Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlişir Nəvainin lətifələri

Tanınmış şair və sufi ustadı Əlişir Nəvai (1441 — 1501) zəmanəsinin nüfuzlu hökmdarı Sultan Hüseyn Bayqaranın (1438 — 1506) sarayında vəzirlik edirmiş.
Bir gün sultan ondan soruşur ki, dünyanın harasında ağcaqanad yoxdur.
Nəvai deyir:
— İnsanın olmadığı yerdə.
Vəzirini pis vəziyyətdə qoymaq və yanıldığını ona isbatlamaq üçün sultan ona ata minib, şəhər kənarına gəzintiyə getməyi təklif edir. Ucqar bir yerə gəlib çıxırlar. Bir hovur dincəlmək üçün bulaq başında oturduqları zaman bir neçə ağcaqanadın vızıltısı sultanın zəhləsini tökür. Qanı qaralan Hüseyn Bayqara istehza ilə Nəvaidən soruşur:
— Bəs deyirdin insan olmayan yerdə ağcaqanadlara rastlanmır?
Əlişir Nəvai soyuqqanlı şəkildə cavab verir:
— Yoxsa biz insan deyilik?!

***

Nəvaini çətin vəziyyətə salmaq üçün daim girəvə gəzən Bayqara bir gün ona deyir ki, üç günün içində mənim üçün daşdan papaq tik. Nəvai heç tövrünü pozmadan bildirir:
— Bunda çətin heç nə yoxdur. Ancaq mənim söyüd külündən əyrilmiş bir yumaq ipə ehtiyacım olacaq. Onu təmin etsəniz, tələbinizi yerinə yetirərəm.
Hüseyn Bayqara cırnayır:
— Heç söyüd külündən də ip olar?! Birinci dəfədir eşidirəm.
Nəvai dillənir:
— Daşdan papaq olarsa, söyüd külündən ip niyə olmasın?!

***

Bir gün səfərdə ikən Hüseyn Bayqara ağac altında özünə yataq açdırır və uzanıb dincəlmək istəyir. Ancaq yorğan öz boyundan qısa olduğundan onu başına çəkəndə ayaqları, ayaqlarını örtəndə isə başı açıqda qalır. Bundan əsəbiləşən sultan Bayqara oradakı vəzir-vəkilini, əyanları və xidmətçiləri başına yığıb, əmr verir:
— Necə edirsiniz edin, yetər ki, bu yorğan başımla ayaqlarımı eyni dərəcədə örtsün.
Hamı sultanın başına yığışıb, bu məsələyə bir əncam çəkməyə çalışır. Bu vaxt onları yarıb, irəli çıxan Əlişir sultanın ayaqlarına zoğal çubuğuyla güclü bir zərbə vurur. Canının ağrısından ayaqlarını qarnına yığan sultan niyə belə etdiyini soruşur və Əlişirdən bu cavabı alır:
— Mən sizin mübarək əmrinizi yerinə yetirdim. Yoxsa sizinlə bir qəsd-qərəzliyim yoxdur ki! Əgər yorğan boyunuza uyğun deyilsə, onda siz ayaqlarınızı yorğanın boyuna görə uzatmalısınız. Vəssalam, şüdtamam!

***

Səfərə çıxacaqları gün sübh tezdən Sultan Bayqara Əlişir Nəvai ilə məzələnmək, ona sataşmaq fikrinə düşür. Bu məqsədlə kimsəni duyuq salmadan vəzirin atının saxlanıldığı tövləyə girir və zavallı heyvanın dodaqlarını kəsir. Həmin vaxt Nəvai oyaq olduğu üçün hənirti eşidir və məsələnin nə yerdə olduğunu öyrənir. O da əlüstü gedib, sultanın atının quyruğunu üzür.
Bundan xəbərsiz olan sultan Bayqara səfər vaxtı dönüb, kinayə ilə Nəvaidən soruşur:
— Atın niyə belə durmadan dişlərini ağardır?
Nəvai söz altda qalmır:
— Məncə, o, mindiyiniz atın kəsilən quyruğuna gülür!


Tarix: 28.11.2014 / 18:20 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Ümumi Letifeler
loading...