Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vasvasının monoloqu
Vasvasının monoloqu

Ay qardaş, yerimdən tərpənməyə qorxuram. Soruşarsız ki, niyə? Yan-böyrüm toz dənəcikləriylə doludu. Artıq hərəkət eləsəm, dolallar burnuma, qulağıma. Ürək- ciyərim onsuz da bərk ağrıyır. A kişilər, belə də iş olar? Adam çörək yeməyə, su içməyə qorxur. Mikroblar, bakteriyalar bizi basıb. Vallah, əlimdə bir qaz balonu olsaydı, hamısını yandırardım. Doğrusu heç qaz balonuna əl vura bilmirəm. Onda da bir şey olar.

O gün bizimkilər bir tərifli təndir çörəyi gətirdilər. Ətrafımı yaxşı-yaxşı silib təmizlədilər. Bəh-bəh, kərə yağı, təndir çörəyi, pürrəngi çay, ağzım sulandı. Elə bilirsiz, rahatca yemək yeyə bildim? A töbə! Stəkan gözümə çirkli göründü, süfrədə isə yekə bir ləkə tapdım. O dəqiqə səsim evi bürüdü. Xasiyyətimi bilirlər də... Süfrə silindi, çay dəyişdirildi. Elə birinci tikəni ağzıma aparmışdım ki, nə isə xırçıldadı. Az qala ürəyim getmişdi. Məni bir təhər özümə gətiriblər.

Görürəm ki, bu tərifli təndir çörəyinin içində xırdaca çaydaşı var. Bütün iştaham pozuldu. Elə o gündən acam. Ha, fikirləşirəm ki, bir yaxşıca çörək yeyim, bacarmıram. Arvad da lap qudurub. Əvvəllər mənə yaxşı baxardı. İndisə başqa tərəfə baxır. O gün mənə verdiyi köynəyi gözünə soxub deyirəm ki, it qızı it, bu nə ləkədi? O da köynəyi götürüb getdi baldızlarıyla qayınanasının yanına şikayətə. Deyir ki, bütün Bakı yığılsa da bu köynəkdə ləkə tapa bilməz, amma mənim gicbəsər ərim hər yerdə qara görür. Ölüb getmir ki, canımız ondan qutarsın.

Görürsüz də bu da mənim tərifli arvadım. Yox, ona gərək eynək alım, özü də lap qalınından. Uşaqları da pis tərbiyə edir. Dəhşətdi, dəhşət! Qanı mənim qanımdan olanlar lap müharibə uşaqlarına ya da qara zənci Otelloya bənzəyirlər. Bunların çirki və burunlarının fırtığı heç vaxt əskik olmaz. O gün qayınatama zəng etmişəm ki, gəl qızını da, bu qara-qura zənci uşaqlarını da apar. Bunlar məndən deyillər. Bəlkə qayınanam onları yuyub təmizləsə mənə oxşarlar. Mənim sözümü də eşitmirlər. Qayınatam mənə nə desə yaxşıdı? Olmaz ki, arvadı göndərim, hər işi yerində görsün.

Lazımsa, elə sənin özünü də yuyub təmizləyər. Bəlkə onda bizi rahat qoyarsan. Bunun danışığına bax da! Mənim kimi təmizkar insana bu sözü demək olar? O yekəlikdə kişi bilmir ki, qayınanamı yox e, bütün əsil-nəslinin arvadlarını göndərsə belə bu evin tozunu və çirkini təmizləyə bilməz. Dünən nəsə beynimə düşdü ki, televizorun arxasını açacağam. Heç orada nə qalınlıqda tozun olduğunu bilirsizmi?

Nə qədər çığırdımsa səsimə səs verən olmadı. Hərə bir tərəfə qaçıb gizlənmişdi. Tozsoranla bütün içərini təmizləmişəm. Bir iki detalı da, deyəsən, sormuşdu daxilinə, amma televizorun arxası par-par parıldayırdı. İşləməyinə işləmədi. Eybi yox, işləməyindənsə təmiz olsa yaxşıdı. Hələ bu nədi? Min dəfə demişəm ki, aftafadan istifadə etdinizmi onu xlorlu su ilə yaxşı-yaxşı yuyun. Elə bil ki, divara deyirsən. Mədəniyyət yoxdu da! Öyrənmisiz köçəri kimi yaşamağa.

Yaxşı bu arvad qanmadı, bəs mənim bacılarım? Yığıram onları və başa salıram ki, bu it ətindən hazırlanan dönərləri və pirockiləri almayın. Yox, qanmırlar ki,qanmırlar. Elə də ləzzətlə yeyirlər ki, ağzımın suyu axır, çünki axam. İstəyirəm mən də yeyim. Dönərçinin çirkli xalatını, yağlı əllərini xatırlayanda isə lap qusmağım gəlir.

Üzümün tükünü qırxmaq mənimçün böyük dərddi. Bu iş mənə böyük iyrənclik kimi görünür. Odu ki, həmişə sifətim səpir.

Ay qardaşlar, mənim də bir arzum var. Hər gün Allah-taalaya yalvarıram ki,məni kainatın təmiz yerinə göndərsin ki, belə əziyyət çəkməyim və rahatlıq tapım. Yoxsa bu şəraitdə yaşaya bilmirəm. Bəlkə onun mənə yazığı gəldi və arzumu yerinə yetirdi. Vay-vay, bu nədi, ay arvad, bu nə çirkli əskidi?


Tarix: 08.06.2015 / 17:58 Müəllif: Aziza Baxılıb: 104 Bölmə: İsmayıl İsmayılov
loading...