Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqları psixoloji terrordan necə qoruyaq?

Bu gün teleekranda yayımlanan multfilmlərin böyük əksəriyyəti qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı, aqressiv planlı, təbiətdə analoqu olmayan qorxunc - ən yaxşı halda ifadəsiz sifətli naməlum personajların bol olduğu "ujas” filmləridir. Bu multfilmlər uşaq psixologiyasına olduqca böyük zərər verir.
Nəticələr ağırdır. Bugünkü uşaqların çoxu aqressiv, çətin tərbiyə olunan, psixoloji problemlərlə yüklənmiş uşaqlardır. Sizə çox ağır konkret fakt da deyə bilərəm- bir neçə ay əvvəl həmkarlarımızdan birinin 5 yaşlı qardaşı oğlu qəfildən psixi xəstəliyə düçar olub. Bütün günü qışqırır, qorxur, ağlayır, oranı-buranı dağıdır, başını divara çırpır, yemək yemir, yatmır və s.

Respublikanın görkəmli psixoloq və psixiatrları uşağa birmənalı olaraq eyni rəy verib - "ujas” multfilmləri izləmək nəticəsində beynin ağır dərəcəli psixi pozuntusu yaranıb. Müalicəsi demək olar ki, mümkün deyil.
Uşaqların film fondu üçün dünyanın 2 ən böyük animasiya isehsalçıları arasında seçim etmək lazım gəlir. Sovet və Amerika multfilmlərini müqayisə edəndə hər şey aydın olur. Dünyada ən məşhur multfilmlər olan "Nu Poqodi” və "Tom və Cerri”nin, eləcə də "Vinni Pux”, "Çəkməli Pişik” filmlərinin Sovet və Amerikan variantlarını müqayisə edəndə fərqi görmək olur.
Amerikan multflimlərinin böyük əksəriyyəti uşaqların psixologiyasına ciddi zərər vurur, onlara aqressivliyi, eqoizmi, özbaşınalığı təbliğ edir. Rusiyada aparılan bir araşdırmanın nəticələrinə görə, şiddət, qorxu məzmunlu film izləyən uşaqlar daha çox aqressiv olur, zərərli vərdişlərə can atırlar.
Müasir multiklərdə kadrlar həddən artıq sürətlə dəyişir, səslər çox dəhşətlidir, effektlər sürətlidir. Bu da uşaq beyninin qavrama sürətindən xeyli artıqdır. Nəticədə beyin pozğunluğu yaranır.
Üstəlik, müasir filmlərdə 24 kadrlıq videostandarta zorakı yerləşdirilmiş 25-ci kadrda beyinə müəyyən əmrlərin verildiyi də aşkar olunub. Onların birində, "Coca-Cola” şəkli verilib və altında "iç!” əmri yazılıb. Bu kadrı görməyən uşağın ürəyi o içkidən istəyir. 25-ci kadra daha dəhşətli əmrlər də yerləşdirmək mümkündür.
ABŞ-ın Sietl Uşaq Xəstəxanası Araşdırma İnstitutunun 330 uşaq üzərində apardığı araşdırmanın nəticələrinə görə, aqressiv süjet xettinə malik filmlərə baxan uşaqlarda hiylə, itaətsizlik, aqressivlik və vicdan əzabı çəkməmək kimi mənfi davranışların sıx müşahidə edildiyi ortaya çıxıb.
İndi televiziyalarda elə dəhşətli cizgi filmləri verilir ki, yaşlı adam o səhnələri görəndə bağrı yarılır. Əslində, amerikanlar azyaşlı uşaqlar üçün film çəkmirlər, o filmlər əsəbləri son dərəcə möhkəm olan azı 30 yaşlı insanlar üçündür. Bizdə isə, bu dəhşətli səhnələri körpələrə izlətdirirlər. Çünki anaları digər televizorda seriala baxır, ya da sosial şəbəkədə, çatda kiminləsə çənə vurur, "lijbi” uşaq onu narahat etməsin.
Sovet vaxtı çəkilən filmlər çox müsbət enerjili, xeyirxah, sülhsevər və düşündürücü süjet xəttinə malikdir. Belə multfimləri izləyən uşaqlarda insanlara, təbiətə qarşı humanist münasibət yaranır.
Düzdür, bu filmləri televiziyalar vermir, əksəriyyəti də satışda yoxdur. Lakin çıxış yolu var- internetdə xüsusi multfilm saytları var, youtube.com videoportalında da minlərlə multfilm var. Onları imkan və vaxt olduqca köçürüb diskə yazmaq olar. Bəzi disk mağazalarında Sovet multfilmlərinin kolleksiyasını tapmaq olur. Cəmi 1-2 manata 50-100 film.
Valideynlər uşaq filmlərini özləri seçməli, onlarla birlikdə baxmalı və baş verənləri şərh etməlidir. Uşağın gördüyü və eşitdiyi hər şey altşüura həkk olunur və bunların əsasında psixologiyası müəyyənləşir.
Uşaqların mənəvi-psixoloji tərbiyəsi cəmiyyətin gələcəyini müəyyən edən ən əsas faktordur. Bu istiqamətdə telekanalların üzərinə düşən iş o qədər də ağır deyil, sadəcə, düzgün film seçimi etmələri kifayətdir. AzTv-nin videotekasında milli cizgi filmlərinin hamısı var.


Tarix: 06.01.2015 / 14:13 Müəllif: Aziza Baxılıb: 99 Bölmə: Valideynə məsləhət
loading...