Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nuru paşa

Gərgin vəziyyət Azərbaycan Demokratik Respublikası hökumətini ciddi tədbirlər görmək məcburiyyəti qarşısında qoydu. Gəncəyə qarşı yarıdan çoxu ermənilərdən ibarət olan Qafqaz qızıl ordusu tərəfindən gözlənilən təhlükənin qarşısını almaq üçün hökümət qərbi Azərbaycanda hərbi vəziyyət elan etdi. Azərbaycan Demokratik Respublikası hökumətinin dəvəti ilə 1918-ci ilin may ayının sonunda Nuru paşa 300 nəfərlik təlimatçı qrupu ilə Azərbaycana—Gəncəyə gəldi. Bu vaxt çox saylı bolşevik və daşnak qoşunları Gəncə istiqamətidə hücuma başladılar. Məqsəd Azərbaycan Demokratik Respublikasının milli ordusunu məhv etmək və bütün Azərbaycan ərazisini işğal etməkdən ibarət idi. Vəziyyətin çıxılmaz olduğunu görən təcrübəli hərbçi Nuru paşa üçüncü ordunun komandanı Vəhib paşaya məktub yazıb, tə’cili hərbi yardım istədi. Hərbi yardımı rəsmləşdirmək məqsədi ilə 1918-ci ilin iyun ayının dördündə Batumda Azərbaycanla Türkiyə arasında bağlanan müqaviləyə əsasən türk qoşunları Gəncəyə göndərildi. İlk olaraq beşinci Qafqaz diviziyasına daxil olan doqquzuncu və ikinci suvari alay Azərbaycana yola düşdü, alaylar iyun ayının 15-də Gəncəyə çatdılar. Beləliklə, beş minlik əlahiddə Azərbaycan hərbi korpusu, beşinci, doqquzuncu və on beşinci çanax qala alayları bazasında Qafqaz islam ordusu yaradıldı, onun komandanı Nuru paşa tə’yin edildi.

Bu vaxt S.Şaumyanın rəhbərliyi ilə bolşevik-daşnak qüvvələri Bakı—Şamaxı—Göyçay istiqamətində hərəkət edir, Qaraməryəmi tutaraq Ucara doğru irəliləyirdilər. Təhlükənin qarşısını almaq üçün Nuru paşa Gəncədəki erməniləri tərksilah etdi və qoşunu Göyçay istiqamətinə göndərdi. Onuncu alayı hazırsız döyüşə qoşan Osman bəyin uğursuzluğunu öyrənən Nuru paşa general Ə.Şıxlinski ilə birlikdə iyun ayının 18-də Müsüslüyə, sonra isə Göyçaya gəldi, real vəziyyəti təhlil etdi, milli ordu hissələrini və yerli könüllüləri döyüşə hazırladı.


Tarix: 09.01.2015 / 00:05 Müəllif: Feriska Baxılıb: 129 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...