk ordusu çəkildi, Azərbaycanın hərbi hissələri isə yox idi, müxtəlif yerlərə səpələnmiş 1500 Azərbaycan əsgəri var idi. Göründüyü kimi vəziyyət çox ağır, vaxt isə yox idi. Çıxış yolu ordu quruculuğu sahəsində təcili tədbirlər görməkdə idi.

Başlanan ordu quruculuğu və müdafiə tədbirləri Nuru paşa və Türk hərbi hissələri Azərbaycanı tərk etdikdən sonra böyük vüs’ət aldı, yeni hazırlıq işləri görüldü, planlar hazırlandı. Məşhur hərbiçi, rus ordusu tərkibində döyüşlərdə böyük şücaət qazanmış general Əliağa Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədi ili hərbi planlarla çıxış etdi, strateji təkliflər hazırladı. Plana görə 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir silahla təmin edilmiş milli ordu yaradılmalı, ən vacib bölgələrdə yerləşdirilməli idi. Vacib məsələlərdən biri hərbi nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi tə’sis edilməsə də bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-nə qədər Xosrov bəy Sultanov icra etmişdir. Oktyabrın 6-dan dekabrın 26-dək hərbi işlər üzrə müvəkkil İ.Ziyadxanov olmuşdur. Nazirlər kabineti oktyabr ayının 23-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus arteleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir , həmin ayın 29-da rus general-leytenantı Əliağa Şixlinski onun müavini, tə’yin edildi. General-leytenant Suleyman Sulkeviç baş qərargah rəisi tə’yin edildi.

1918-ci ilin dekabr ayının 13-də Gəncədən göndərdiyi məlumatda milli Azərbaycan körpüsünün komandanı general Əliağa Şixlinski bildirirdi ki, o, yeni Azərbaycan ordusunun lahiyəsini hazırlamışdır. Layihədə general ordunun quruluşunu, strukturunu, tərkibini müəyyən edən sxem hazırlamışdı. Peşəkar hərbçi, hərbi nazir vəzifəsinə böyük təcrübəyə və təhsilə malik olan zabitin tə’yin edilməsini, korpuslar əvəzinə ən’ənəvi diviziyaların yaradılmasını tövsiyə edirdi.

Səməd bəy Mehmandarov yaxşı bilirdi ki, bolşeviklərin təbliğatı nəticəsində orduda vəziyyət yaxşı deyil, ərzaq çatışmır, səfərbərlik planı yerinə yetirilmir. Bütün bunları nəzərə alan nazir elə həmin gün xalqa müraciət etdi və bildirdi ki, ölkəmizin bütün vətəndaşları — istər kasıb, istər dövlətli, eyni şəkildə hərbi qulluqu çəkməli və kimsə dövlətliləri hərbi qulluqdan azad etsə ağır cəzalanacaqlar. Generalın əqidəsinə və hazırladığı plana görə müstəqil Azərbaycanın milli təhlükəsizlik, ərazi birliyini və dövlət sərhədlərini müdafiə etmək üçün bütün vətəndaşlar əsgərlik çəkməli, torpaqlarımızı qorumalı vətəndaşlıq nümunəsi göstərməlidirlər.

1918-ci ilin iyul ayının 6-da Azərbaycan Demokratik Respublikası hökumətinin pullu hərbi mükəlləfiyyət haqqında sərəncamına müvafiq olaraq sıravilərə 50 rubl, yefreytorlara 60 rubl, kiçik unter zabitə 70 rubl, unter zabitə 90 rubl, feldfebelə 120 rubl maaş müəyyən edildi. 1918-ci ilin iyul ayının 11-də milli orduya çağırış haqqında əmr verildi və 1894-1899-cu illərdə anadan olmuş 24-29 yaşlı oğlanlar səfərbər edildi. Maliyyə çətinliklərinə baxmayaraq milli zabitlər hazırlamaq məqsədi ilə Gəncədə hərbi məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40 minə yaxın əsgəri olan milli ordu yaradıcılığına başlandı. O vaxt Orduda 24 min süngü, 6 min piyada, suvari, topçu və sairə qoşun növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə, Xəzər dənizində kiçik bir donanama var idi. Orduda hərbi intizamı möhkəmləndirmək məqsədi ilə hərbi nazirliyin yanında divani hərbi, yə’ni hərbi məhkəmə fəaliyyət göstərirdi.

Azərbaycan Demokratik Respublikasının hərbi quruculuq siyasətində, milliliyə, ana dilinə xüsusi əhəmiyyət verilirdi. Hərbi nazir Səməd bəy Mehmandarovun əmrində göstərilirdi ki, orduda danışıq və dəftərxana dili ana dili olmalıdır. Əmrdə deyilirdi ki, "Sırada eləcə də sıradan kənarda olarkən əsgərlərin azərbaycanca salamlaşması — bir sözə "salam", cavabı isə "əleyküm salam" olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: "mərhaba", əsgər cavab verməlidir "çox sağ ol". Zabitlərin çoxu rus dilli olduğu üçün əsgərlərin əmrləri çətin başa düşdüyünü nəzərə alaraq danışığın azərbaycan dilində olması zəruri idi.

Dövlətçiliyin təhlükəsizliyini qorumaq üçün, hökumət ordu quruculuğuna mümkün olan qədər vəsait ayırırdı. 1919-cu ilin dövlət büdcəsində toplanan 1600 446 952 rubldan müdafiə xərcləri üçün 399452 242 rubl ayrılmışdı ki, bu da ümumi büdcənin 27,7 faizinin təşkil edirdi.

15 yanvar 1919-cu ildə müvafiq idarə və şö’bələri birləşdirən nazirliyin geniş səlahiyyətli baş qərargahı yaradıldı və general Süleyman bəy Sulkeviç onun rəisi təyin edildi. Qərargahın yanında xüsusi mətbəə, hərbi məhkəmə və hərbi prokuror nəzarəti, hərbi nazirin yanında hərbi şura tə’sis edildi. Gözlənilən təhlükələri nəzərə alaraq 1919-cu ilin iyun ayında dövlət müdafiə komitəsi yaradıldı.

Ordu quruculuğu proqramını həyata keçirmək və güclü ordu yaratmaq məqsədi ilə Azərbaycan Demokratik Respublikasının parlamenti 9 qanunvericilik aktını müzakirə etmiş, hərbi nazirliyi kifayət qədər vəsaitlə tə’min etmək üçün müvafiq qərarlar qəbul etmişdi. Bu xüsusi diqqət onunla əlaqədar indiki ölkədə hərbi baza zəif idi, hərbi proqramla 1919-cu ildə 25 minlik, 1920-ci ildə 40 minlik ordu yaradılmalı idi.

Ordunu milli zabit kadrları ilə tə’min etmək üçün həbi təhsil müəssisələrinin yaradılması zəruri idi. Bu məqsədlə 1918-ci ilin iyun ayında Gəncədə hərbi məktəb yaradıldı və bu təhsil müəssisəsi 1919-cu ilin noyabr ayında hərbi uçilişiyə çevrildi. Uçilişinin üç şö’bəsində — ümumi, topçuluq və mühəndislik şö’bələrində 250 dinləyici oxuyurdu.

1919-cu ilin sonunda, 1920-ci ilin əvvəlində kovalyer, topçuluq və snayper uçilişləri yaradıldı. Bu tədris müəssisələrində dərs demək üçün mütəxəssislər də’vət edildi. 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı polklar, artilleriya briqadası, diviziyası yaradıldı. 1919-cu ilin sonunda milli ordunun tərkibində 2 piyada diviziyası, bir kavaleriya diviziyası var idi. Birinci piyada diviziyasına birinci Cavanşir, ikinci Zaqatala və üçüncü Gəncə polkları daxil idi. İkinci piyada diviziyasına dördüncü Quba, beşinci Bakı və altıncı Göyçay polkları daxil idi. Şirvan polku bazasında üçüncü piyada diviziyasının yaradılması başlandı. Birinci Tatar, ikinci Qarabağ və üçüncü Şəki atlı polkları bazasında kavaleriya diviziyası yaradıldı.

Cənubda təhlükəsizliyi qorumaq üçün Lənkəranda ehtiyat batalyonu və "yardım alayı" — Milis polku yaradıldı. Azərbaycan Demokratik Respublikasının Parlamentini mühafizə etmək məqsədi ilə xüsusi bölmə, respublikanın ərazisində asayişi qorumaq üçün mobil dəstələr təsis edildi. Ordunun tərkibinə iki artileriya briqadası, bir yüngül artileriya diviziyası, üç bronlu poezd, beş aeroplan, bir neçə hidroaeroplan, altı ağır və yüngül bronlu avtomobil daxil idi. İngilislər köçüb getdikdən sonra, hərbi nazirlik hərbi liman yaratdı, Xəzər hərbi donanmanı yenidən qurdu, "Qars" və "Ərdahan" adlı gəmiləri, "Astrabad", "Araz" və "Nargin" adlı lodkaları, onun sərəncamına verdi. Azərbaycan Demokratik Respublikası hökuməti ordunun müvafiq silah növləri və hərbi sursatla təmin edilməsi üçün daim axtarışlar aparır və ciddi tədbirlər həyata keçirirdi. Bu sahədə Azərbaycan parlamentinin 27 iyun 1919-cu ildə təsdiq etdiyi "Azərbaycan—Gürcüstan hərbi müdafiə paktı" böyük rol oynamışdır. Bu müqaviləyə müvafiq olaraq Azərbaycan Tiflisdən 12 yüngül, 12 dağ topu, 24 "Maksim" tipli plemyot, 3 min tüfəng, çoxlu hərbi sursat aldı. Silah sursat almaq üçün İtaliya hərbi nazirliyi ilə danışıqlar başlandı.

Ağqvardiyaçıların Şimali Qafqazda məğlub edilməsindən sonra cənuba qaçan denikinçilər 1920-ci ilin mart ayında Azərbaycan ordusuna 20 top, 100 pulyemyot, 9 təyyarə, 15 min tüfəng, 10 milyon patron verdilər.

Azərbaycan ordusunu silah sursatla təmin etmək məqsədi ilə hökümət 1920-ci ilin yanvar ayında hərbi sənaye kompleksinin yaradılması haqqında qanun layihəsini, Gəncədə tikiləcək hərbi zavodunun smetasını və ştatını hazırlamışdı. 1920-ci ilin fevral ayının 23-də parlament hərbi zavodun tikilməsi və onun üçün 670 milyon vəsaitin ayrılması haqqında qanun qəbul etdi. Nəzərdə tutulmuş proqramın həyata keçirilməsi üçün Azərbaycan Demokratik Respublikası höküməti Antantanın Ali şurasına memorandum göndərmiş və hərbi zavodun müasir texnologiya ilə tə’min edilməsini xahiş etmişdi.

Azərbaycan Demokratik Respublikasının Məmməd Əmin Rəsulzadə təcrübədən bilirdi ki, ordu dövlətin dayağıdır, onun ərazi birliyinin tə’minatçısıdır. Tarixi təcrübədən aydındır ki, bir ölkəni zəiflətmək, sarsıtmaq və məhv etmək üçün hər şeydən əvvəl onun ordusunu dağıdırlar. Belə məqamda orduda təfriqə salmaq, zabitlərin əqidəsini yad hissələrlə zəhərləmək və onun əli ilə dövlət çevrilişi təşkil etmək təcrübəsi çoxdur. Bu təhlükəni aradan qaldırmaq üçün Azərbaycan Demokratik Respublikası hökuməti şəxsi heyyətin siyasətləşməsinə, siyasətlə məşğul olmasına yol verə bilməzdi. Hərbi nazirin əmrində deyilirdi ki, zabitlər və əsgərlər dünyada baş verən hadisələri bilməli və onları təmsil etdikləri dövlətlərin mənafeyi baxımından qiymətləndirilməlidirlər. Odur ki, zabitlər və əsgərlər hər hansı bir siyasi partiyanın üzvü ola bilməz, hərbiçi üçün əzəli partiya onun dövlətçiliyidir. Azərbaycan Demokratik Respublikasının hökuməti partiyasız, siyasətsiz ordunun yaradılmasını məqsədə müvafiq sayırdı. Çünki zabit bir partiyanın üzvü olsa, əsgərlər başqa partiyanın üzvü ola bilərlər, beləliklə də orduda xaos, qarşıdurma yarana bilər.

Azərbaycan Demokratik Respublikasının ordu qruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən biri idi. Hər bir zabit və əsgər özünün tarixini, keçmişini, kökünü, soyunu bilməli, onlara qırılmaz köklərlə bağlı olmalıdır. Əsgər və zabit hər şeydən əvəl vətəndaş, vətənpərvər olmalı, vətənini, dilini, millətini sevməlidir, onların qeyrətini çəkməlidir. Bu milli xüsusiyyətləri nəzərə alan Səməd bəy Mehmandarov əsgər və zabitlərin, xalqımızın tarixini, qəhrəmanlıq ən’ənələrini əks etdirən kitablarla tə’min edilməsinə xüsusi fikir verir, bu kitabları oxumaq üçün onlara şərait yaradırdı. Səməd bəy Mehmandarov yazırdı: "Ziyalılarımızın ən mühüm vəzifələrindən biri xalqı və əsgərləri öz tarixi ilə tanış etməkdir. Bu, şübhəsiz ki, xalqın milli hisslərini və türk irqinə məxsusluğu ilə iftixarını artıracaqdır". Bu ideya da dövlətin daxili siyasətini əhatə etdiyi bir mətləbin təzahürü idi: "Xalqla ordu yekdildir". Ardıcıl görülən tədbirlər şəxsi hey’ətin mə’nəvi-psixoloji hazırlığını yüksəldir, vətənpərvərlik tərbiyəsini möhkəmləndirir, döyüş qabiliyyətini və mübarizilik əzmini gücləndirirdi.

Səməd bəy separatistlərə, ölkəni parçalamağa səy göstərənlərə xatıladırdı ki, Azərbaycanın güclü, nizamlı ordusu vardır, bu ordu cinayətkarlara dövlət əleyhinə fəaliyyət göstərənlərə imkan verməyəcəkdir. Lakin real vəziyyətdən xəbərdar olan bəzi düşmən qüvvələr Azərbaycan Demokratik Respublikasının gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə sə’y göstərirdilər. Elə bu təsəvvürlə erməni daşnaqları Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi ilə 1920-ci ilin mart ayının 22-də Əsgəran keçidini bağladılar və Qarabağın dağlıq hissəsini blokadaya aldılar. Bu təhlükəli vəziyyəti aradan götürmək və daşnaklara dərs vermək üçün Azərbaycan Demokratik Respublikası hökuməti operativ və çox ciddi tədbirlər gördü. Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə general Həbib bəy Səlimovun komandanlığı altında Əsgəran ətrafına güclü hərbi qüvvə göndərildi və başlanan döyüşdə düşmən darmadağın edildi, erməni hərbi dəstələrinin başçısı Dəli Qazar öldürüldü, erməni yaraqlılarının qərargahı Keşişkənd dağıdıldı, daşnak qiyamı yatırdıldı milli ordu özünün döyüş qabiliyyətini nümayiş etdirdi.

Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu proqramı, onun acı tarixi dərsləri bu gün müasir Azərbaycanın müdafiə strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan Demokratik Respublikasının təcrübəsi və günümüzün müasir reallığı təsdiq edir ki, güclü milli ordu ölkəmizin təhlükəsizliyinin, müstəqilliliyinin və ərazi bütövlüyünün qarantıdır.


Tarix: 09.01.2015 / 00:07 Müəllif: Feriska Baxılıb: 310 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...