beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqların yay travmaları

Yay uşaqların ən sevimli fəslidir. Yayda doyunca qaçmaq, hoppanmaq, torpaqla oynamaq, ayaqyalın gəzmək üçün gözəl imkanlar var.

Lakin məhz yay aylarında valideynlər öz uşaqlarına qarşı çox diqqətli olmalıdırlar. Uşaqlar tez-tez yıxılır və nəticədə dərinin tamlığı pozulur - dəri sıyrılır, yara əmələ gəlir. Dəri orqanizmin qoruyucu təbəqəsidir. Bu təbəqənin tamlığı pozulduqda müxtəlif təhlükəli mikroblar orqanizmə asanlıqla daxil olurlar ki, bu nəticədə müxtəlif və bəzən çox ağır xəstəliklərə səbəb ola bilər.

Ölçüsündən və ağırlığından asılı olmayaraq yara mütləq dezinfeksiya olunmalıdır. Bunun üçün yara və ya sıyrıntı axar suyun altında sabunla yaxşı yuyulur, daha sonra üzərinə hidrogen peroksidi tökülür, yaranın qıraqlarına brilliant yaşılı ("zelyonka") və ya yod sürtülür.

Yara dərindirsə (xüsusilə şüşə ilə kəsilmiş, mismarla və s. iti əşya ilə deşilmiş yara), yaraya torpaq, qum, peyin, çirkli su düşübsə, dezinfeksiyadan dərhal sonra uşaq travmatoloqiya məntəqəsinə çatdırılmalıdır və həkim-travmatoloqun müayinəsindən keçməlidir. Məsələ burasındadır ki, belə yaralar çox ağır xəstəlik olan tetanusun inkişafına səbəb ola bilər.

Tetanus çox ağır infeksion xəstəlikdir. Bu xəstəliyi törədən bakteriya qumda, torpaqda, heyvanların ifrazatlarında, çirkli suda on illərlə yaşaya bilir. Bu səbəbdən tetanusa yoluxma təhlükəsi hər zaman yüksək olur.

Xəstəlik əksər hallarda hətta lazım olan müalicəyə baxmayaraq insanın ölümü ilə nəticələnir. Xəstəlik özünü ağır qıcolmalarla büruzə verir.

Bu ağır infeksiyanın profilaktikası məqsədi ilə uşaqlara "AKDS", "ADS" və ya İnfanriks peyvəndləri vurulur. Axırıncı vaksinasiyanın tarixindən başlayaraq 10 il ərzində uşaq tetanus infeksiyasından qorunmuş olur. Lakin hətta uşağınız lazım olan peyvəndləri alıbsa, yuxarıda sadalanan hallarda onu mütləq travmatoloqa göstərin.

Hal hazırda valideynlərin bir hissəsi peyvəndləri "zərərli" hesab edərək, onlardan imtina edir. Bu valideynlər bilməlidir ki, öz uşaqlarını böyük təhlükə altına salırlar.

Əgər travma almış uşaq peyvənd almayıbsa, ana bu haqda mütləq travmatoloqa məlumat verməlidir. Bu halda uşağa dərhal xüsusi tetanus əleyhinə zərdab və ya anatoksin (həkim seçim edir) vurulmalıdır.

Öz uşaqlarınıza qarşı diqqətli olun! Allah balalarımızı bəlalardan qorusun! Amin!


Tarix: 06.01.2015 / 16:21 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Valideynə məsləhət