Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürəyimin hissəsi
Ürəyimin hissəsi

Köhnə divanımın aurası məni qızdırır. Qışın oğlan çağıdı, daxilimdə isə baharın nəfəsi duyulur( əlbəttə ki, divanımın hesabına ). Hələ bu gün yerimdən belə durmamışam. Heç olmasa televizoru yandırardım. Yox, onun adını çəkməyin, yoxsa başım ağrıyar. Adamın bəxti bir şeydə gətirir, digərində isə...

Divan sarıdan yaxşıyam. Həyatım da onun üstündə keçir. Ehtiyacım olmasa heç buradan düşmərəm. Televizor isə alınan gündən zay çıxdı. Yaxşı yadımdadı: sovet dövrünün gözəl vaxtları idi. Divanım onda da köhnəydi. Özüm isə cavan olduğundan onun köhnəliyini elə də hiss etmirdim.

Cəmisi televizorda 4 kanal vardı: Moskvanın və Bakının hərəyə iki kanalı. Verilişlər güclü olmasa da marağım böyük idi. Təzə “Qorizontun” səsi evi bürüyəndə sevindiyimdən əməlli- başlı yata bilmədim. Sevincimsə çox qısa oldu. Gözəl rənglər bir-birinə qarışdı. O gündən Bakının televizor ustaları ilə uzun sürən tanışlığım baş tutdu. Sifəti qırışlı, qalın eynəkli, yaşlı rus ustası Volodya bu televizora böyük əmək sərf etdi. Zavod emalının bütün səhvlərini aradan qaldırdı. Lazımsız detalları çıxarıb tulladıqca “Qorizont” bir müddət işlədi. Nəhayət o öz qərarını verdi: televizorun ekranı yatıb, heç nəyə yaramır.

Belə də iş olar? 3 ilə ekran yatar? Mən yazıq divanımı tərk edib ekran axtarmalı oldum. Ekranı o vaxtlar Moskvadan alıb gətirdim. Volodya köhnə ekranı çıxarıb təzəsini onun yerinə saldı. Köhnə ekranı yaxınlıqdakı uçuqluğa tulladım. Partlayışdan ətrafdakı evlər lərzəyə gəldi. Ustanın pulunu verib yola saldım. Elə bilirsiz, televizor əməlli-başlı işlədi? A töbə!

Mənim qeydiyyatlarım yerindədi. Orta hesabla il yarımdan bir hansısa hissəsi qırılırdı. Rəhmətlik Volodya mənə dedi ki, ay uşaq, gəl məsləhətimi eşit. Bu televizoru sat, başqasını al. Dedim, a kişi, necə yanı sat? Mənim ürəyimin bir hissəsidi bu cihaz! Ayrılarmı könül candan? Yazıq kişi elə sat deyə-deyə o dünyalıq oldu.

Bu təmir prosesi həyatımın ayrılmaz hissəsinə çevrildi. Təzə-təzə ustalar müxtəlif təcrübələri onun üzərində keçirtdilər. Bir ustanın qoyduğu detalı digər usta başqasıyla əvəzlədi. Yəqin ki, zəmanənin dəyişilməsi televizoru lap tez sıradan çıxartdı. Təzə kanallar mənim köhnə antenama və televizoruma uyğun gəlmədiyindən böyük dəyişikliklər etməli oldum. Haradan biləydim ki, Dədə Qorqud demişkən, bəlalarım hələ qabaqdadı.

Sonuncu dəfə televizorum bərk yandı. Tüstü hər yanı bürüdü. Yaxşı ki, mən məhəlləmizdəki bir cavan oğlan kimi televizorun içinə su tökmədim. O yazığın televizoru elə bu günə kimi işləmir. Tez usta axtarmağa başladım. Gördüm ki,köhnə ustaların bəziləri ölüb, bəziləri çıxıb gedib Rusiyətə. Özümüzkilərdən birini tapıb gətirdim. O özünə çox əziyyət vermədi. Bir az oranı, bir qədər buranı əlləşdirib qiymət oxudu: 10 şirvan. Dedim, a kişi, görmürsən ki, bu televizorun heç 1 şirvan qiyməti yoxdu? Nə cavab versə yaxşıdı: gəl onu səndən şirvan yarıma alım.

Mənə belə sözü demək olar? Cin vurdu təpəmə. Elə istəyirdim ki, bir yumruq vurum ona, tez qiyməti 8 şirvana saldı. Dedim, razıyam. Mənim televizorumun düz yarısını təzələdi. Xarab hissələri çıxarıb atdı və axşam gözəl bir filmə baxdım. Əsil məhəbbət əhvalatı idi. Məhəbbət, məhəbbət...

8 şirvan da belə getdi. Usta gedəndə bir söz də işlətdi ki, qədeş, antenan yaxşı deyil. 7-8 şirvan ver, onu təzələyim. Dedim, baxarıq. Elə antena söhbəti o gündən beynimə yeridi. A kişilər, heç antenaya da 8 şirvan vermək olar? Özümə nə gəlib ki? 3-4 ay divanımda müxtəlif planlar cızdım. Bu vaxt televizor təzədən qırıldı. Fikirləşdim ki, köhnə ustanı çağırsam gərək 1 ay ac oturam.

Başqasına zəng etdim. Gəldi. Televizorun arxasına baxanda dəhşətə gəldi.Deyir, ay qardaş, bunun 1 dənə də öz “rodnoy” detalı yoxdu. Televizor necə görsədə bilər? Başa salıram ki, burada qarşılıqlı məhəbbət söhbəti var. Yəni televizorumla köhnə divanımdan heç cür ayrıla bilmirəm. Usta divana nəzər yetirib dedi ki, əsl muzey malıdı, amma televizorun işi fırıqdı. Sonra ora-burasını xeyli döyəclədi. Birdən gördük ki, işlədi. O heç özü də bunu gözləmirdi. Sevincək şeylərini yığışdırdı ki, aradan çıxsın. Deyirəm, gəl çay iç. İçmədi. Heç pul da istəmirdi. Birtəhər 1 şirvanı basdım cibinə. O da rəhmətlik Volodyanın sözünü təkrar elədi ki, televizoru başından rədd elə.

Deyim ki, televizor əməlli-başlı işlədi. Qayıtdım yenə antena məsələsinə. Mənim bir məşhur qarajım var. Orada nə istəsən taparsan,bütün köm-köhnə əşyaların yığımıdı. Bir neçə köhnə antenaların detallarını gətirdim evə. Bəzi çatmayan xırım-xırda hissələri dükandan aldım və başladım işə.

Elə səs-küy yaratdım ki, adətən mənim səssizliyimə öyrənmiş qonşum qaçıb gəldi. Deyir, nə əcəb, ay qonşu, divanın-zadın qırılmayıb? Cavab verdim ki, narahat olma, hərdənbir mən də həvəsə gəlirəm. Qoy, bir iş görək. Çönüb getdi. Heç demədi ki, işin avand olsun. Nəhəng bir antena quraşdırıb, bərkitdim dama. Fikirləşdim ki, muğam axşamı olacaq. Ləzzətlə baxaram. Baxa bilmədim. Televizor yenə qırıldı. Antenanı yoxlamaq mümkün olmadı...

Gecə yuxuma rəhmətlik Volodya girib. Sifətinin qırışları və qalın eynəyi də yerində. Elə bil canlıydı. Gəlib dayanıb başımın üstündə və deyir ki, ay uşaq, demədim sənə dəyiş bu zəhrimarı? Elə yuxudaca hesablama apardım. Qaracdakı köhnə qaz peçi, qaz kolonkası, paltaryuyan maşın, tozsoran və sevimli televizorumu ehtiyat hissələri kimi satsam, bapbalaca, ağ-qara Çin istehsalı olan televizor alaram. Heç olmasa 2-3 il öz köhnə divanımda( Allaha şükür ki, onu satmıram) rahatca uzanıb təzə televizoruma( öz yığdığım antena ilə) baxa bilərəm.

Yuxum elə gözəldi ki, oyanmaq belə istəmirəm...


Tarix: 08.06.2015 / 17:59 Müəllif: Aziza Baxılıb: 159 Bölmə: İsmayıl İsmayılov
loading...