Məktəbi qurtarandan sonra Azəristara üz tutdum. Məktəbi qurtardım deyəndə elə bilərsiniz söhbət orta məktəbi qurtarmağımdan gedir. Əsla. Suvaq işlərini nəzərdə tuturam. Nəhayət ki, məktəbin kələ-kötür divarlarını suvadım qurtardım. Sağ olsun qardaşoğlu da yaxşı kömək elədi, sementi-qumu əsasən o qarışdırırdı. Mənsə, o vedrə-vedrə gətirdiyi palçığı divara vururdum.Vurha-vur, vurha-vur.Axırıki qurtardı. Bitirməyə gəldikdə, orta məktəbi bitirməmişəm. Direktor məni yola vermədi, yarımçıq buraxmalı oldum. Anam dedi, direktorun acığına oğlum Tibb Universitetinə girməlidir. Girə bilmədim. Məxsusi olaraq mənim üçün təşkil edilmiş atestat batmasın deyə, həmin il atamın yaxın tanışı məni baytarlıq texnikumuna düzəltdi. Nəticədə, nənəm demişkən, adam doxturu olmasam da, mal doxturu oldum. Nə fərqi var, alimlərin dediyinə görə insan da heyvandır, kenquru kimi, lap belə dəvəquşu kimi iki ayağı üstə gəzən heyvan. Nə isə, oldum baytar, ancaq ixtisasım üzrə iş tapa bilmədim, adambaşıına bir həkim olduğu kimi, üz tutduğum fermalarda da elə bil inək davar başına bir loğman baytar var idi. Onda işin gedişatı və maddi durumum məni vadar etdi, qardaşoğlunu da yanıma alım, kənd məktəbini təmirə götürüm. Uşaq vaxtımdan palşıqda o qədər eşələnmişdim ki, suvaq-muvaq işindən az- maz başım çıxır. Xülasə, suvaq işləri başa çatdı, yenə qaldım boş-bekar. Bekarçılıq, qənaətimə görə, insanın (yoxsulluqdan sonra) bir nömrəli düşmənidir. Zərər də versəm, bir iş görməliyəm. Ən azından (radioya qulaq asmıramsa) televiziora baxmalıyam. Fəal tamaşaçıyam. O zamanlar Azərstara da xalqımıza xas olan canfəşanlıqla baxırdım. Baxa-bax da bu fikrə düşdüm ki, məktəbi qurtarmışam (suvaq mənasında) , gedim bir bəxtimi Azərstarda sınayım. Getdim. Oxudum. Bəyəndilər desəm, bir az şişirdilmiş olar. Xeyli qızğın müzakirədən sonra bəyənəntəhər oldular. Uğurlu çıxışıma kənddə, rayonda canidildən baxmışdılar. Buna görə də həmin cəhdi- hadisədən sonra ətraf ərazilərdəki bir çox toylara müğənni kimi dəvət aldım. Qardaşöğlumun yaxşı dəf vurmağı var. Onu da yanıma salıb getdim toylara. O çaldı, mən oxudum, mən oxudum ,o çaldı. Ancaq bu mahnı bazarının da zayı cıxdı.Rəqabət artdı. Rəqabətsə, bilirsiz də, toyxanalardan sıxışdırırlıb çıxarmaq deməkdir. Belə də oldu. Gördüm ayağımın biri içəridə olsa da digəri artıq bayırdadı. Dedim, burda sürünməkdənsə, başqa yerdə görünmək yaxşıdır. Qardaşoğlunu da götürdüm, hara gedim, hara gedim? Üz tutdum nə uzaq, nə yaxın, düüüz Rusetə. Bir müddət orda fırlandıq, daşı-daş üstə qoyduq, sürüşdü düşdü. Palçıq qarışdırdıb, suvaq vurduq, çatladı. Orda da əlimiz gətirmədi. Vətənə qayıtmalı oldum. Qardaşoğludakı yanımda. Bir tərəfdən bağlayan bir tərəfdən açar deyiblər. Nə deyiblərsə, elə düz deyiblər. Allahdan olan kimi, qayıdan vaxt gəlib gördüm ki, kiçik dayımı böyük vəzifəyə qoyublar. Çox sevindim . Sevinə- sevinə getdim yanına. Əvvəlcə sevincimi, sonra dərdimi danışdım. - Sən ki, həkimsən! –dedi - Mal həkimiyəm –dedim. - Nə fərqi var!- dedi - Elə bir fərqi yoxdu—dedim. - Gəl sənə bir kilinika açaq, özün də qlavvaraç ol-dedi - Olum!-dedim Açdı da, oldum da. Qardaşoğlunu yanıma zamqlavraç qoydum. Ələ-ələ verib bir müddət işlədik. İşlədik deyəndə, oturub xəstə yolu gözlədik. Nə xəstə. Gələn –mələn olmadı. Deyim ki, kilinika münasibsiz yerdədi, əsla. Yanından başıaşağı şosse yolu keçir. Maşınlar gecə-gündüz viyha-viy sütüyürlər. Di gəl, xəstələnəni, yoldan üzü bu yana dönəni olmurdu. Ara-sıra maşın yavaşıyanda, qardaşoğlu sevincək yanıma qaçırdı ki, bəs əmican, deyəsən, xəstə gətirirlər. Ancaq çifayda. Zalımoğlunun gümanı bircə dəfə də olsun doğrulmadı ki, doğruladı. Qardaş, xəstələnmirdilər bunlar?! Elə bil daşdan-dəmirdan yaranıblar. Dedim, belə getməz. Bir çıxış yolu tapmalıyıq. Bir gün klinikanın eyvanında üzüyola durub bu barədə dərin fikirlərə qərq olmuşdum – Neynək, necə edək? Necə edək, neynək? – deyə düşünüb-daşınırdım ki, ay dadi-bidad, bir də gördüm... Nə görsəm yaxşıdı? Xəstə? – yox! Kor? –yox ! Kar? - yox! Topal-çolaq? – yoox! Şil-küt? –yoox ! yoox! Yoooox! Bunların heç biri o an, orda gördüyümə çatmaz. Klinikanın düz qulağında, yolun düz ortasında luk!!! Bu kilinika bir ildi burda fəaliyyət göstərir, mən niyə bu luku görməmişəm, belə gərəkli, zəruri quyuya fikir verməmişəm?! Nə təhər olub nəzərimdən qaçıb? - Ədə!- Qardaşöğlunu çağırdım- Durma axşam düşən kimi get o lukun ağzını aç, qapağını da elə gizlət, çıraq ilə axtarsalar da , tapa bilməsinlər. Səhər it-qurd ayaqlaşmamış gətir yenidən yerinə qoy, növbəti axşam düşən kim yenə xəlvətcə götür gizlət...Gör, üzüaşağı sürətlə gedən maşınlar necə tappa-tap düşürlər luka!... Başı yarılan, ayağı sınan, alnı paralanan, huşunu itirən sürücü, sərnişin hara üz tutacaq? Yaxındakı klinikaya! Gecə ərzində o qədər qəza olacaq ki, müxtəlif dərəcəli xəsarət, alanları itinə tök. Dediyim kimi də elədik. Qardaşoğlu hər gecə luykun ağzını açdı, qapağı da aparıb çəpərin dibinə gizlətdi. Hər gecə xəstəxananın qəbul otağında növbə durdu. Çapıqları çatdırıb tikə bilmirdim, evdə iynə-sap qalmadı, hamısını klinikaya gətirdim. Gördüm, pasiyentlərin sayı günbəgün artır, bir nəfər cərrah, bir nəfər də sınıqçı gətirdim, muzdla işə qoydum.
Yolun o tayında bir dənə göyçək profilaktika-razval da açdım, oranı yeznəyə vermişəm, o işlədir, luka düşən maşınları təmir edir, yola salır ki, qayıdıb gələndə bir də luka düşsün. Bu minvalla bir müddət şad-xürrəm işlədik..lukun ağzı kimi cibimiz də açıqdı, pul sel kimi axıb gəlirdi. Həyat bala, bir damla da olsa zəhər qatmasa dincələ bilmir. İşimizin xod gedən vaxtında eyvana çıxdım ki, nəfəsimi dərim bir qullab siqaret çəkim. Özümdən asılı olmayaraq gözüm bərəkət quyusuna tərəf, yəni luka sarı qaçdı. Bir də görəm, iki nəfər yol xidmətinin əməkdaşı gəlib lukun qapağını gəzir. Xeyli axtardılar, tapa bilmədilər. Qardaşoğlunun gözünə dönüm, elə gizlətməmişdi ki, tapsınlar! Hə, tapa bilmədilər, çıxıb getdilər. Həmin gecə quyuya yeddi maşın düşdü. Ancaq yol xidmətinin işçiləri səhər yeni qapaq gətirib lukun ağzını bərk-bərk qapadılar. Şər qarışan kimi qardaşoğlu təzə qapağı da çırpışdırıb gizlətdi. Yol xidməti də yenisini gətirib luku yenə qapatdı. Qardaşoğlu hava qaralan kimi bunu da götürüb gizlətdi. Onlar yenə qapaq gətirib quyunun ağzına qoydular, qardaşoğlu yenə məqamında götürüb gizlətdi. Onlar da, inadlaşmış kimi yeni qapaq gətirib lukun ağzını bağladılar. Qardaşoğlu ( qadasınaldığım ) höcətləşdi axşam düşən kimi qapağı qoltuğuna vurub cinbat elədi. Yalan olmasın, üst-üstə yeddi-səkkiz qapaq yığıb. Yol xidməti gördü, olmur. Bu dəfə bicliyə əl atdı, luka təzə qapaq, yanına da bir nəfər gözətçi qoydu. Belə şey olar? Bunlar əməlli-başlı bizim biznesimizə pəl qatırlar, hər vəch ilə onun qarşısını almaq istəyirlər. Bunlara bir deyən yoxdu, ay qardaş, gedin işinizlə məşğul olun. Kişilərin yolunu niyə keçirsiniz? Biz sizin işinizə qarışırıq ki, bizim işimizə qarışırsınız?! Qoysanıza bir qismət halal çörəyimizi yeyək! Belə getsə kilinika bankrotlaşacaq. Odur ki, mən də bicliyə əl atmalı oldum. Bir nəfər ekstrasens-qipnozçu tapdım. Xüsusi ştat açıb işə qəbul elədim. Bunun işi nədən ibarətdi? Axşam düşən kimi gedir, yolun o tərəfində profilaktikanın qabağında durur.Ordan gözlərini zilləyir gözətçinin peysərinə. Onun beyninə təlqin edir ki, lukun qapağı yerindədi, ona dəyibdolaşan yoxdu. Həmin ara qardaşoğlu peyda olur, qapağı qoltuğuna vurub aradan çıxır. Səhərə yaxın gözətçi özünə gələndə, görür, lukun ağzı açıqdı, qapaq yoxdu.Aya qoyma! Qapağı apardılar! Çığır-bağır salır, amma artıq gec olur.Səhər yeni qapaq gələnə kimi beş-altı maşın profilaktikaya, on-on beş xəsarət almış adam isə klinikaya üz tutmalı olur.Axşam düşən kimi yenidən ekstrasens-qipnozçu yolun o tayında, qardaşoğlusa lukun yaxınlığında müntəzir durur. Gözətçi isə hər axşam əmindi ki, lukun qapağı yerindədi, ona dəyib-dolaşan yoxdu. Kimin suru yeridi? Onlarınki, yoxsa bizimki? Ağıl işlətsən, ölümdən başqa hər şeyin bir çarəsi var. Bunu ağzıaçıq luka düşən sürücülərlə sərnişinlər də yaxşı bilirlər.
Tarix: 08.06.2015 / 17:23 Müəllif: Aziza Baxılıb: 423 Bölmə: İmir Məmmədli