Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vicdan azadlığı

Azərbaycan Demokratik Respublikası rəhbəri Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə ruhani idarələrini müsəlman məmurlarına həvalə etməklə Tiflis şəhərindəki ruhani idarələrinin bazasında Bakıda vahid, müsəlman ruhani idarəsinin yaradılması qərara alındı.

Azərbaycan Demokratik Respublikası hökuməti müsəlmanlar üçün Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına nail oldu. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin etdiyi Qafqaz Şeyxülislamı M.Ə.Pişnamazzadə vəzifəsindən istefa verdi. Azərbaycan Demokratik Cümhuriyyəti sosial təminat və dini etiqad naziri Musa bəy Rəfiyevin sərəncamı ilə 48 yaşlı axund Ağa Əlizadə Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxülislam təyin edildi. Yeni Şeyxülislam məzhəb ayrıseçkiliyini rədd edən, mütərrəqi fikirli, milli heysiyyəti güclü olan, parlamentin işinə kömək edən bir şəxs idi. Molla Ağa Əlizadə Azərbaycanda ilk Demokratik Respublikanın yaranmasını ürəkdən alqışlayan din xadimlərindən idi. Azərbaycan Demokratik Respublikası yaranmasının birinci ildönümü münasibətilə o demişdir: "Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidəsini və fikrini şövqlə söyləmək və öz bəşəri iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. Asılı olmayan tədris ocaqlarında — orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər. Allah-təalanın buyruqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə intişara yetirmək olar. İstiqlal hər bir tayfaya və hər bir şəxsiyyətə lazımdır".

Bu zaman Azərbaycan Demokratik Cümhuriyyəti vicdan azadlığını təmin etmək sahəsində ilk addımlarını atırdı.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan milli şurasının müstəqillik haqqında qətnaməsində qeyd edilirdi ki, vətəndaşların hüququ, siyasi, dini azadlıqları təmin edilir, müstəqil Azərbayacan dövləti qeyri dini, demokratik quruluşa malik olan ölkədir. Qətnamədə deyilirdi: "Azərbaycan Demokratik Respublikası milliyyətindən, dinindən, ictimai vəziyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşları öz hüdudları daxilində vətəndaşlıq və siyasi hüquqlarla təmin edir".

1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamenti öz işinə başladı. Parlamentin iclaslarında heç bir dini ayin (dua oxunması və s.) icra edilmədi. Bütün dinlərdən olan deputatlar bərabər hüquqlu nümayəndə səlahiyyətinə malik idilər. Dinə münasibətindən asılı olmayaraq bütün vətəndaşlar Azərbaycan Demokratik Respublikasının bərabər hüquqlu əhalisini təmsil edirdilər. Milli mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş ümummilli vicdanı oyatmaya bilməzdi.

Göründüyü kimi, Azərbaycan Demokratik Respublikasının Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid çoxlu tale yüklü islahatlar həyata keçirmiş, müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdür. İqtisadi, siyasi-ictimai və sosial münasibətlər sahələrində vətəndaşların hüquqlarının təmin edilməsinə yönəldilmiş qərar və tədbirlərin tərkibində əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tuturdu. Azərbaycan Demokratik Respublikası hökuməti və parlamenti vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə imkan tapmasa da, onun bu problemə ən demokratik mövqeyi aydın idi. Azərbaycan Demokratik Respublikasının uğurları və faciələri, tarixi dərsləri, dini etiqad və vicdan azadlığı sahəsində təcrübəsi bu günümüz üçün çox marağlıdır. [4]

27 aprel 1920 – Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi – Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verib. Vəziyyəti real dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşıb və axşam saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edilib. Parlamentin qərarında Azərbaycanın istiqlalının və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərin heç birini saya salmadı.

Bundan sonra Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı.


Tarix: 08.01.2015 / 19:19 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...