Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Motosikletli eşşək

Bərdə ətrafında məskunlaşmış köçkünlərdən bəzi ailələrin uşaqları Yuxarı Qarabağ kanalından balıq tutub satıb azuqə eləyirdilər.
Bir dəfə bir neçə uşaq Qarabağ kanalından balıq tutmaq istəyirmişlər. Sözləşiblər ki, tilovla tutmaqdan bir şey çıxmaz, tor qursunlar ki, əməlli-başlı qənimət olsun.
-Nə tor?!, — uşaqlardan biri etiraz eləyir, — ayrı şey fikirləşmək lazımdı. Toru gözləmək lazımdı. Gəlib iş üstündə tütarlar, qanımız gedər.
— Ayə, mən yaxşı bir üsul bilirəm, — o biri uşaq deyir, — suya tok (cərəyan) buraxırsan, balıqlar keyləşib qarnıüstə qalırlar – yığ ki yığasan!
Təklifi hamı bəyənir...

Bəs toku nəylə buraxsınlar? Generatorla. Generatoru hardan alsınlar? Bir saatlıq kirəyə götürsünlər. Bəs kanala nəylə aparsınlar? Əllərində ağır olar, taksi tutmaq da xatalıdı — polis duyuq düşər. Evrika!!! Generatoru qoyaq eşşəyin belinə, aparaq! Əla fikirdi! Özü də qara eşşəklə ki, gecə qara, cücə qara, — görən olmasın…

Ora eşşək, bura eşşək, o boyda Bərdədə eşşək qəhətə çıxır. Uşaqlar gedib yaxın kənddəki tanışlarına ağız açırlar.
— Vallah, eşşək özümə lazımdı, axşam isti sınan kimi bağdan ot daşıyacam, — tanışları deyir, — ordan bura yol ölçüb gəlmisiniz, naümid qaytarmaq istəmirəm sizi, istəyirsinizsə eşşəyin balasını verim, amma bir xahişim var – hələ balacadı, çox yük vurmayın.
— Qorxma, on kilodan artıq yük vurmarıq, — uşaqlar onu arxayın salıb sevinə-sevinə qoduğun başına çatı salıb dallarınca çəkib aparırlar. Gətirib bir kölgədə bağlayırlar ki, toran vuranda “hücuma” keçsinlər.

Gün əyilir, toran vurur. Uşaqlar generatoru qoduğun belinə qoyub ora-bura göz gəzdirə-gəzdirə oğrun-oğrun dallarınca çəkib aparırlar. Kanala çatıb generatoru qoduğun belindən düşürtmək istəyəndə uşaqlardan biri deyir:
-Qaqa, qulaq as, çaya tok buraxmaq iki saniyəlik işdi, bundan ötrü generatoru düşürdüb, bir də təzədən yükləməyə nə ehtiyac?! Qoduğu bir az çaya yaxın sür, şnurları sallayaq çaya, generatoru elə quduğun üstündə “xodlayaq”, vəssalam, sonra da tez söndürək.
Təklif hamının ağlına batır.

Generatorun ipini çəkib işə salan kimi tırıltıdan hürkmüş qoduq kanalboyu götürülür. Uşaqlar bir neçə dəqiqə key kimi durub arxasınca qatı tüstü buraxa-buraxa dızırıqlanıb qaçan qoduğun ardınca baxırlar, sonra onu tutmaq üçün dalınca qaçmağa başlayırlar. Həmin an qoduğun ağlından nə keçdiyini Allahdan başqa heç kim bilməz, amma qoduğun gah sağa, gah da sola qaçmasından belə qənaətə gəlmək olardı ki, yazıq heyvan arxasınca gələn maşından canını qurtarmaq üçün, riyaziyyatçılar demiş, sinisoidal trayektoriya üzrə hərəkətə üstünlük vermişdi.

Komediya bununla bitmir… Toranlıqda dalınca qatı qara tüstü buraxan qoduq gözlənilmədən qaçıb Bakı yoluna çıxır və tərslikdən asfaltın sol tərəfi ilə üzüyuxarı — Bakıya tərəf dördəm çapır.
gecə bunu gormus adamin halini təsəvvur edin!
Qoduqla üzbəüz gələn bir neçə yüngül maşın siqnal verib onu yoldan çıxarmaq istəsələr də alınmır, sürücülər məcbur olub qarşı yola çıxıb bu qəribə məxluqa yol verirlər. Hər dəfə də sürücülər tez maşından düşüb “başqa planetdən gələn” bu möcüzəli məxluqa tamaşa eləyirlər.

… Bakıdan yük gətirən Mirələsgər oğlu Ağanatiq (bu ad polisin protokolundandı) gözlərini ovub düz onun üstünə gələn tüstü buraxan turbo-qoduğun terrorçu əməli olduğunu düşünüb ZİL maşınının əyləcini dibinə qədər sıxır, amma maşının heyvanla labud toqquşmasından qorxub sukanı sağa burur… və ZİL yol qırağındakı xəndəyə düşüb yanıüstə çevrilir. Ağanatiq kişi ufuldaya-ufuldaya iməkləyib maşının sınıb tökülmüş qabaq şüşəsinin qalıqları arasından çıxır, durub ust-başını çırpır, kepkasını düzəldib kədərlə maşından tökülmüş yeşiklərə baxır.

“Reaktiv” qoduq isə yoldan çıxıb yaxınlıqdakı çəkillikdə gözdən itir...
Ərazi, həmişə olduğu kimi, bir an içində pulsuz tamaşa azarkeşləri ilə dolur. Qoduğu qovan uğursuz “balıqçılar” da gəlib çıxırlar.

— Əşi, bu nə təhər oldu? – toplaşanlardan biri Ağanatiq kişini dümsükləyir, — neçə ilin sürücüsüsən, bu düz yolda niyə maşını aşırmısan?!
— Əyləc tutmadı yəqin, hə? – başqa birisi soruşur...
Sual sual dalınca yağır, qanı it qanına dönmüş Ağanatiq kişi də eləcə çiyinlərini çəkib şirin Nardaran ləhcəsi ilə eyni cavabı verir:
-Nə bilim alə, nağafil bidənə motosklet uğuldiyə-uğuldiyə düz üstümə gəldü, qaçurtmağ istedüm, alınmadü, bələnçük yamaya düşdüm...

Polis də özünü yetirir. Sorğu-sual yenidən başlayır...
Ağanatıq kişi polisə də qəza şəraitinin motosikletçi tərəfindən yaradıldığını deyir. Polis protokol tərib eləyir və maşını xəndəkdən çəkib çıxartmaq üçün kran çağırır.

Bayaqdan camaata qarışıb səslərini içinə salıb susan “balıqçılar” xətanın onların başından sovuşduğunu görüb ürəklənirlər.
-Daydayı,- uşaqlardan biri Ağanatıq kişini yanlayır, — motosiklet yaponski idi? Yəqin “Kavasaki” idi, hə?
— Yox əşi, nə “Kavasaki”, “Honda” olardı, — o biri “balıqçı” atmacanın quyruğuna birini də qoşur.
-Bəklə “Suzuki” idi?! – üçüncü “balıqçı” Ağanatıq kişinin dinmədiyini görüb onu daha da cirnatmaq istəyir.
— Həri, həri, markasün yəxçü seçmədüm, digesön ələ siz degənlədən birü idi, — Ağanatiq kişi qır-saqqız olmuş uşaqlardan yaxa qurtarmaq üçün deyir.

Kran gəlir. Maşını qaldırıb düzəldirlər, sonra da çəkib yola çıxardırlar. Yerə tökülən yükün salamat qalmışlarını maşına yükləyirlər. Ağanatiq kişi mühərriki işə salır. Polis hər şeyin uğurla bitdiyini görüb çıxıb gedir.

“Balıqçılar”dan savayı toplaşanlar da dağılışır. Heç kəsin olmadığını görən uşaqlar Ağanatıq kişiyə yaxınlaşır:
-Daydayı, doğrudan sən qabaqdan gələnin motosiklet olmadığını görmədin? – deyə ondan ironiya ilə soruşurlar.
-Alə, — Ağanatıq kişi kepkasının dimdiyini yuxarı qaldırır, — bit-birə kimi nöş yapuşmusuz yaxamnən? Bəgəm mən motiskletnən əşşəgün fərğünü bilmirəm?! Siz bilən, mən polisə digəydüm ki, üstümə gələn əşşəgdü, özü də dalundan gurhagur ğapğarə tüstü buraxur, o mənə nə digərdü?! Deməzdü ki, ələ yekə kişisön, bu boyda maşunun barankasıni fırladırson, hələm bir rolun dalunda uyursan da?!!!


Tarix: 28.11.2014 / 18:23 Müəllif: Aziza Baxılıb: 134 Bölmə: Ümumi Letifeler
loading...