beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Travmatik beyin zədələnməsinin fəsadları

İnsanlarda belə bir fikir formalaşıb "uşaqlar yıxıla-yıxıla böyüyər”. Amma bu gün valideynlərimizin çoxu öz diqqətsizliyinin, etinadsızlığının əziyyətini çəkirlər. Uşaqlara qarşı məsuliyyətli olamamaq sonda beyin zədələnmələri ilə nəticələnə bilir. Beynin zədələnməsi başın hər hansı bir zərbə alması, yaxud bərk silkələnməsi nəticəsində beynin məruz qaldığı zədələnmə halını bildirir. Travmatik beyin zədələnməsi fərdin davranışları, hərəkətləri, düşüncələrini dəyişdirə bilir. Əgər uşaq məktəbə gedirsə dərs öyrənməkdə və davranışlarına nəzarət etməkdə çətinliklərlə özünü biruzə verir. Travmatik beyin zədələsi aşağıda sadalananların birində, yaxud çoxunda dəyişiklik yarada bilir:
- Düşünmək və fikir yürütmək;
- Sözləri anlamaq;
- Bir çox şeyləri yadda saxlamaq;
- Diqqətli olmaq;
- Problemləri həll etmək;
- Mücərrəd düşünmək;
- Danışmaq, davranmaq;
- Görmək və eşitmək;
- Öyrənmək;
- Yerimək;
- Fiziki fəaliyyətləri icra etmək.

Travmatik beyin zədələnməsi (TBZ) anlayışı anadangəlmə beyin zədələnməsi olan şəxslərə aid edilmir. Eləcə də, doğuş zamanı baş verən beyin zədələnmələri də nəzərdə tutulmur.
Beynin hansı kəskinlikdə, hansı nayihəsinin zədələnməsindən asılı olaraq fəsadlar müxtəlif şəkildə özünü göstərir. TBZ-si uşaqlarda əlilliklər, çətinliklər, davranış və emosional problemlərlə müşahidə olunur.

Fiziki əlilliklər.
TBZ-si olan uşaqlar danışan, baxan, dinləyən və yaxud digər duyğu orqanlarında istifadə edərkən problemlərlə üzləşirlər. Yorğunluq və baş ağrıları olur. İş prosesində əzələlər qəflətən sıxılıb gərilir. İflic olma hallarına da rast gəlinir.

Düşünməklə bağlı çətinliklər.
Beyin zədələnməyə məruz qaldığından uşağın öz beynindən istifadə bacarığı da dəyişikliyə uğrayaraq ümumən yayğınlıq halının baş verməsi ilə nəticələnir. Fikirlərini toplamaqda çətinlik çəkir, diqqətini yalnız qısa müddət ərzində cəmləyirlər. Başqaları ilə ünsiyyətdə problemlər yaşayırlar.

Davranış və emosional problemlər.
Əhval-ruhiyyədə dəyişikliklər, həyəcan və ruh düşkünlüyü kimi hallar bu problemlərin siyahısına daxil edilir. Emosiyalarına nəzarət etməyi bacarmayırlar. Məsələn, əsəbi olub çox gülə bilərlər. Travmatik beyin zədələnməsi olan uşaqlarda bu problemlərin hamısı olmaya da bilər. Vaxt ötürmədən və davamlı yardımın göstərilməsi uşağın sağalmasına çox yaxşı təsir edir. Bu yardım altında nəzərdə tutulan müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, tibbi məsləhət və xüsusi tədris proqramları ilə təmin olunmalıdır. Uşağın həyatında iştirak edən insanları-ailəsi, dostları, müəllimləri onun yeni vəziyyətinə uyğunlaşdırmaq lazımdır. Uşaqlarınızın əlilliyinin qəflətən və travmatik olaraq baş verdiyinə görə özünüzü günahlandırmaqdansa, bu çətinliklərin öhdəsindən gəlməyə ona kömək edin. Birgə səy nəticəsində müəyyən zaman daxilində böyük nailiyyətlər əldə edə bilərsiniz.


Tarix: 06.01.2015 / 15:40 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Valideynə məsləhət